Yaxın Şərqdə müharibə genişlənir: İsrail quru əməliyyatlarına başlaya bilər
Yaxın Şərqdə gərginlik yenidən artmaqdadır. İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda Hizbullahın hərbi infrastrukturunu hədəf alan "məhdud" quru əməliyyatına başlaması bölgədə yeni eskalasiya ehtimalını gündəmə gətirib. Bu addımın Hizbullahı zəiflətmək üçün yetərli olub-olmayacağı və ya Yaxın Şərqi daha geniş və uzunmüddətli regional müharibəyə sürükləyib-sürükləməyəcəyi əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun əməkdaşı, dosent Şölət Zeynalov Crossmedia.az-a açıqlama verib:
"Təbii ki, Hizbullah ciddi bir problemdir. Acaq düşünmürəm ki, məhdud quru əməliyyatı ilə İsrail ordusu onun axırına çıxa bilsin. Sadəcə bu, həm də müharibə alovunu daha da artıra bilər. Müharibənin uzanması labüddür, Hizbullah təşkilatını bir əməliyyatla yox etmək, fikrimcə, mümkün deyil. Yaxın Şərqdə problemi eskalasiya ilə həll etmək əslində yeni problem yaratmaqdır".
Ekspert qeyd edib ki, İsrail Ordusu bu əməliyyatın aparılmasını ölkəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlayır: "İsrail tərəfi əməliyyat zamanı Hizbullah qruplaşması üzvlərinin Livan ərazisində aşkarlanması və məhv edilməsi məqsədilə Livanın cənubunda məhdud əməliyyatla çıxış etdiyini bəyan edir. Ancaq bunun tam alınması mümkün olacaqmı? Bu sualın cavabı birmənalı mümkün olmasa da, əməliyyat müəyyən uğur qazana bilər. Ancaq problem həll olunmayacaq. Geniş müharibə riski arta bilər. Hərbi qüvvələrin Livan ərazisinə daxil olmadan əvvəl isə Hizbullah qruplaşmasının çoxlu obyektlərinin İsrailin hərbi hava qüvvələrinin dəqiq zərbələri ilə vurulması, quruda əməliyyata ciddi imkan və dəstək yaradır. Bu əməliyyatı İsrail rəsmiləri ölkənin müdafiə mövqelərinin möhkəmləndirilməsi və şimal hissəsinin müdafiə səviyyəsinin daha təhlükəsiz təmin edilməsi ilə izah edirlər".
Ş.Zeynalov sonda onu da qeyd edib ki, eskalasiyanın genişlənməsi təkcə Yaxın Şərqə iqtisadi, siyasi, humanitar risklər və fəlakətlər gətirmir, həm də dünya üçün yeni enerji və ərzaq böhranı yarada bilər: "Bunun qarşısını almaq üçün əvvəlcə əməliyyatlar dayandırılmalı və dialoq mühiti üçün cəhdlər olmalıdır. Təssüf ki, yaxın zamanda böyük dialoq mühitinin yaranması mümkün görünmür ki, bu da ciddi problemdir. Əlavə olaraq, İsrailin əsas hədəfi Hizbullahın lideridir".
Nigar Yahyazadə
17:13 11.03.2026
Oxunuş sayı: 50