Deputatın fərqli yanaşması rezonans yaratdı: Valideyn övladını necə tərbiyə etməlidir?
Son dövrlərdə Milli Məclisdə müzakirə olunan qanunvericilik dəyişiklikləri cəmiyyətdə ailə institutunun mahiyyəti, valideyn məsuliyyəti və uşaqların tərbiyə olunma prinsipləri ilə bağlı geniş ictimai diskussiyalara səbəb olub. Xüsusilə deputat Nigar Arpadarai tərəfindən səsləndirilən fikirlər fonunda “psixoloji təsir” anlayışının sərhədləri, valideynlərin tətbiq etdiyi tərbiyə üsullarının hüquqi və sosial çərçivəsi, həmçinin uşağa qarşı davranışın hansı hallarda tərbiyə, hansı hallarda isə zorakılıq kimi qiymətləndirilməsi məsələsi aktuallaşıb.
Eyni zamanda, təklif edilən dəyişikliklər ailə münasibətlərinə dövlət müdaxiləsinin sərhədləri, ənənəvi dəyərlərlə müasir hüquqi yanaşmalar arasında balansın necə qorunacağı və bu cür tənzimləmələrin valideyn–uşaq münasibətlərinə potensial təsirləri ilə bağlı sualları da ön plana çıxarıb. Mövzu ətrafında formalaşan müzakirələr göstərir ki, məsələ yalnız hüquqi çərçivə ilə deyil, həm də sosial və psixoloji faktorların vəhdəti kontekstində qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Ləman Sayadova bildirib ki, tərbiyənin mahiyyəti uşağı idarə etmək deyil, ona özünü idarə etmə bacarığını aşılamaqdan ibarətdir.
O qeyd edib ki, sağlam tərbiyə modelində qaydalar qadağa vasitəsi kimi deyil, uşağın təhlükəsizliyi və inkişafı üçün istiqamətverici rol oynayır:
“Fikirlərimi ilkin olaraq tərbiyənin mahiyyəti haqqında danışaraq başlamaq istərdim. Tərbiyə, mahiyyət etibarilə, bildiyimiz kimi uşağı idarə etmək deyil, ona özünü idarə etmə bacarığını aşılamaqdır. Sağlam tərbiyə modelində də qeyd olunur ki, qaydalar qadağa vasitəsi olmamalıdır. Əksinə, uşağın təhlükəsizliyi və inkişafı üçün bələdçi rolunu oynamalıdır. Biz də şüurlu valideyn kimi nəyi, niyə etdiyimizi uşağa izah etməli, onun fərdi sərhədlərinə hörmət etməli, səhvləri isə cəza kimi deyil, öyrənmə fürsəti kimi dəyərləndirməliyik”.

Psixoloqun sözlərinə görə, psixoloji təzyiq tərbiyədən fərqli olaraq, uşağı qorxu, utanc və günahkarlıq hissi vasitəsilə idarə etməyə yönəlir. Onun fikrincə, bu yanaşma uşağın emosional inkişafına mənfi təsir göstərir:
“Psixoloji təzyiq isə bunun tam əksinə olaraq, uşağı qorxu, utanc və ya günahkarlıq hissi ilə manipulyasiya etməkdir. Belə ki, bəzən bəzi valideynlərin “sözümə baxmasan, səni sevməyəcəyəm” kimi ifadələr işlətdiyini eşidirik. Bu cür emosional şantajlar nəticəsində uşaq sadəcə sevgini itirməmək üçün itaətkar davranmağa məcbur olur. Bu yanaşma isə təbii ki, gələcəkdə uşağın özgüvəninin aşağı olmasına gətirib çıxarır. Belə uşaqlar daim başqalarının razılığını axtaran, qərar verməkdə çətinlik çəkən fərdlər kimi formalaşırlar”.
