Əsəbi olanda kim danışır - sən, yoxsa emosiyaların?
Bəzən belə düşünülür ki, insanın əsl siması onun əsəbi anlarında üzə çıxır. Sakit və nəzarətli olduğu vaxtlarda hər kəs özünü müəyyən qədər idarə edə bilir, amma qəzəb bu nəzarəti zəiflədir.
Elə buna görə də, bəzi insanlar kimisə tanımaq üçün onun gərgin vəziyyətdəki davranışlarına diqqət etməyi vacib sayır.
Onlara görə, məhz həmin an deyilən sözlər daha səmimi və gizlədilməmiş olur. Bu yanaşma cəmiyyətdə kifayət qədər yayılıb və tez-tez müzakirə mövzusuna çevrilir. Lakin bu fikrin nə dərəcədə doğru olduğu hər zaman birmənalı qarşılanmır.
Bu barədə Crossmedia.az-a açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanların emosional vəziyyətlərdə söylədikləri fikirlərin onların “əsl düşüncələri” olub-olmaması məsələsi psixologiyada birmənalı qəbul edilən bir yanaşma deyil:

"İnsan əsəbi, stressli və ya emosional gərginlik içində olduqda, onun davranış və nitqinə limbik sistem daha çox təsir edir, rasional düşünmə isə zəifləyir. Bu zaman deyilən sözlər daha çox ani emosional boşalma, daxili gərginliyin çıxışı və ya müdafiə mexanizmlərinin nəticəsi olur.
Yəni həmin fikirlər hər zaman insanın sabit, düşünülmüş və dəyərlərinə uyğun mövqeyini əks etdirmir. Əksinə, bir çox hallarda bu cür reaksiyalar situativ xarakter daşıyır və keçicidir.
Digər tərəfdən, psixoloji baxımdan doğrudur ki, insanın emosional vəziyyəti onun daxilindəki bəzi gizli narahatlıqları, yığılmış gərginliyi və ya ifadə olunmamış hissləri üzə çıxara bilər.
Lakin bu, o demək deyil ki, əsəb zamanı deyilən hər fikir onun “əsl kimliyi”nin və ya dərin düşüncələrinin tam və obyektiv ifadəsidir. Bu daha çox həmin insanın daxili konfliktlərinin, yorğunluğunun, stresinin və ya psixoloji yükünün göstəricisidir".
Psixoloq, həmçinin qeyd edib ki, sağlam yanaşma ondan ibarətdir ki, insanı yalnız bir emosional anına görə qiymətləndirməyək:
"Şəxsiyyətin real qiymətləndirilməsi onun uzunmüddətli davranışları, dəyərləri, münasibət qurma tərzi və sosial mühitdəki sabit reaksiyaları əsasında aparılmalıdır. Bir anlıq əsəb, aqressiya və ya sərt ifadələr insanın bütöv psixoloji portretini müəyyən etmir.
Eyni zamanda, bu cür hallara diqqət yetirmək də vacibdir. Əgər insan tez-tez nəzarətsiz emosional reaksiyalar verir, aqressiv ifadələrdən istifadə edir və sonradan bunu tənzimləyə bilmirsə, bu artıq psixoloji özünüidarə problemlərinin olduğunun göstəricisidir və peşəkar dəstək tələb edə bilər.
Ona görə də, əsəb zamanı deyilən sözləri nə tamamilə görməzdən gəlmək, nə də onları insanın dəyişməz mahiyyəti kimi qəbul etmək doğru yanaşmadır. Ən düzgün mövqe bu vəziyyətləri kontekst daxilində dəyərləndirmək, insanın ümumi davranış xəttini analiz etmək və emosional savadlılığı artırmağa yönəlməkdir".
Fatimə
09:32 26.03.2026
Oxunuş sayı: 121