ABŞ və İran atəşkəs və nüvə razılaşmasına yaxınlaşıbr
ABŞ və İran atəşkəsin 60 gün müddətinə uzadılması və İranın nüvə proqramı üzrə danışıqların bərpasını nəzərdə tutan ilkin razılaşma mətni üzrə razılığa gəliblər. Lakin Tehran hələlik sənədə yekun təsdiqini verməyib.
Crossmedia.az "Axios" nəşrinə istinadən xəbər verir ki, memorandumda Hörmüz boğazının tranzit rüsumları olmadan açılması və İranın razılaşma şərtlərinə əməl etməsi müqabilində ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması nəzərdə tutulur. Eyni zamanda, BMT müfəttişlərinin nəzarəti altında İranın uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması variantı da müzakirə predmetidir.
Bildirilir ki, sənəd İranda ən yüksək səviyyələrdə ilkin olaraq qəbul edilib, lakin ölkənin ali rəhbərliyi yekun qərar verməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran tərəfinin hələ yekun mövqe bildirmədiyini açıqlayıb.
İran rəsmisi isə razılaşma mətninin əsas bəndləri üzrə geniş konsensusun əldə olunduğunu təsdiqləyib və müəyyən texniki detalların hələ də müzakirə olunduğunu bildirib. Rəsmi Vaşinqtonun mövqeyindəki dəyişkənlik səbəbindən prosesdə müəyyən gecikmələrin yaşandığı qeyd olunur.
12:28 12.06.2026
Oxunuş sayı: 44