İranın gələcəyi: qalib, parçalanma, yoxsa başqa ssenari?
Fransa Prezidenti Emanuel Makronun İranın nüvə silahına sahib olmamasını regionda sülhün əsas şərti kimi təqdim etməsi Yaxın Şərqdə təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu yanaşma ilk baxışdan beynəlxalq təhlükəsizlik prinsiplərinə uyğun görünsə də, məsələnin daha dərin geosiyasi və iqtisadi tərəfləri də diqqətdən kənarda qalmır.
Məsələ burasındadır ki, İranın nüvə silahı əldə etməsi ehtimalı uzun illərdir beynəlxalq ictimaiyyət üçün əsas narahatlıq mövzularından biridir.
Lakin regionda sabitliyin pozulmasının yeganə səbəbi kimi yalnız bu faktorun göstərilməsi birmənalı qarşılanmır. Çünki Yaxın Şərqdə münaqişələrin kökündə həm geosiyasi rəqabət, həm enerji maraqları, həm də böyük güclərin təsir uğrunda mübarizəsi dayanır.
Bu kontekstdə Fransanın bu cür açıqlamalarının arxasında duran maraqlar da xüsusi diqqət çəkir. Parisin regionda nüvə balansını qorumaqla yanaşı, enerji layihələrində iştirakını genişləndirmək, silah bazarındakı mövqeyini gücləndirmək və diplomatik təsir imkanlarını artırmaq istəyi istisna edilmir.
Bəs doğrudanmı İranın nüvə silahına sahib olmaması Yaxın Şərqdə sülhün əsas şərtidir, yoxsa bu yanaşma daha çox böyük güclərin maraqlarını əks etdirən siyasi tezis kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib:

"Ümumiyyətlə, mövcud konflikt uzanır və böyük ehtimalla daha da uzanacaq. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, təxminən iki gün əvvəl Donald Tramp belə bir açıqlama verdi: “Qırx ildir bəslədiyimiz NATO ölkələri bizi bu münaqişədə tək qoydu. Bu, onların dostluq sınağı idi və onlar bu sınaqdan keçmədilər”. Bu kimi bəyanatlar onun mövqeyini açıq şəkildə ortaya qoyur.
Mən düşünmürəm ki, Emanuel Makron bu məsələdə hər hansı ciddi rol oynaya bilər. Nə üçün? Baxın, münaqişə başladığı gündən bu günə qədər vaxtilə İranla ABŞ arasında nüvə məsələsində dialoq platforması kimi çıxış edən Avropa ölkələrinin heç biri prosesə yaxın durmadı. Bu artıq ayrıca müzakirə mövzusudur.
Digər tərəfdən qeyd etmək lazımdır ki, Fransanın, xüsusilə Makron hakimiyyəti dövründə, bu kimi münaqişələrin həlli üçün nə yetərli təcrübəsi, nə də effektiv təzyiq və vasitəçilik mexanizmləri mövcuddur. Açıq desək, bu istiqamətdə ciddi mövqe ortaya qoymaq cəsarəti də görünmür.
Ümumiyyətlə, müasir dünyada baş verən hadisələrə baxdıqda Fransanın real vasitəçilik missiyasının olmadığını görürük. Uzağa getməyə ehtiyac yoxdur, Azərbaycanın timsalında da biz bunu müşahidə etmişik. Fransa əksər hallarda tərəfkeş mövqe sərgiləyib. Eyni vəziyyət İran məsələsində də özünü göstərə bilər. Hansı tərəfi dəstəkləyəcəyi isə indidən qəti demək çətindir.
Düşünmürəm ki, Fransa nə tam şəkildə İranı, nə də tam şəkildə ABŞ və İsraili dəstəkləsin. Çünki məsələn, İsrailə açıq dəstək verəcəyi halda, Səudiyyə Ərəbistan ilə enerji və xüsusilə, atom elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq imkanlarını itirə bilər. Bu isə Fransanın regiondakı maraqlarına ciddi zərbədir.
Qeyd etdiyim “atom elektrik stansiyaları” məsələsi də məhz Fransanın Yaxın Şərqdə həyata keçirmək istədiyi layihələrlə bağlıdır. Digər tərəfdən, Yaxın Şərqdə nüvə silahının olmaması avtomatik olaraq sabitliyin təmin olunacağı anlamına gəlmir. Bu yanaşma sadəlövhdür. Regionda çox ciddi və dərin problemlər mövcuddur və bunların mərkəzində də Iran dayanır.
Bir qədər detallı izah edim ki, oxucu üçün daha aydın olsun. İran İslam Respublikası qurulduğu gündən bu günə qədər əslində ciddi nailiyyətlər əldə edib və edə də bilərdi. Lakin mövcud potensialından daha yüksək səviyyədə istifadə etmək imkanı var idi.
Əgər ölkəyə daxil olan resurslar – o cümlədən, dünya üzrə şiə müsəlmanların verdiyi zəkatlar və digər maliyyə axınları – daxili rifahın yüksəldilməsinə yönəldilsəydi, İran bu vəziyyətə düşməzdi.
Əvəzində isə bu resursların böyük hissəsi Yaxın Şərqdə – Fələstin, Livan, İraq, Suriya və zamanında Yəməndə – proksi qüvvələrin yaradılmasına yönəldildi. Bu proses çox vaxt məzhəb faktorunun “örtüyü” altında həyata keçirilirdi".
Ekspert qeyd edib ki, bəzən bu siyasət “islam birliyi” və ya “vəhdət” adı ilə təqdim olunurdu, lakin islam dünyası bunu birmənalı şəkildə qəbul etmədi:
"Açıq demək lazımdır ki, İranın hazırda etdiyi addımlar müəyyən mənada “son mərc” təsiri bağışlayır. Ya bu prosesdən güclənərək çıxacaq, ya da ciddi itkilərlə üzləşəcək. Lakin mən düşünmürəm ki, İran qalib gəlsə belə, bu, tam və geniş mənada qələbə olacaq.
Digər tərəfdən, ABŞ-İsrail tandeminin ilkin gözləntiləri də özünü doğrultmadı. Onlar hesab edirdilər ki, hərbi zərbələrdən sonra İran daxilində ciddi etirazlar başlayacaq və bu, hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Lakin bu baş vermədi. Bəli, ayrı-ayrı fiqurların hədəf alınması, müəyyən siyasi dəyişikliklər mümkündür – məsələn, Əli Xamenei ailəsinə qarşı təhdidlər, yaxud digər siyasi fiqurların aradan götürülməsi kimi iddialar gündəmə gələ bilər. Hətta Mahmud Əhmədnecat kimi şəxslərin yenidən ön plana çıxması ehtimalı da istisna deyil.
Bütün bunların fonunda İranın qarşısında iki əsas ssenari görünür: ya daha radikal və militarist bir dövlətə çevriləcək, ya da daxili zəifləmə nəticəsində parçalanma riski ilə üzləşəcək. Hazırkı mərhələdə üçüncü bir real çıxış yolu görünmür".
Ayhan
14:56 18.03.2026
Oxunuş sayı: 1511