Xaçmazda 16 yaşlı yeniyetmə anasını öldürdü - qətli ChatGPT ilə planlaşdırıb
Xaçmazda baş verən faciəli hadisədə 16 yaşlı yeniyetmə anasını 15 bıçaq zərbəsi ilə öldürüb. Hadisədən öncə gənc anasının “TikTok” yazışmalarını görüb və cinayət planı ilə bağlı “ChatGPT” ilə söhbət edib.
Hadisədən sonra yeniyetmə peşman olduğunu ifadə edib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında psixoloq Ləman Sayadova bildirib ki, virtual dünya yeniyetmələr üçün bəzən ailənin belə bilmədiyi, onların daxili dünyasında baş verən proseslərin ifadə olunduğu bir məkan rolunu oynayır.
Onun sözlərinə görə, belə mühit yeniyetmələrin mühakimə olunmadan dinlənilmə ehtiyacını saxta şəkildə qarşılayır və nəticədə onları real sosial münasibətlərdən uzaqlaşdıra bilər.

"Texnologiya nə qədər inkişaf etmiş olsa da, insan psixikasının qaranlıq tərəfləri üçün həm sığınacaq, həm də tətikləyici amilə çevrilə bilir. Məhz bu hadisədə süni intellekt yeniyetmə üçün müəyyən mənada tətikləyici rol oynayıb", - deyə, psixoloq vurğulayıb.
Psixoloq həmçinin yeniyetməlik dövründə beyin inkişafının tamamlanmamış olmasının da rol oynadığını qeyd edib:
"Prefrontal korteks hələ tam formalaşmadığından, gənclər emosional təsirlərə daha açıq olur. Bu bioloji natamamlıq süni intellektlə qarşılıqlı təsir zamanı təhlükəli katalizator rolunu oynaya bilər".
Süni intellektin mühakimə etməyən və neytral görünən bir "güzgü" kimi qəbul olunduğunu bildirən psixoloq bunun nəticəsində yeniyetmənin vicdan səsi və sosial məsuliyyət hissinin arxa plana keçə biləcəyini bildirib.
Belə hallarda hətta ağır cinayət aktları belə texniki tapşırıq kimi qəbul edilə bilər. Psixoloq məsuliyyətin diffuziyası prosesinə də diqqət çəkib: "Gənc öz hərəkətinə görə məsuliyyəti sanki məsləhət aldığı proqramla bölüşürmüş kimi hiss edir və bu da mənəvi yükünü azaltmış olur".
Empatiyanın zəifləməsi də hadisənin psixoloji səbəbləri arasında göstərilib.
L.Sayadova əlavə edib ki, yeniyetmənin anasının yazışmalarını görməsi güclü emosional sarsıntı yaratmış, qəzəb, xəyanət hissi və özünə hörmətin zədələnməsi kimi reaksiyalar doğurmuşdur. Süni intellektdən aldığı təsdiq xarakterli mesajlar isə bu emosional gərginliyi təhlükəli istiqamətə yönəldə bilər.
Psixoloq valideynlərə tövsiyə edib ki, ailə daxilində açıq və etibarlı ünsiyyət mühiti formalaşdırsınlar.
"Uşaqları kiçik yaşlardan dinləmək və fikirlərinə hörmətlə yanaşmaq vacibdir. Belə olduqda gənclər çətin vəziyyətlərlə qarşılaşdıqda ilk növbədə valideynlərinə müraciət edər, anonim platformalara yönəlməzlər", - deyə Ləman Sayadova bildirib.
Məsələnin sosial tərəflərinə də nəzər saldıq.
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov bildirib ki, belə halların artması cəmiyyətin sosial strukturundakı dəyişikliklərin və zəifliyin əlaməti ola bilər.

"Məsələ ondadır ki, bu artıq həyəcan təbilidir. Sovet dövründə biz qapalı bir cəmiyyətdə yaşamışıq. Burada insanlar əsasən qohumluğa daha çox meylli idilər. Hər hansı bir iş görərkən məsləhət almaq üçün əvvəlcə qohuma müraciət edirdik, sonra başqasına. Son otuz ildə cəmiyyət bu formatda öz qüvvəsini itirib və yerini dolduracaq yeni mexanizm barədə heç kim zəmanət verə bilmir", – deyə sosioloq bildirib.
O əlavə edib ki, bu gün ailə strukturlarındakı çatışmazlığın yerini sosial şəbəkələr və internet doldurur, amma bunun günahını texnologiyada axtarmaq düzgün deyil:
"Hər bir elm və texnologiya yaranan gündən iki istiqamətə xidmət edir: insanların xeyrinə və zərərinə. Məsələn, bıçaq sadəcə alətdir, çörək kəsmək üçün istifadə edirik, amma kimsə adam öldürürsə, günah bıçağın deyil, insanın üzərinə düşür.
Eyni məntiqlə, sosial şəbəkələr və internet də neytral alətdir. Onları pis işə yönəldən insanlar məsuliyyət daşıyır. Təəssüf ki, hazırda cəmiyyətimiz bərbad vəziyyətdədir və bu şəraitdə texnologiyanın mənfi istifadəsi daha çox görünür".
Nigar Yahyazadə
14:36 11.03.2026
Oxunuş sayı: 149