İran hərbi qüvvələrini hazır vəziyyətə gətirib – ABŞ-ın müdaxiləsi təhlükəlidir
ABŞ ilə İran arasında artan gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ-nin mümkün hərbi müdaxiləsi ilə bağlı səslənən açıqlamalar tərəflər arasında qarşılıqlı mesajların verilməsinə səbəb olur. İran rəsmiləri isə belə ssenarilərə hazır olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, artıq İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı bu mövzu ilə bağlı ABŞ-nin CBS televiziya kanalına verdiyi müsahibəyə münasibət bildirib.
Aparıcının sualı belə olub ki, əgər ABŞ quru əməliyyatlarına başlasa, siz nə edəcəksiniz? O isə cavabında bildirib ki, biz onları gözləyirik, gəlsinlər. Hətta istehzalı şəkildə qeyd edib ki, “biz onlardan qorxmuruq və bu proseslərin hamısına hazırıq. İstənilən variantda cavab verəcəyik”.
Politoloq hesab edir ki, ABŞ-nin hazırkı administrasiyası bu vəziyyətdə demək olar ki, özünü bir növ girov vəziyyətinə salıb. Onun sözlərinə görə, Amerikanı bu məsələlərə cəlb edən İsrailin baş naziri Benyamin Netanyahu olub:
"Beynəlxalq mətbuatda da bununla bağlı şərhlər verilir ki, kompromatların üzə çıxmaması üçün Netanyahu şantaj vasitəsilə ABŞ-nin bu prosesdə iştirakına nail olmağa çalışır.

Bundan əvvəl Donald Tramp sosial şəbəkə hesablarında bir neçə dəfə yazmışdı ki, Netanyahu ağılsızlıq edir və çalışır ki, İran məsələsini mənim əlimlə həll etsin. Mənə isə bu lazım deyil. İndi isə görürük ki, Tramp bu məsələdə o qədər sıxılıb ki, artıq məsuliyyətdən kənarda qala bilmədi və İsraillə birlikdə bu əməliyyatlarda iştirak etməyə razılıq verdi.
Bu, həm də Trampın Venesueladakı uğuru – əgər buna uğur demək olarsa – ilə bağlı ola bilər.
Ola bilsin ki, o düşünür ki, İranda da oxşar addım ataraq müdaxilə edib neft qiymətlərinə təsir göstərə və bununla siyasi dividentlər qazana bilər. Amma İran nə Venesuela, nə İraq, nə Liviya, nə də Əfqanıstandır. Hətta Əfqanıstanda da ABŞ məğlub oldu. Digər ölkələrdə əldə edilən qələbələr də kifayət qədər mübahisəlidir. Yəni belə addım uğurdan çox geriləmə gətirə bilər.
ABŞ-də həm Senatda, həm də Konqresdə radikal mövqedə olan siyasətçilər var və onlar hesab edirlər ki, ABŞ bu prosesə qatılıb İrana dərs verməlidir. Amma onlar reallıqdan uzaqdırlar. Çünki İranın müdafiə potensialı kifayət qədər güclüdür. Söhbət yalnız raketlərdən getmir, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu da güclü qüvvədir. Bu struktur 1980-ci illərdə yaradılıb və xalq arasından çıxan fəalları birləşdirir. Onlar İran-İraq müharibəsində də öz bacarıqlarını göstəriblər”.
Politoloqun sözlərinə görə, ABŞ-nin quru qoşunlarını İrana yeritməsi böyük fəsadlara səbəb ola bilər:
“İranlılar güclü desant birləşmələri hazırlayıblar, xüsusi təyinatlı qüvvələrinin sayı kifayət qədər çoxdur və onlar illərdir bu proseslərə hazırlaşırlar. Əgər ABŞ həqiqətən də İrana müdaxilə edib hərbi əməliyyat keçirməyə cəhd etsə, bu, çox riskli variant olacaq. İranın hazırlıq səviyyəsi yüksəkdir.
Digər tərəfdən, ABŞ hərbi qüvvələri texnoloji baxımdan güclü olsa da, döyüş bacarığı baxımından o qədər də üstün deyil.
Bu, əbəs məsələdir. Radikal mövqedən çıxış edən senatorlar və konqresmenlər Trampı buna sövq etsələr, bu, ABŞ üçün böyük biabırçılıqla nəticələnə bilər. Hətta qarşıdan gələn seçkilərdə də bunun təsiri görünə bilər. Belə olan halda isə Trampın impiçment məsələsi yenidən gündəmə gələ bilər və demokratlar bu şansı əldən verməzlər”.
Fatimə Məmmədova
15:08 11.03.2026
Oxunuş sayı: 68