İrandan İsrailə ağır zərbə: Tərəflər arasında kompromis ehtimalı azdır
İki zərbə, 140 yaralı
Müharibənin 23-cü günü, 22 martda İsrail münaqişənin başlanmasından bəri ən ağır hadisələrdən biri ilə üzləşdi. Axşam saatlarında İran raketləri ölkənin cənubunda iki şəhəri – Dimona və Aradı vurdu. Ümumilikdə təxminən 140 nəfər xəsarət aldı.
Arad rayonunda kütləvi sayda yaralıların olması ilə əlaqədar fövqəladə rejim tətbiq edildi. Beer-Şevadakı "Soroka" xəstəxanası tamamilə yaralıların qəbuluna keçirildi, bölgədəki bütün təcili yardım xidmətləri səfərbər edildi.
Nə baş verdi?
İrandan atılan ilk raket Dimonaya düşdü. Əvvəlcə bunun kasetli döyüş başlıqlı olduğu ehtimal edilsə də, sonrakı analizlər göstərdi ki, hədəf təxminən 250 kiloqramlıq döyüş başlığı daşıyan ballistik raket olub. Dağıntıların miqyası və yaralıların sayı partlayışın gücünün yüksək olduğunu təsdiq etdi.
İkinci zərbə Arada – köhnə yaşayış massivində, ultra-dindar ailələrin kompakt şəkildə yaşadığı əraziyə endirildi. 1960-cı illərdə tikilmiş evlər partlayış dalğası qarşısında son dərəcə həssas qaldı. Partlayışdan yaranan krater məhəllənin mərkəzində oldu, çoxlu sayda binanın divarları tamamilə dağıldı.
Şəbəkədə yayılan kadrlar Hava Hücumundan Müdafiə sisteminin tutucusunun raketin yanından keçdiyini, lakin onu vura bilmədiyini əks etdirirdi. Hadisə şahidlərindən birinin çəkdiyi video az qala onun həyatında sonuncu ola bilərdi – raket sanki onun həyətində partlamışdı.
Ölüm olmaması möcüzə kimi qiymətləndirilir
Zərbələrin ağırlığına baxmayaraq, ölən olmadı – bu, atəş zonasında çoxları tərəfindən əsl möcüzə kimi qiymətləndirildi. Lakin yaralıların sayı rekord həddə çatdı. Dimonadan 12 yaşlı oğlan və Araddan 4 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırıldılar.
Yaralıların əksəriyyəti sığınacaqlarda deyildi. Çoxları Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl etməmişdi. Sosial şəbəkələrdə insanların partlayış anında evlərində sakitcə yemək yediyi, pəncərə çərçivələrinin başlarının yanından uçub keçdiyi videolar yayıldı.
Dimonadakı nüvə mərkəzi haqqında xəbərlər
Dimona şəhəri İsrail nüvə mərkəzindən 15 kilometr aralıda yerləşir. Zərbədən sonra internet hədəfin nüvə obyekti olduğunu iddia edən xəbərlər və süni intellektlə yaradılmış videolarla doldu. Lakin mənbələr vurğulayır ki, nüvə mərkəzi güclü HHM sistemi ilə qorunur və birbaşa nüvə döyüş başlığının zərbəsinə tab gətirə bilən möhkəm sarkofaq altındadır. Bu halda hədəf məhz yaşayış massivi ola bilərdi, strateji obyekt deyil.
Təhqiqat və ordunun reaksiyası
İsrail Ordusunun mətbuat katibi Daniel Haqari təsdiqlədi ki, raketdən müdafiə sistemləri aktivləşdirilib, lakin raketi zərərsizləşdirə bilməyib. İlkin məlumata görə, Arada yarım tondan bir tona qədər döyüş başlığı daşıyan "Xorremşehr" raketi istifadə atılıb.
İran zərbələrin arealını genişləndirir
Eskalasiya fonunda İran öz raket arsenalının yeni imkanlarını nümayiş etdirir. 21 martda İran qüvvələri Hind okeanında yerləşən Amerika-Britanya hərbi bazası olan Dieqo-Qarsiya adasına iki raket atdı. Zərbənin ən yaxın nöqtəsindən məsafə 4000 kilometr təşkil etdi.
