6 il əvvəl başlayan qlobal sınaq: Azərbaycan pandemiyanı necə yaşadı?
Bu gün, 28 fevral Azərbaycanda canlar alan, ailələri ayıran, planları alt-üst edən COVID-19 virusunun ilk dəfə aşkarlandığı gündən 6 il keçir.
Ölkədə pandemiyanın başlanğıcı 2020-ci ilin fevral ayına təsadüf edir və ilk təsdiqlənmiş xəstə Rusiya vətəndaşı idi. O, İrandan qayıdarkən virusa yoluxmuşdu. Qısa müddət ərzində yoluxma faktları Azərbaycan vətəndaşları arasında da aşkarlandı və xəstələr dərhal təcrid olundu.
Fevral-mart 2020: pandemiyanın ilkin günlərində hökumət dərhal tədbir gördü – Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, İranla sərhədlər bağlandı və kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Mart ayında ölkədə ilk yoluxmalar artdı, İrandan qayıdan Azərbaycan vətəndaşları karantin altına alındı və xüsusi xəstəxanalarda müalicə prosesinə cəlb edildi. İlk ölüm hadisəsi də mart ayında qeydə alındı və bu, ölkədə pandemiyanın ciddiliyini göstərdi.

Mart-aprel 2020: Təhsil müəssisələri fəaliyyətini dayandırdı, toylara, yas mərasimlərinə və ictimai toplu tədbirlərə qadağa tətbiq olundu. Əyləncə, mədəniyyət və idman obyektləri müvəqqəti olaraq bağlandı. Operativ Qərargah tərəfindən ictimai yerlərdə sosial məsafənin qorunması və sanitar tədbirlərin ciddi şəkildə yerinə yetirilməsi tövsiyə edildi.
May-iyun 2020: Xüsusi karantin rejimi mərhələli şəkildə yumşaldıldı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunda müəyyən sahələrdə iş və xidmətlər bərpa olundu. İnsanların yaşadıqları yerləri tərk etməsi üçün SMS icazəsi sistemi tətbiq edildi, yalnız həyati zərurət hallarında bu məhdudiyyətə istisna edildi. Pandemiya ilə mübarizə çərçivəsində sosial davranış qaydalarına riayət etməyənlər inzibati məsuliyyətə cəlb olundu.
İyul 2020 və sonrası: Karantin rejimi sərtləşdirilmiş bölgələrdə həftəsonları ictimai nəqliyyat və iş sahələrinin fəaliyyəti dayandırıldı. Bakı, Gəncə, Lənkəran, Sumqayıt və digər rayonlarda açıq havada beş nəfərdən artıq toplaşmalar qadağan edildi. Təhsil, bərbərxana, gözəllik salonları və kütləvi əyləncə obyektlərinin fəaliyyəti məhdudlaşdırıldı, yalnız həyati xidmətlər işləməyə davam etdi.
Bu zaman ərzində ölkədə yüz minlərlə yoluxma və minlərlə ölüm faktı qeydə alınıb. Xüsusi karantin rejimləri, sərhəd nəzarətləri və vətəndaşların maarifləndirilməsi sayəsində pandemiyanın təsirləri böyük ölçüdə nəzarət altına alınıb.
Altı ilin xronikasına baxdıqda aydın görünür ki, Azərbaycan həm dövlət qurumları, həm tibbi heyət, həm də vətəndaşlar birgə səylə pandemiyaya qarşı mübarizə aparıb. Bugünkü gündə insanlar pandemiyanın ilk günlərindən keçən uzun və çətin prosesi xatırlayır, həmçinin gələcəkdə qlobal virus təhlükələrinə qarşı hazırlıqlı olmağın vacibliyini bir daha anlayırlar.
Qeyd edək ki, 28 dekabr 2021 il tarixə 11 255 847 adam COVID-19-a qarşi vaksinani vurdu. 1-ci dozani vuran sayi — 5 161 039 nəfər, ikinci dozani vuran sayi — 4 666 161 nəfər, buster dozani vuran sayi — 1 428 647 nəfər adam.
Azərbaycanda kütləvi vaksinasiya 2021 ilin yanvarın 18-dən başlanıb. Əsas peyvənd kimi CoronaVac vaksinasi istifadə olunub. Ondan başqa AstraZeneca, Pfizer/BioNTech, Sputnik V vaksinalari də istifadə edilib.
Fatimə Məmmədova
11:47 28.02.2026
Oxunuş sayı: 906