Deputat: Azərbaycanda süni intelektin yaratdığı əlavə dəyər ölçülmür
Azərbaycanda süni intelektin yaratdığı əlavə dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
"Yaxşı olardı ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi süni intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən konkret nəticələri qeyd edərdi. Süni intelektdən və yaxud rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və yaxud rəqəmsal həllər hesabına əldə edilməsinin də hesablanmasına ehtiyac var. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4,7 milyard ABŞ dolları qiymətləndirilir. 2035-ci ilə qədər bu rəqəmin 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatında süni intelekt daha çox dəqiq əkinçilik, avtomatlaşdırma, dron analitikası və heyvandarlığın monitorinqində tətbiq olunur: "Dəqiq əkinçiliyə gübrələrin və pestisidlərin dəyişkən nisbətdə nəzərə alınmaqla süni intellektin idarə etdiyi sahəyə xas bitkilərin seçilməsi daxildir. Avtomalaşdırma işçi qüvvəsi çatışmazlığını aradan qaldırır. Dronlar məhsulun monitorinqi, sahə təhlili üçün geniş istifadə olunur və bu da onları süni intellekt tətbiqinin əsas hissəsinə çevirir. Heyvandarlqda süni intellekt heyvanların sağlamlığını, davranışını və qidalanmasını izləmək, rifahı və məhsuldarlığı artırmaq üçün istifadə olunur. Göründüyü kimi, süni intellektdən aqrar sektorda istifadə imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin artmasına səbəb ola bilər".
Deputat həmçinin deyib ki, hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır: "İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri ilə 715 min vətəndaşımız məşğuldur. Məşğul əhalinin 35,4 %-nin kənd təsərrüfatında çalışmasına baxmayaraq bu sektorun ÜDM-də payı cəmi 5,9 %-dir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır".
"Süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır. Məsələn, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 %-ə qədər, Rusiyada 5 %, Polşada isə 6 %, ekosistemi yaxın olan Qazaxıstanda 11 %, Türkiyədə 14 %-dir. Niderlanda məşğul əhalinin 2 %-i kənd təsərrüfatında çalışsa da 2025-ci ildə bu ölkənin aqrar ixracının dəyəri 137,5 milyard avro olub. Məşğul əhalinin 1/3-dən çoxunun çalışdığı Azərbaycanda isə ötən il aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 1,3 milyard ABŞ dolları olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir", - deyə V.Bayramov çıxışını yekunlaşdırıb.
13:33 11.03.2026
Oxunuş sayı: 63