L. Sayadova əlavə edib ki, valideynlər bu incə sərhədi qorumaq üçün ilk növbədə öz emosional vəziyyətlərini və keçmiş travmalarını dəyərləndirməlidirlər. Onun sözlərinə görə, tərbiyə prosesində uşağın hisslərinin tanınması və düzgün istiqamətləndirilməsi mühüm əhəmiyyət daşıyır:
“Deyərdim ki, bu incə sərhədi aşmamaq üçün valideynlər ilk növbədə öz emosional vəziyyətlərini və keçmiş travmalarını təhlil etməlidirlər. Yəni boş yerə deyilmir ki, hər insan valideyn olmamalıdır. Əsl tərbiyə uşağın hisslərini susdurmaq deyil, əksinə, onları təsdiqləmək və emosiyalarını düzgün ifadə etmə yollarını ona öyrətməkdir. Məsələn, “sən pis uşaqsan” deyərək şəxsiyyəti hədəf almaq əvəzinə, ‘bu hərəkətim uyğun deyil’ deyərək davranışı tənqid etmək uşağın mənlik hissini zədələmədən ona doğru istiqamət göstərmiş olur”.
Psixoloq sonda qeyd edib ki, tərbiyə uşağın inkişafını dəstəkləyən bir proses olmalı, psixoloji təzyiq isə bundan fərqli olaraq onun psixoloji sabitliyinə zərər verə bilər: "Valideyn-övlad münasibətlərində əsas prinsip qarşılıqlı etimada əsaslanan ünsiyyət olmalıdır".
Qanunvericilik dəyişikliklərinin ailə institutuna sosial təsirlərini dəyərləndirmək üçün sosioloji yanaşmalar da diqqətə alınır. Sosioloq Əhməd Rəhmanov bildirib ki, müasir dövrdə valideynlərin üzləşdiyi sosial və iqtisadi şərtlər onların uşaqların tərbiyəsi prosesinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, valideynlərin vaxt baxımından məhdud olması və müxtəlif sosial məhdudiyyətlər ailədaxili münasibətlərdə müəyyən çətinliklər yaradır:

“Məsələ ondadır ki, bu günlərdə valideynin əl-qolunu müəyyən mənada bağlayan amillər də mövcuddur. Əgər valideyn gününün böyük hissəsini işdə keçirirsə və övlad baxımsız qalırsa, bu halda uşağın həm təhsili, həm də tərbiyəsi böyük ölçüdə internetin və mühitin təsirinə buraxılır. Digər tərəfdən, valideyni də müxtəlif qaydalar və məhdudiyyətlər sıxır: “bunu edə bilməzsən”, “onu etmək düzgün deyil”, “bu davranış qəbulolunan deyil” kimi yanaşmalar nəticəsində müəyyən bir çıxılmazlıq yaranır”.
Sosioloq qeyd edib ki, tərbiyə mexanizmləri tarixən müxtəlif yanaşmalar üzərində formalaşıb və bu gün də balanslı tətbiq tələb edir. Onun fikrincə, cəmiyyətdə mövcud alternativ mühitlərin məhdudluğu da uşaqların inkişafına təsir edən əsas faktorlardandır:
“Belə bir vəziyyətdə sual ortaya çıxır: valideyn uşağı hansı üsullarla tərbiyə etməlidir və cəzalandırma mexanizmi necə olmalıdır? Klassik yanaşmalarda “cəzalandırma və mükafatlandırma” prinsipi mövcuddur. Lakin psixologiyada da qeyd olunduğu kimi, bu yanaşmalar hər zaman eyni effektivliyi vermir və balanslı tətbiq tələb edir. Bu kontekstdə valideynin əlində qalan əsas təsir vasitələrindən biri də uşağın gündəlik həyatında mühüm rol oynayan internet və rəqəmsal mühitdir”.
Ə. Rəhmanovun sözlərinə görə, internetin məhdudlaşdırılması bəzən uşağı alternativ fəaliyyətlərə yönləndirə bilər, lakin bu imkanlar hər zaman yetərli olmur.
O bildirib ki, təhlükəsiz və əlçatan sosial mühitlərin azlığı uşaqların düzgün istiqamətdə inkişafına maneə yarada bilər.
Sosioloq əlavə edib ki, mövcud sosial-iqtisadi şərtlər ailə institutuna təsir edən əsas amillərdən biridir: "Məsələni yalnız valideynin üzərinə yükləmək düzgün yanaşma deyil. Əgər bu problemlər sistemli şəkildə aradan qaldırılmırsa, qəbul edilən hər hansı sərtləşdirici qanun və ya tənzimləmə ailə institutuna əlavə təzyiq kimi qəbul oluna bilər. Dövlət tərəfindən qəbul edilən hüquqi mexanizmlər tətbiq olunarkən sosial reallıqlar nəzərə alınmalıdır, yalnız cəzalandırma yönümlü yanaşmalar deyil, eyni zamanda sosial dəstək mexanizmlərinin gücləndirilməsi də vacibdir. Əgər məqsəd yalnız yükü ailənin üzərinə qoymaqdırsa, bu, uzunmüddətli və effektiv həll yolu hesab oluna bilməz. Kompleks yanaşma olmadan qəbul edilən qərarlar həm valideynlər üçün əlavə çətinliklər yarada, həm də ümumi sosial mühitdə gözlənilən nəticəni verməyə bilər".
