XƏBƏRDARLIQ: Ermənistan yenidən təxribata əl ata bilər
Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan tərəfindən Azərbaycan və Ermənistan şirkətləri arasında müəyyən məhsulun tədarükü ilə bağlı aparılan danışıqlar iki ölkə arasında iqtisadi təmasların mümkünlüyü ilə bağlı yeni müzakirələr yaradıb. Uzun müddətdir birbaşa ticarət əlaqələrinin mövcud olmadığı bir şəraitdə bu prosesin hansı marşrutla həyata keçiriləcəyi, eləcə də bunun gələcəkdə kommunikasiya xətlərinin açılması ilə bağlı hər hansı ilkin razılaşmanın göstəricisi olub-olmaması sual doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, hazırkı mərhələdə belə tədarükün həyata keçirilməsi daha çox üçüncü ölkə vasitəsilə mümkündür:
"Azərbaycan və Ermənistan arasında hələlik birbaşa kommunikasiyalar açılmayıb, dəmir yolu xətləri bərpa olunmayıb, avtomobil yolları birləşdirilməyib və sərhəd buraxılış məntəqələri fəaliyyət göstərmir. Bu səbəbdən mövcud reallıqda ticarət və ya tədarük əməliyyatlarının birbaşa deyil, alternativ marşrutlar üzərindən təşkil olunması ehtimalı daha yüksəkdir. Bu baxımdan hazırkı şəraitdə prosesin Gürcüstan vasitəsilə həyata keçirilməsi daha real görünür. Gələcək perspektivdə isə kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi çərçivəsində müvafiq infrastrukturun qurulması bu kimi məsələlərin həllinə imkan yarada bilər".

T. Abbaslı əlavə edib ki, ümumilikdə Ermənistanla iqtisadi və ticari əlaqələrin qurulması məsələsinə ehtiyatla yanaşır və bu əlaqələrin genişləndirilməsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Ermənistanla münasibətlərdə "sülh göstəricisi" kimi geniş iqtisadi inteqrasiyanın təşviq olunması və ya bu ölkəyə tranzit imkanlarının yaradılması mövqeyini bölüşmür: "Ermənistanın Azərbaycanla münasibətlərində səmimiyyətinə inanmıram. Bu ölkənin hazırkı mərhələdə əsas məqsədi çətin vəziyyətdən çıxmaqdır. Ermənistanın iqtisadi, siyasi və hərbi vəziyyəti müəyyən qədər yaxşılaşdıqdan sonra yenidən gərginliklərin yaranması ehtimalı qalır. Bu səbəbdən Azərbaycan tərəfindən "həddindən artıq sülhpərvər" yanaşmanın nümayiş etdirilməsinin tərəfdarı deyiləm. Ermənistanla əlaqələrin məhdud çərçivədə saxlanılmasını daha düzgün hesab edirəm. Maksimum diplomatik, lakin minimal praktiki iqtisadi əlaqələr modeli daha məqsədəuyğundur. Azərbaycanın öz ərazisini Ermənistan üçün geniş şəkildə açması, yaxud qarşılıqlı olaraq turist və ya məhsul axınının sərbəstləşdirilməsi düzgün deyil. Azərbaycan yalnız öz strateji ehtiyacları çərçivəsində, məsələn, Naxçıvana çıxış üçün Zəngəzur dəhlizi kimi məsələlərdə maraqlıdır, lakin geniş iqtisadi inteqrasiyanın tərəfdarı deyil".
Sonda T. Abbaslı Ermənistanla bağlı ümumi mövqeyini ifadə edərək bildirib ki, mövcud yanaşma Azərbaycanın milli maraqları baxımından daha məqbul sayılmalıdır və bu istiqamətdə verilən güzəştləri də məqsədəuyğun hesab etmir.
Nigar Yahyazadə
11:55 23.03.2026
Oxunuş sayı: 255