Ana dilindən uzaq düşən uşaqlar - gələcəyimizi hansı təhlükə gözləyir?
Son illərdə bəzi valideynlər uşaqlarına öz ana dilimizi deyil, rus dilini öyrətməyi üstün tuturlar. Nəticədə uşaqlar Azərbaycanlı olduqları halda öz ana dilində danışa bilmirlər və gündəlik ünsiyyət üçün rus dilinə yönəlirlər.
Bu, yalnız dil bacarıqlarını zəiflətdirmir, eyni zamanda milli kimliyimizi sarsıdır və gələcəkdə Azərbaycan dilinin inkişafını ciddi təhlükə altına qoyur. Bu tendensiya həm uşaqların, həm də cəmiyyətin gələcəyi üçün böyük problem yaradır.
ADPU-nun filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bu barədə Crossmedia.az-a açıqlamasında valideynlərin öz övladlarına əcnəbi dildə təhsil verməsinin cəmiyyətimizdə problem olaraq qaldığını deyib:
"Əcnəbi dildə təhsil alınmasının tarixi XX əsrin əvvəllərinə gedib çıxır. XX əsrin əvvəllərində azərbaycanlı olan imkanlı ailələr öz uşaqlarına ərəb dilində, fars dilində təhsil verirdilər. Və bu proses Rusiyada da mövcud idi. Rusiyada zadəgan ailələr uşaqlarına fransızca təhsil verirdilər və onlar öz zadəganlığını göstərmək üçün evdə fransızca danışırdılar.

Amma bu ənənə bizdə bu gün də davam edir. Hazırkı dövrdə bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbi odur ki, yüksək vəzifələrdə çalışmaq üçün rus dili və ingilis dili bilgisi tələb olunur. Valideynlərdə bu cür düşüncə var ki, rus dili bilmədən gələcəkdə cəmiyyətdə mövqe qazanmaq çətin məsələdir.
Bəziləri bunu əsas götürüb uşaqlarını rus sektorlarına cəlb edirlər, rus dilində təhsil verməyə çalışırlar. Bunlar obyektiv səbəbdir. Subyektiv səbəbi yenə də prestij məqsədi daşıyır. Yəni, "qoy desinlər ki, filankəsin övladı rusca təhsil alır". Sadəcə bir görünüşdür".
E.Abışov məsələnin gələcəkdə törədəcəyi fəsadlara da toxunub:
"Alman dilçisi Vilhelm fon Humboldt yazırdı ki, xalqın ruhu onun dili, xalqın dili onun ruhudur. Bu o deməkdir ki, kim hansı dildə danışır, hansı dildə düşünürsə, onun ruhu da, varlığı da həmin xalqla bağlı olur. Bu mənada əcnəbi dildə təhsil almaq, öz dilindən uzaq düşmək bir növ milli ruhun aradan götürülməsi anlamına gəlir.
Ona görə, hər bir kəsin əcnəbi dil bilməsi, təhsil alması vacib məsələdir. Amma yaxşı olar ki, kiçik yaşlarından biz öz uşaqlarımıza ana dilində təhsil verək. Hər birimiz bilməliyik ki, milli ruhda böyümək üçün ana dildə təhsil almaq lazımdır. Kim hansı dildə təhsil alırsa, o dildə düşünür. Və bu da deməkdir ki, onun ruhu da, düşüncəsi də, varlığı da danışdığı xalqın dili ilə bağlı olur.
Məsələn, rus dilində danışırsa, deməli rusca düşünür, rusca danışır, ruhu da bir növ rus ruhu, rus düşüncəsidir. Bunu nəzərə alaraq, biz övladlarımıza, deməli, ana dilində təhsil verməliyik. Bu tendensiya bütün dünya xalqlarında gedir. Dünyanın inkişaf etmiş xalqları öz övladlarına ilk növbədə ana dilində təhsil verirlər, onları ana dilində tərbiyə edirlər. Sonrakı mərhələlərdə isə əcnəbi dillərin də öyrənilməsində bir problem yoxdur".
Fatimə Məmmədova
10:29 26.03.2026
Oxunuş sayı: 57