Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyətinin və Londonun Siti Universitetinin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonun Siti Universitetində baş tutub.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın ağır nəticələrindən danışıb.
Səfir bildirib ki, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması heç də asan olmayıb və bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edənlər var. Xüsusən də Ermənistanda revanşist qüvvələrin mövcud olmasına diqqət çəkən diplomat deyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, xalqımız hər zaman birlik nümayiş etdirməli və ayıq olmalıdır. İkili standartların dünyada başqa xalqlar üçün də təhlükəli olduğunu qeyd edib və bildirib ki, vaxtında dünya ictimaiyyəti Xocalı soyqırımına qarşı etinasızlıq nümayiş etdirməsəydi, bu gün başqa xalqlara qarşı oxşar hadisələrin də qarşısı alına bilərdi.
O vurğulayıb ki, ədalətin bərpası vacibdir və bu, həm insani, həm də mənəvi məsuliyyətdir. Səfir çıxışında bildirib ki, torpaqların işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın milli birliyi nəticəsində mümkün olub. O, gələcək nəsillərin üzərinə düşən əsas vəzifənin bu cür faciələrin bir daha təkrarlanmaması üçün həmrəyliyi qorumaq və həqiqətləri dünyaya çatdırmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə “Müharibə uşaqların gözü ilə” layihəsinin təsisçisi Nərminə Məmmədova da çıxış edib. O, şəxsi xatirələrini bölüşərək müharibənin uşaqların taleyində buraxdığı dərin izlərdən danışıb. Bildirib ki, Xocalı faciəsi təkcə statistik rəqəmlər deyil, dağıdılmış ailələr, yarımçıq qalmış uşaqlıq xatirələri və ömür boyu sağalmayan yaralardır. O, uşaqlıq illərində müharibənin ağrılarını hiss etdiyini, qaçqınların yaşadığı çətinlikləri gördüyünü və bu təcrübələrin onun həyat baxışına və ictimai fəaliyyətinə dərin təsir göstərdiyini deyib. Qeyd edib ki, Xocalının xatirəsinə həsr olunmuş layihə və müsabiqə Britaniyada geniş maraq doğurub, onlarla məktəb təşəbbüsə qoşulub. Layihə “ITV News” kimi yerli media orqanlarında, o cümlədən televiziya xəbərlərində və qəzetlərdə işıqlandırılıb.
Çıxışında Xocalıdan sağ çıxmış şəxslərin hekayələrinə də toxunan layihə rəhbəri vurğulayıb ki, həmin insanların yaşadıqları ağrıları ifadə etmək belə çox vaxt mümkün olmur. Onun sözlərinə görə, uşaqların gözü ilə müharibəni anlatmaq həm yaddaşı qorumaq, həm də gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə, həmçinin çıxış edən Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, diaspor təşkilatlarının əsas məqsədi həqiqətlərin unudulmamasına nail olmaq və gələcək nəsillərə bu faciə barədə düzgün məlumat ötürməkdir.
Tədbir çərçivəsində Zəngilan rayonundan olan və Birinci Qarabağ müharibəsində ailə üzvlərini itirmiş Səyavuş Hüseynov ilə videomüsahibə təqdim olunub. Həmçinin “Müharibə uşaqların gözü ilə” sərgisində müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların təqdim etdiyi rəsmlər və Xocalı həqiqətlərinə həsr olunmuş film nümayiş etdirilib.
Sonda ukraynalı skripkaçı Sofiya Yaborska Xocalı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi parçaları səsləndirib.
09:10 27.02.2026
Oxunuş sayı: 648