Niyə bizi sevənləri yox, bizi sevməyənləri düşünürük? – Psixoloqdan izah
İnsan ürəyi bəzən ən gözlənilməz yollarla hərəkət edir. Maraqlısı budur ki, bəzən bizi həqiqətən sevən insanlara qarşı soyuq, bəzən isə nifrət dolu hisslər bəsləyirik.
Eyni zamanda, bizi sevməyən, ya da bəyənməyən insanlara qarşı isə paradoksal şəkildə daha çox bağlılıq və yaxınlıq hissi keçiririk.
Psixoloji baxımdan bu, insanın daxili qoruma instinkti və özünü dəyərli hiss etmək ehtiyacı ilə bağlıdır. Biz tez-tez qarşısındakının kim olduğunu anlamadan, ona daha çox enerji və diqqət yönəldirik, onu bəyənməsək də onun varlığı bizdə xüsusi bir təsir yaradır. İnsan ruhunun bu paradoksal və mürəkkəb təbiəti, münasibətlərdə baş verən anlaşılmaz və bəzən ağrılı emosiyaların mənbəyini izah edir.
Psixoloq Aysu Həsənova bu barədə Crossmedia.az-a danışıb.

O qeyd edib ki, bəzən insanın zehni maraqlı bir paradoks yaradır: bizi sevən, anlayan, dəyər verən insan sakit bir liman kimidir:
"Amma qəribə şəkildə zehin daha çox fırtınanı xatırlayır. Ona görə də, bəzən insan ona yaxşı davrananı deyil, onu yoranı düşünür.
Psixoloji baxımdan bunun bir neçə səbəbi var.
İnsan beyni natamam qalan hekayələri tamamlamağa meyllidir. Bizə dəyər verən insanın münasibəti aydındır və orada sual işarəsi yoxdur. Amma bizi sevib-sevmədiyi bəlli olmayan biri zehində “niyə?” sualını yaradır. Bu sual isə zehni uzun müddət məşğul edir. Çünki insan psixikası qeyri-müəyyənliyi həll etməyə çalışır.
Digər tərəfdən, burada emosional təsdiq ehtiyacı da rol oynayır. Sevməyən və ya uzaq davranan bir insanın diqqətini qazanmaq bəzən şüuraltında “öz dəyərimi sübut etməliyəm” hissini yaradır.
İnsan bəzən qarşı tərəfi deyil, əslində öz dəyər hissini qazanmağa çalışır. Ona görə də həmin insanın kiçik bir diqqəti belə daha güclü təsir edir. Bir başqa incə nüans da var hansı ki tanış emosiyalar".
A.Həsənova əlavə edib ki, əgər insan həyatının əvvəlki dövrlərində sevgi ilə birlikdə bir az məsafə, soyuqluq və ya çətinlik görübsə, şüuraltı bunu “tanış sevgi forması” kimi qəbul edə bilər:
"Belə olanda rahat və sakit sevgi bəzən insana darıxdırıcı, hətta qəribə görünə bilər. Amma zamanla insan başa düşür ki, sevgi həmişə gərginlik yaratmalı deyil. Bəzən ən sağlam sevgi insanı yormayan, əksinə sakitləşdirən sevgidir. Və insan öz emosional ehtiyaclarını daha yaxşı tanıdıqca, artıq onu incidən münasibətə deyil, ona yaxşı gələn münasibətə yönəlməyi öyrənir".
Fatimə Məmmədova
13:11 11.03.2026
Oxunuş sayı: 61