Məsələnin hüquqi tərəfləri və qanunvericilikdə nəzərdə tutulan mexanizmlərlə bağlı vəkil Rafiq Alışovun mövqeyini öyrəndik. O, bildirib ki, mövcud qanunvericilikdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər müddəalar olsa da, əsas problem onların praktik tətbiqi ilə bağlıdır və bu sahədə qəbul olunacaq hər hansı yeni qanun təkbaşına mövcud problemləri həll edə bilməz:
“Nigar xanım tərəfindən qoyulan məsələ ilə qismən razıyam. Çünki burada qəbul olunacaq hər hansı bir qanun bu problemi təkbaşına həll etməyəcək. Bu problemlərin həlli üçün daha geniş miqyaslı qanunlara və eyni zamanda normativ mexanizmlərə ehtiyac var. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, xüsusən də uşaqlara qarşı psixoloji və fiziki zorakılıqla bağlı kifayət qədər qanunvericilik mövcuddur. Lakin bu qanunların real həyatda tətbiqi zəifdir”.

Vəkil qeyd edib ki, tərbiyə ilə zorakılıq arasındakı sərhəd mövzusu hüquqi müstəvidə artıq müəyyən olunub və valideynlərin məsuliyyəti qanunla tənzimlənir. Onun sözlərinə görə, valideynlər uşaqların inkişafına görə məsuliyyət daşıyır, lakin bu proses zorakılıq elementləri olmadan həyata keçirilməlidir:
“Tərbiyə ilə zorakılıq arasındakı sərhəd məsələsinin bu şəkildə qoyulması ilə razı deyiləm. Çünki hər bir halda Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Eyni zamanda uşaqlara qarşı istər valideyn, istərsə də digər şəxslər tərəfindən psixi və fiziki zorakılıq törədilməsi qanunla qadağandır. Valideynlərin uşaqlarını tərbiyə etmək hüququ vardır. Lakin bu tərbiyə zorakılıqla deyil, müxtəlif təsir vasitələri ilə həyata keçirilməlidir”.
R. Alışovun fikrincə, bu sahədə əsas diqqət maarifləndirmə, sosial dəstək və valideyn bacarıqlarının inkişafına yönəldilməlidir.
O, uşaq hüquqlarının qorunması istiqamətində dövlət siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, mövcud sosial problemlər yalnız qanunvericiliklə deyil, həm də institusional və praktiki mexanizmlərlə həll olunmalıdır:
“Bu baxımdan valideynlərin maarifləndirilməsi, onların psixi sağlamlığının gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması əsas istiqamətlərdən biri olmalıdır. Hazırkı vəziyyətdə ölkədə uşaq siyasətinin zəif olduğunu demək mümkündür. Uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət səviyyəsində görülən tədbirlərin kifayət qədər olmadığı müşahidə olunur”.
O, həmçinin sosial xidmətlərin gücləndirilməsinin, psixoloji və reabilitasiya mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd edib. Müsahubimizin sözlərinə görə, valideynlərin cərimələnməsi kimi mexanizmlər problemi köklü şəkildə həll etmir və daha çox kompleks yanaşma tələb olunur:
“Cərimə tətbiqi valideyni avtomatik olaraq dəyişdirmir və çox zaman mövcud problemləri aradan qaldırmaq əvəzinə, onları daha da gizli hala gətirə bilər. Ona görə də əsas diqqət sosial və psixoloji xidmətlərin inkişafına yönəldilməlidir. Valideynlər və uşaqlar bu sistemlər vasitəsilə dəstək almalı, zəruri hallarda reabilitasiya prosesinə cəlb olunmalıdır”.
Nigar Yahyazadə
12:07 23.03.2026
Oxunuş sayı: 250