ABŞ İranda nə edəcəyini bilmir: Pəhləvilər hakimiyyətə gələcək?
ABŞ və İsrailin İrana qarşı müharibədə vahid, konkret planının olmaması, qarşıdakı proseslərin qeyri-müəyyənliyini artırır. Belə bir vəziyyətdə müharibənin uzanması ehtimalı yüksəkdir, çünki hədəflərin dəqiq müəyyən edilməməsi və konkret strategiyanın olmaması tərəflərin hərəkətlərini tənzimləyə bilmir. Eyni zamanda, planın olmaması müharibənin nə vaxt sona çatacağını proqnozlaşdırmağı çətinləşdirir; vaxt və nəticələr yalnız hadisələrin gedişatına, tərəflərin siyasət və strateji qərarlarına bağlı olaraq müəyyənləşəcək. Bu baxımdan, hazırda mövcud şəraitdə münaqişənin yaxın perspektivdə nə zaman yekunlaşacağı barədə dəqiq proqnoz vermək mümkün deyil.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:

"Vahid planın olmaması müharibənin uzanmasına səbəb ola bilər və eyni zamanda tez bir zamanda bitməsini də qeyri-müəyyən edir. Çünki konkret vaxt müəyyən etmək mümkün deyil. Ümumiyyətlə, belə düşünürəm ki, ABŞ və İsrail İranda tam olaraq hədəflərini müəyyənləşdirməyiblər, yəni onların bu müharibəni aparmaq məqsədi nədir, hansı halda müharibəni bitirəcəklər, hansı halda isə uzanacaq, bununla bağlı konkret bir plan görünmür. ABŞ Prezidenti Donald Tramp tərəfindən müharibə ilə bağlı bir sıra ciddiyyətli açıqlamalar verilməsinə baxmayaraq, hələ də aydınlıq yoxdur. Məsələn, əvvəlcə İranın parçalanması məsələləri müzakirə olunurdu, daha sonra rejim dəyişiklikləri də gündəmə gəldi. Rza Pəhləvi ilə test görüşləri keçirilirdi; görüşləri əsasən İsrail təşkil edirdi, ABŞ isə bir neçə dəfə təşəbbüs göstərmişdi. Yeri gəlmişkən, hesab edirəm ki, İsrail hələ də Pəhləviləri hakimiyyətə gətirmək və İranda konsistensiyalı monarxik quruluş yaratmaq niyyətindədir. Ancaq ABŞ bunu qəbul etmir, çünki ABŞ uzun perspektivli düşünür və İran xalqının qəbul etmədiyi bir şəxsi hakimiyyətə gətirməyin legitimlik problemi yaradacağını anlayır. Məsələn, Əfqanıstanda Danoluşan hadisəsi baş vermişdir: ABŞ Talibanı devirdikdən sonra Həmət Kərzayini hakimiyyətə gətirdi, amma Kərzayinin legitimliyi olmaması sonradan onun uzaqlaşdırılmasına gətirib çıxardı. Eyni vəziyyəti İranda yaşamaq istəmirlər. Buna görə də Pəhləvilərlə ABŞ razılığa gəlməyəcək".
Politoloq əlavə edib ki, digər tərəfdən, ABŞ İranda rejim daxilindən danışıqlar apara biləcək bir şəxsin hakimiyyətə gəlməsini arzulayır: "Burada əsas sual budur: rejimi devirməkmi, İranı parçalamaqmı, yoxsa mövcud rejimi yola gətirməkdir? Bu məsələlər hələ açıq qalır. Yalnız bildiyimiz odur ki, ABŞ İranın nüvə silahına tam çıxışını məhdudlaşdırmaq istəyir. İranın əlində zənginləşdirilmiş uranı var və bunun gələcəyi ilə bağlı ciddi mübahisələr mövcuddur. Bəzən deyilir ki, uran tamamilə İranda qalsın, ABŞ-nin, daha doğrusu, Beynəlxalq Birliyin nəzarəti altında enerji məqsədlərinə yönəlsin, yəni nüvə silahına çevrilməsin. Bəziləri deyir ki, uranın bir hissəsi saxlanılsın, qalan hissəsi təhvil verilsin, bəziləri isə onu tamamilə təhvil verməyi təklif edir. Üçüncü məsələ isə İranın proksilərə dəstək verməsi ilə bağlıdır: bu proksilərin gələcəyi necə olacaq? Bundan əlavə, İranın son zamanlarda ciddi önəm verdiyi uzaq mənzilli raket proqramının taleyi də müzakirə mövzusudur. Çünki İran buna böyük sərmayə qoyub. Bütün bunlar ciddi müzakirə mövzularıdır, amma görünür ki, açıq plan yoxdur, hədəf aydın deyil. Bu isə gələcək danışıqların nəticələrindən asılı olaraq aydınlaşacaq. Yəni, İranın yeni rəhbərliyi ilə ABŞ arasında ehtimal ki, ciddi bazarlıq və danışıqlar gedəcək".
Ayhan
09:24 12.03.2026
Oxunuş sayı: 66