Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.
Bu barədə Crossmedia.az-a Bakı aeroportundan məlumat verilib.
Bildirilib ki, yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq. Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.
Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.
Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır. Bununla yanaşı, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də müntəzəm hava əlaqələri təmin olunacaq.
Uçuşlar AZAL, "Turkish Airlines", "Pegasus Airlines", "AJet", "Air Astana", "Uzbekistan Airways", "Wizz Air", "China Southern", "LOT Polish Airlines", "Lufthansa" və digər beynəlxalq aviadaşıyıcılar tərəfindən həyata keçiriləcək.
Yay mövsümündə səyahət tələbatının artacağını nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən bron etmələri tövsiyə olunur. Daha rahat və sürətli xidmət üçün onlayn qeydiyyat imkanlarından, eləcə də hava limanında mövcud olan özünüxidmət köşklərindən (Self Check-In və Self-Service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Sərnişinlərə, həmçinin səfərdən əvvəl uçuş cədvəlinin aktuallığını yoxlamaq və mümkün dəyişikliklərlə bağlı məlumatı birbaşa aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək tövsiyə edilir.
14:10 24.03.2026
Oxunuş sayı: 57