Bu o deməkdir ki, İran raketləri təkcə İsrail və Fars körfəzi ölkələrinə deyil, həm də bütün Avropaya, o cümlədən London, Paris, Berlin, Roma, həmçinin Mərkəzi Asiya ərazilərinə və Rusiyanın qərb hissəsinə çata bilir. Ballistik raketləri zərərsizləşdirmək üçün effektiv HHM sistemlərinə malik olmayan Avropa ölkələri son dərəcə həssas vəziyyətdədir.
Statistika: daha kimlər hədəf altındadırlar?
"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, müharibə başlayandan bəri İran Fars körfəzi ölkələrinə təxminən 5000, İsrailə isə 850 raket və pilotsuz uçuş aparatı zərbəsi endirib. Beləliklə, bütün hücumların 85 faizi qonşu ərəb dövlətlərinin payına düşüb.
Qətər, Səudiyyə Ərəbistanı və digər körfəz monarxiyalarına dəyən ziyan İsrailin dəydiyi ziyandan xeyli çoxdur..
Danışıqların şərtləri: tam uyğunsuzluq
Hərbi əməliyyatlar fonunda diplomatik təmaslar da aktivləşib. ABŞ İrana müharibəni dayandırmaq üçün altı şərt irəli sürüb:
1. Raket proqramına 5 il müddətinə qadağa.
2. Uranın sıfır səviyyədə zənginləşdirilməsi.
3. Nətanz, İsfahan və Fordo obyektlərində reaktorların istismardan çıxarılması.
4. Nüvə obyektləri üzərində ciddi xarici nəzarət qaydalarının tətbiqi.
5. ABŞ-ın zəmanəti altında region ölkələri ilə silahlara nəzarət müqaviləsinin imzalanması.
6. Proksi qüvvələrin – Livanda "Hizbullah", Yəməndə husilər, Qəzza və İordan çayının qərb sahilindəki terror qruplaşmalarının maliyyələşdirilməsinə qadağa.
İran cavab olaraq öz tələblərini irəli sürüb:
• Regionda Amerika bazalarının ləğvi.
• İrana vurulmuş ziyana görə kompensasiya.
• İranın nəzarəti altında Hörmüz boğazında yeni hüquqi rejimin qurulması.
• "İrana düşmən" olan məmurların həbsi.
• ABŞ tərəfindən hücum etməmək zəmanəti.
Hər iki mövqe tamamilə uyğunsuzluğu diplomatik həll perspektivini olduqca qeyri-mümkün edir.
Trampdan ultimatum
ABŞ prezidenti Donald Tramp son çıxışında İrana ultimatum verdi: əgər 48 saat ərzində Hörmüz boğazı açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək. Potensial hədəflər arasında Tehranın cənub-şərqində yerləşən və ölkədə elektrik enerjisi istehsalının təxminən 4 faizini təmin edən "Damovan" elektrik stansiyası da var.
Buna cavab olaraq İran Yaxın Şərqdə suyu duzsuzlaşdıran qurğuları məhv etməklə hədələyib. Regionda dünyanın duzsuzlaşdırma gücünün təxminən yarısı cəmləşib və bir çox ölkələr üçün bu, yeganə içməli su mənbəyidir. Bu obyektlərə zərbə misli görünməmiş miqyasda humanitar böhran yaradacaq.
İran strategiyası: müharibənin dəyərini artırmaq
İran ABŞ və İsrail üzərində hərbi qələbə qazanmaq imkanına malik olmayacağını bildiyindən, münaqişənin qiymətini artırmaq strategiyasını seçib. Fars körfəzi ölkələrinin neft infrastrukturuna, yaşayış massivlərinə zərbələr, duzsuzlaşdırma qurğularını məhv etmək təhdidi – bütün bunlar ABŞ və onun müttəfiqləri üçün müharibənin davamını çox baha etməyə yönəlib.
Sual budur ki, Vaşinqton buna necə reaksiya verəcək. İranın enerji infrastrukturuna zərbələr endiriləcək, yoxsa hazırkı eskalasiya danışıqlar masasına qayıtmazdan əvvəl sonuncu addım olacaq? Tərəflərin barışmaz mövqelərini nəzərə alsaq, kompromis ehtimalı az görünür..
Politoloq, professor Əlimusa İbrahimov
13:09 23.03.2026
Oxunuş sayı: 113