Maliyyə qurumları qazansa da, vətəndaşlar itirir: Bahalaşma gözlənilir
Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər fonunda neftin qiymətində ciddi dalğalanmalar yaranır. Dünya bazarlarında qiymətlərin artması isə enerji ixracatçısı olan ölkələrin gəlirləri ilə bağlı yeni gözləntilər formalaşdırır. Bu kontekstdə Azərbaycanın da neft satışından əldə etdiyi gəlirlərin cari ildə artacağı ilə bağlı ehtimallar səsləndirilir. Bəs mövcud bazar şəraitində bu proqnozlar nə dərəcədə realdır və neft qiymətlərindəki dalğalanmalar Azərbaycanın enerji gəlirlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-a açıqlama verib:

"Hazırda Azərbaycanın neft gəlirlərinin dinamikası ilə bağlı proqnozlar vermək kifayət qədər çətindir. Belə ki, qısa müddətli dövrdə müharibə fonunda dünya bazarlarında neftin qiymətində artım müşahidə olunub və bu, gündəlik gəlirlərdə müəyyən artıma səbəb olub.
Nəzərə almaq lazımdır ki, Azərbaycan dünya bazarlarına gündə orta hesabla təxminən 450–500 min barrel neft təqdim edir. Neftin qiymətinin hər 1 dollar artması ölkə üçün gündəlik olaraq 450–500 min dollar əlavə gəlir deməkdir. Mövcud qiymətlərə nəzər salsaq, Azərbaycan hökumətinin büdcə hesablamalarında əsas götürdüyü 65 dollarlıq səviyyədən təxminən 25 dollar daha yüksək qiymət formalaşıb. Bu isə gündəlik olaraq təxminən 12–12,5 milyon dollar, aylıq isə təxminən 400 milyon dollara yaxın əlavə vəsaitin ölkəyə daxil olması deməkdir.
Təbii ki, burada hasilatın pay bölgüsü mövcuddur və tərəflər arasında bölüşdürülür. Bu gəlirin bir hissəsi Azərbaycana məxsusdur və xərclər çıxıldıqdan sonra qalan vəsait bölüşdürülür. Həmin vəsaitin müəyyən hissəsi isə Dövlət Neft Fonduna transfer olunur. Bu səbəbdən mövcud konyunktur şəraitində Dövlət Neft Fondunun gəlirlərində qısa müddətli dövrdə — bir neçə gün və ya həftə ərzində artım dinamikası müşahidə oluna bilər.
Lakin indiki şəraitdə konyunktur kifayət qədər mürəkkəbdir və proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Əgər yaxın müddətdə müharibə başa çatarsa — hansı ki, son günlər bazarlarda bu istiqamətdə mesajların qiymətlərə təsir etdiyini müşahidə edirik — bu halda neftin qiymətində kəskin ucuzlaşma baş verə bilər. Hətta qiymətlərin 60 dolların altına, təxminən 55 dollara qədər enməsi istiqamətində təzyiq yarana bilər.
Belə bir ssenari o halda mümkündür ki, ABŞ bu konfliktdə hansısa formada qalib tərəf kimi çıxış etsin və ya ABŞ vasitəçiliyi ilə İsrail və İran arasında müəyyən razılaşdırılmış model əsasında müharibə başa çatsın. Bu halda İran neftinə tətbiq olunan sanksiyaların aradan qaldırılması ehtimalı yarana bilər. İran neftinin dünya bazarına qayıtması isə qiymətlərin aşağı düşməsi istiqamətində ciddi təzyiq formalaşdıra bilər.
Bu vəziyyət ilin böyük hissəsini əhatə edərsə, Azərbaycan əslində bugünkü qısa müddətli qiymət artımına baxmayaraq, orta müddətli və illik təsirlər baxımından daha az neft gəliri əldə edə bilər.
Əksinə, əgər proses uzanarsa və müharibə daha geniş coğrafiyaya yayılarsa, eskalasiya meylləri güclənərsə, Hörmüz boğazının istifadəsində məhdudiyyətlər yaranarsa və ya Fars körfəzi regionunda neft infrastrukturuna zərbələr artarsa, bu halda qiymətlər kəskin şəkildə yüksələ bilər. Belə bir ssenaridə bir barrel neftin qiymətinin 150 dollara, hətta bəzi hallarda 200 dollara qədər yüksəlməsi ehtimalı da istisna deyil.
Yəni bütün bunlar prosesin nə qədər davam etməsindən və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Bu halda, təbii ki, Azərbaycanın neft gəlirlərində də artım müşahidə oluna bilər.
Bununla belə, qeyd etmək lazımdır ki, hazırda regionumuzda baş verən və ciddi humanitar problemlərə səbəb olan belə bir konflikt fonunda Azərbaycanın neft gəlirlərinin artması məsələsini xüsusi vurğulamaq və ya bundan danışmaq o qədər də etik hesab olunmur. Bu, Azərbaycanın maraqlarına uyğun yanaşma deyil.
Doğrudur, neft qiymətlərinin artması fonunda müəyyən qurumlar — məsələn, Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti və dövlət büdcəsini maliyyələşdirən bəzi strukturlar müəyyən maliyyə faydaları əldə edə bilər. Lakin nəzərə almaq lazımdır ki, dünya bazarlarında neftin qiymətinin 70–80 dollardan yuxarı qalxması qlobal inflyasiyanı sürətləndirən əsas amillərdən biridir.
Bu isə dolayısı ilə ölkənin istehlak bazarına da təsir göstərir və nəticədə Azərbaycanda hər bir vətəndaşın istehlak etdiyi mal və xidmətlərin qiymətinin bahalaşmasına gətirib çıxarır. Beləliklə, bir neçə maliyyə qurumunun müəyyən qədər fayda əldə etməsi qarşılığında, əslində 10 milyon Azərbaycan vətəndaşı qiymət artımının mənfi təsirlərini hiss edən tərəfə çevrilir.
Bu baxımdan həm hadisələrin gələcək inkişafını dəqiq proqnozlaşdırmaq çətindir, həm də mövcud humanitar problemlər fonunda məsələyə yalnız iqtisadi qazanc prizmasından yanaşmaq düzgün və etik hesab edilmir".
Ayhan
09:46 11.03.2026
Oxunuş sayı: 54