İrana qarşı əməliyyatlar nə vaxtadək davam edəcək? - Açıqlandı
Son dövrlərdə Yaxın Şərqdə gərginlik getdikcə artmaqda davam edir və regionda baş verən hərbi əməliyyatlar beynəlxalq diqqət mərkəzindədir. Hazırkı vəziyyət göstərir ki, ABŞ və İsrail bir-birini dəstəkləyərək koordinasiyalı əməliyyatlar həyata keçirir, bunun üçün həm siyasi, həm də hərbi addımlar atırlar. Xatırladaq ki, daha öncə İsrail əsasən İranın proksi qüvvələrinə – Hizbullah, HƏMAS kimi qruplara qarşı hərəkət edirdi və bu əməliyyatlar ABŞ-nin siyasi və hərbi dəstəyi ilə reallaşdırılırdı.
Son baş verən hadisələr fonunda Crossmedia.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki , baş verənlər regionda müxtəlif təhlükələrə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatların tərkib hissəsi kimi qiymətləndirilir: " Regional vəziyyət təhlil edilərkən görünür ki, ABŞ və İsrail bu prosesdə bir-birini dəstəkləyərək əməliyyatları koordinasiyalı şəkildə həyata keçirməyə çalışırlar və bunun üçün lazım olan siyasi və hərbi addımları atırlar.n Əslində, bundan əvvəl İsrail əsasən İranın proksi qüvvələrinə qarşı əməliyyatlar aparırdı. Bu qüvvələrə Hizbullah, Həmas və Houthi Hərəkatı kimi qruplar daxildir. Həmin əməliyyatlar əsasən ABŞ-nin siyasi və hərbi dəstəyi ilə həyata keçirilirdi. Məsələn, 2025-ci ilin yayında İrana qarşı həyata keçirilmiş 12 günlük hərbi əməliyyat müəyyən mənada ölkə daxilində problemlərin yaranmasına səbəb oldu və bu, İsrailin bəzi taktiki uğurlar qazanmasına gətirib çıxardı".

Politoloq hesab edir ki, bundan sonrakı əməliyyatlar da ABŞ-nin dəstəyi ilə davam etdirilə bilər: "Bu məsələdə Donald Tramp administrasiyasının İsrail ilə yaxın münasibətləri xüsusi rol oynayır. Trampın İsrail rəhbərliyi ilə qurduğu yaxın siyasi əlaqələr iki əsas istiqamətdə özünü göstərir. Birincisi, seçki kampaniyası dövründə o, İsrailə verdiyi açıq dəstək sayəsində ABŞ-dəkı yəhudi siyasi dairələrinin və lobbi qruplarının ciddi dəstəyini qazana bildi və bu da prezident seçkilərində onun mövqeyini gücləndirdi. İkincisi isə Trampın bu siyasəti ABŞ-nin strateji maraqları ilə əsaslandırmasıdır. O, uzun müddətdir ki, İranın nüvə proqramının dayandırılması və ABŞ üçün potensial təhlükə hesab edilən İranın raket sistemlərinin zəiflədilməsi və ya sıradan çıxarılması zərurətini vurğulayırdı. Görünür ki, həmin strategiyanın həyata keçirilməsi məhz onun prezidentliyi dövründə daha aktiv mərhələyə keçib və Tramp administrasiyası bu siyasəti praktik addımlarla davam etdirməyə başlayıb".
Fatimə Məmmədova
14:55 06.03.2026
Oxunuş sayı: 562