İqtisadi əməkdaşlıq modeli
Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasları göstərdi ki, Azərbaycan artıq təkcə enerji ehtiyatlarına malik ölkə deyil. Ölkə eyni zamanda regional və qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayan aktora çevrilib.
Tədbirdə çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev
son illərdə əldə olunan nailiyyətləri sadalamaqla kifayətlənməyərək, dəyişən
qlobal enerji sistemində Azərbaycanın yerini geniş və strateji baxışla təqdim
etdi. Cənub Qaz Dəhlizi artıq on ildən çoxdur ki, Avrasiya enerji xəritəsinin əsas
sütunlarından biri sayılır. Lakin builki toplantı əvvəlkilərdən fərqli bir şəraitdə
keçirildi. Dünyada geosiyasi qarşıdurmaların artması, enerji bazarlarında
qeyri-sabitliyin güclənməsi və enerji tələbatının yüksəlməsi yeni reallıq
formalaşdırıb. Cənab Prezident çıxışında bu məqamı xatırladaraq qeyd etdi:
“Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin
və problemlərin şahidi oluruq.” Bu fikir yalnız vəziyyətin təsviri deyil, həm də
mühüm siyasi mesaj idi: mürəkkəb dövrdə etibarlı tərəfdaş olmaq ən böyük
üstünlükdür.
Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir və bu göstərici
ölkəni boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz çatdıran əsas təchizatçılardan
birinə çevirib. Bu nəticə yalnız iqtisadi uğur deyil, eyni zamanda diplomatik
nailiyyət kimi də qiymətləndirilir. Azərbaycan qazının ilk dəfə Suriyaya
çatdırılması xüsusi diqqət doğurur. Bu addım göstərir ki, enerji ixracı artıq
yalnız kommersiya çərçivəsində deyil, həm də regional sabitlik və sosial
inkişaf baxımından əhəmiyyət daşıyır. Dövlət başçısının sözləri ilə desək:
“Elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil.” 1,5 milyard
kubmetr qaz tədarükü ilə Azərbaycan Yaxın Şərqdə enerji təhlükəsizliyinin güclənməsinə
töhfə verir. Eyni zamanda Almaniya və Avstriya kimi sənaye baxımından güclü ölkələrə
ixracın başlanması Azərbaycanın Avropa enerji bazarında mövqelərinin daha da
möhkəmləndiyini göstərir.
Bununla yanaşı, enerji ixracının artmasının müəyyən məhdudiyyətləri
də mövcuddur. Dövlət başçısı bu barədə açıq şəkildə bildirərək vurğuladı: “Biz
bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı
qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını
araşdırırıq.” Bu fikir göstərir ki, növbəti mərhələdə əsas diqqət yeni
infrastruktur layihələrinin inkişafına yönələcək. Yaxın illərdə Azəri-Çıraq-Günəşli
yataqlarının dərin qaz laylarının işlənməsi, Abşeron qaz yatağı və Ümid qaz
yatağı kimi yataqların inkişafı, eləcə də Şahdəniz qaz yatağınin növbəti mərhələsinin
həyata keçirilməsi ölkənin enerji hasilatını daha da genişləndirəcək. Gözlənilir
ki, əlavə 10–15 milyard kubmetr qaz hasilatı Azərbaycanın ixrac imkanlarını
artıracaq. Bu artım daxili iqtisadiyyat üçün də mühüm əhəmiyyət daşıyır. Çünki
qaz yalnız ixrac üçün deyil, eyni zamanda sənayeləşmə prosesinin və ölkənin
enerji balansının əsas komponentlərindən biridir.
Son illərdə qlobal enerji gündəliyində bərpaolunan
enerji mənbələri xüsusi yer tutur. Azərbaycan da bu sahədə konkret layihələr həyata
keçirir. 240 meqavat gücündə külək elektrik stansiyası və 230 meqavat gücündə
günəş elektrik stansiyası artıq reallaşmış layihələrdir. Cənab Prezident İlham
Əliyev bu məsələyə diqqət çəkərək vurğuladı: “Bunlar sadəcə anlaşma
memorandumları deyil, real müqavilələrdir.” 2032-ci ilə qədər 6–8 giqavat həcmində
alternativ enerji istehsalının planlaşdırılması yalnız daxili tələbatın ödənilməsini
deyil, həm də gələcəkdə enerji ixracını nəzərdə tutur. Qara dənizin dibi ilə
Avropaya çəkilməsi planlaşdırılan enerji kabeli və Mərkəzi Asiya ilə enerji
bağlantıları Azərbaycanın tranzit rolunu yeni mərhələyə çıxarır.
Cənab Prezident eyni zamanda enerji keçidi məsələsində
ideoloji yanaşmadan daha çox realist mövqenin vacibliyini qeyd etdi: “Biz bu məsələyə
ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm və realizm baxımından
yanaşmalıyıq.”Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə kimi
deyil, həm də beynəlxalq enerji layihələrinə sərmayə yatıran investor dövlət
kimi çıxış edir. Türkiyədə böyük elektrik stansiyasının alınması, Serbiyada
yeni layihələrin həyata keçirilməsi və İtaliyada neftayırma müəssisələrinin əldə
olunması bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma göstərir ki, enerji təhlükəsizliyi
yalnız hasilatla deyil, həm də istehsal, emal və paylama zəncirinin bütün mərhələlərində
iştirak etməklə təmin olunur. Martın 3-də Bakıda verilən mesaj olduqca
aydındır: enerji siyasəti emosiyalar əsasında deyil, strateji hesablanmış qərarlar
üzərində qurulur. Azərbaycan bir tərəfdən zəngin qaz ehtiyatlarına əsaslanır,
digər tərəfdən isə yaşıl enerji sahəsinə böyük sərmayələr yönəldir. Ölkə həm
Avropa bazarında mövqelərini genişləndirir, həm də Yaxın Şərq istiqamətində
yeni enerji əməkdaşlıqları durur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı
14:12 10.03.2026
Oxunuş sayı: 37