İranda tələbə etirazları: Təhsil böhranı, yoxsa siyasi qarşıdurma?
İran universitetlərində baş verən tələbə etiraz aksiyaları ölkədə yalnız ali təhsil sistemi deyil, həm də siyasi hakimiyyət dairələrində ciddi narazılığa səbəb olub.
Radikal mühafizəkar qanadın bəzi millət vəkilləri baş verənləri prezident və təhsil nazirinin yanlış siyasətləri ilə əlaqələndirərək, məsul şəxslərin impiçmentlə hədələnməsinə qədər irəliləyib.
Deputat Əmir Hüseyn Sabiti universitetlərdə intizamın pozulmasını və İran bayrağının yandırılmasını “təsir agentləri” ilə yumşaq rəftarın nəticəsi kimi qiymətləndirərək, təhsil naziri Hüseyn Simayi Sərrafı və prezident Məsud Pezeşkianı məsuliyyətə cəlb edib.
Hadisələr göstərir ki, tələbə hərəkatları yalnız universitet mühitində deyil, eyni zamanda hakimiyyət daxilindəki siyasi gərginliyi də dərinləşdirir və ölkənin gələcək təhsil siyasəti üçün ciddi sınaq kimi çıxış edir.
Mövzu barədə Crossmedia.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranda ötən ilin on iki günlük müharibəsindən sonra hökumət daxilində müəyyən narazılıqlar yaranıb və ayrı-ayrı üzvlərlə bağlı iddialar irəli sürülüb.

Onun sözlərinə görə, 2025-ci ilin sonlarında hökumətin doqquz üzvünün istefa verəcəyi ilə bağlı iddialar səsləndirilirdi və həmin siyahıda təhsil naziri Hüseyn Simayi Sərrafın da adı hallanırdı.
Siyasi şərhçi hesab edir ki, təhsil nazirinin adının yenidən gündəmə gəlməsi son günlər yayılan videoçarxla bağlıdır. Belə ki, İran məktəblərindən birində müəllim şagirdlərlə birlikdə etiraz aksiyalarında öldürülmüş 40 min nəfərin qırx mərasimi ilə bağlı bir dəqiqəlik sükut elan edib və onların xatirəsini yad edib. Bu görüntülərin sosial şəbəkələrdə geniş yayılması məsələni daha da aktuallaşdırıb.
S.Soltanın fikrincə, son on gündə mövzu İran ictimaiyyətində geniş müzakirə olunur və təhsil sahəsində baş verən hadisələr, tələbə, şagird və müəllimlərin iştirakı Hüseyn Simayi Sərrafın istefası ilə bağlı çağırışların artmasına səbəb olub.
O vurğulayıb ki, bu proses daha çox cəmiyyətin narazılıqlarının nəticəsidir və hakimiyyət daxilindəki ziddiyyətlərin təzahürü kimi ortaya çıxır.
Ekspert qeyd edib ki, Sərraf 2024-cü ildə təhsil naziri təyin olunarkən kifayət qədər yüksək dəstək qazanmışdı. Lakin hazırkı mərhələdə hakimiyyət ümumi problemləri həll etməkdə çətinlik çəkdiyi üçün yaranmış böhran vəziyyətinin məsuliyyətini ayrı-ayrı nazirlərin, idarə rəhbərlərinin, məktəb direktorlarının və müəllimlərin üzərinə yönəltməyə çalışır.
“Düşünürəm ki, təhsil naziri də müəyyən mənada “günah keçiləri”ndən birinə çevrilə bilər. Çünki etiraz aksiyalarının əsas səbəbi təhsil sistemi deyil, daha geniş siyasi və sosial amillərlə bağlıdır. Sərrafın əsas vəzifəsi təhsilin təşkilidir. Vətəndaşların fərdi və ya qrup şəklində etiraz aksiyalarında iştirakı isə birbaşa təhsil nazirindən asılı məsələ deyil”, – deyə o bildirib.
Sədrəddin Soltan əlavə edib ki, hakimiyyət məsələnin bu formada həllini daha real hesab edir və məsuliyyətin konkret şəxslər üzərinə yönəldilməsi yolu seçilə bilər.
Ekspert həmçinin etiraz aksiyalarında ölənlərin sayı ilə bağlı beynəlxalq səviyyədə səsləndirilən rəqəmlərə də diqqət çəkib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Konqresdəki hesabatında ölənlərin sayının 32 min nəfər olduğunu bildirib. Tehran hakimiyyəti isə bu rəqəmlərlə razılaşmır. İranın xarici işlər naziri Abbas Əraqçinin məsələ ilə bağlı faktların təqdim olunmasını tələb edib. Həmçinin ölkə prezidenti Məsud Pezeşkian da eyni tələblə çıxış edib.
Mehriban Yariyeva
10:40 27.02.2026
Oxunuş sayı: 762