Plan işə salındı: Xameneyi öldürülür?
İranın ali rəhbəri Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün bir pozuntu halında tədbirlər planının hazırlanmasını əmr edib. Bu qərar müəyyən təzadları özündə birləşdirir. Belə ki, bir tərəfdən hər şeyə hazır olmaq, ölümü də gözə almaq kimi görünsə də digər tərəfdən gülüncdür. Həqiqətənmi, hər zaman gücü ilə öyünən İran bu gün öz liderini qoruya bilməyəcək? Və lideri ölümündən sonraya planlar qurmağa başlayıb. Bəlkə də, Xamenei Nikolas Madurodan sonra qorxmağa başlayıb. Maraqlıdır, Xamenei öldürülərsə həqiqətənmi qoyub getdiyi planlar üzrə İran özünü qoruyub gücünü saxlaya biləcək? Yoxsa ABŞ çaxnaşma yaradaraq ölkəni parçalayacaq?
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlama verib:

“Son günlər mediada İranın ali rəhbəri Əli Xamneyi və onun oğluna qarşı Amerika Birləşmiş Ştatları tərəfindən mümkün sui-qəsd ehtimallarının geniş müzakirəyə çıxarılması məhz bu istiqamətdə qərarların və ehtimalların daha çox gündəmə gəlməsinə səbəb olan əsas məqamlardan biridir. Təbii ki, bu xəbərlərin əsas mənbəyinin hansı istiqamətdə formalaşması kifayət qədər mühüm və suallar doğuran məsələlərdən biridir. Ehtimal etmək olar ki, İran tərəfindən belə məlumatların yayılması mümkün sui-qəsd riskinin önlənməsi məqsədi daşıya bilər. Eyni zamanda ali dini liderin hədəf alınması ehtimalı ilə bağlı informasiyaların ictimailəşdirilməsi İran cəmiyyətində həmrəyliyin gücləndirilməsi və hakimiyyət ətrafında konsolidasiyanın təşviqi kimi siyasi məqsədlərə də xidmət edə bilər. Digər tərəfdən, İranın zəif və ya aciz vəziyyətə düşməsi ilə bağlı suallara gəldikdə, hesab edirəm ki, Tehran mümkün ABŞ qarşıdurması və ya müharibə ehtimalını real şəkildə dəyərləndirir. Potensial baxımdan İranın ABŞ-la hərbi mübarizədə qalib gəlmək ehtimalı kifayət qədər zəif qiymətləndirilə bilər. ABŞ qlobal sistemdə ən güclü dövlətlərdən biridir, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən sayılır, NATO çərçivəsində əsas söz sahibi olan aktorlardan biridir və nüvə dövlətidir”.
Politoloq qeyd edib ki, bu kontekstdə ABŞ-nin İranı hədəfə alması və xüsusilə nüvə proqramı ilə bağlı danışıqlarda təzyiq mexanizmlərindən istifadə etməsi İran üzərində ciddi çəkindirici təsirlərə malikdir: “Lakin ölkədə mümkün sui-qəst ssenarisinin həyata keçirilməsi və ya Xamneyi və ya onun oğluna qarşı belə bir addımın atılmasının hansı nəticələr doğura biləcəyini proqnozlaşdırmaq asan deyil. Belə bir ssenari İranda daxili parçalanma, xaos və idarəçilik böhranı ilə nəticələnə biləcəyi kimi, əksinə, cəmiyyətin hakimiyyət və mövcud rejim ətrafında daha sıx birləşməsini də təşviq edə bilər. Bu səbəbdən hesab edirəm ki, mövcud həssas geosiyasi şəraitdə Xameneyi və ya onun oğluna qarşı real sui-qəst addımının atılması ehtimalı yüksək görünmür”.
Ayhan
09:39 24.02.2026
Oxunuş sayı: 555