İran nüvə silahı istehsal etmək fikrində deyil, amma... -RƏY
İran-ABŞ münasibətləri pik həddə çatmağa doğru gedir. ABŞ müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset İranın yeni ali lideri Moctəba Xameneinin nüvə silahı hazırlamaq planlarından imtina etməli olduğunu bildirib. Bu gərginlik iki ölkə arasındakı əsas mübahisə mövzusunu- nüvə proqramını önə çıxarır. Diplomatik danışıqların əhəmiyyəti indi daha da artır. İranın reaksiyası və bundan sonra atacağı addımlar həm regional, həm də qlobal geosiyasətə ciddi təsir göstərəcək.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Səxavət Məmməd ABŞ-nin İranla bağlı səsləndirdiyi fikirlərin bir-birinə zidd olduğunu vurğulayıb: "Məsələn, 12 günlük toqquşmanın sonunda ABŞ tərəfi İranı bombaladı və bildirdi ki, artıq İranın nüvə potensialını sıradan çıxarıb, məhv edib. Bu müharibə başlayandan sonra ABŞ prezidenti Donald Tramp bildirir ki, biz əməliyyata başlamasaydıq, iki gün sonra İran nüvə silahı əldə edəcəkdi. Bu qədərmi bəsitdir?"
Ekspertin sözlərinə görə, İran tərəfi dəfələrlə bəyan edib ki, nüvənin zənginləşdirilməsində məqsədləri yalnız dinc üsullar üçün münasibdir: "Bununla bağlı hətta İranın ali dini lideri fətva da vermişdi ki, İran nüvə silahı əldə edə bilməz, çünki bu kütləvi qırğın silahıdır və dini baxımdan qadağandır. Mövqelərin dəfələrlə yayılması nəticəsində açıq şəkildə göstərilib ki, İran nüvə silahı istehsal etmək fikrində deyil. Bütün bunlara rəğmən, ABŞ ləngiyəcəyi təqdirsə İranın nüvə silahı əldə edəcəyini bəyan edib. Hər ölkəyə başqa adla girildiyi kimi, İrana da bu bəhanə ilə daxil olmağa çalışırlar. İran üçün maraqlıdır ki, demokratiya aparmaq istədiyi yerlərdən neft çıxır".
Fatimə
15:31 11.03.2026
Oxunuş sayı: 55