Trampın “Sülh Şurası” BMT-yə alternativ yaradılır?
Qlobal geosiyasi sistemdə dəyişən güc balansları və beynəlxalq hüququn effektivliyi ilə bağlı artan suallar fonunda yeni əməkdaşlıq və təhlükəsizlik mexanizmlərinə ehtiyac daha aydın şəkildə hiss olunur. Bu kontekstdə İlham Əliyev Münxendə Azərbaycan telekanallarına verdiyi müsahibədə mövcud beynəlxalq nizamın transformasiyası və yeni institutların yaranması barədə mühüm mesajlar səsləndirib.
Dövlət başçısının fikirləri qlobal münasibətlər sistemində məsuliyyətin bölüşdürülməsi və təşəbbüskarlığın əhəmiyyətini ön plana çıxarır. Onun Donald Trump tərəfindən irəli sürülən Sülh Şurası təşəbbüsünə dair dəyərləndirməsi beynəlxalq siyasi müzakirələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın “Sülh Şurasının yaradılması” təşəbbüsünü yüksək qiymətləndirərək, bunun “böyük və tarixi bir addım” olduğunu vurğulamışdır. Bu açıqlama Prezident Trampın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslərə verilən ciddi siyasi dəyərin bariz ifadəsidir.
Bu gün beynəlxalq münasibətlər sistemində dərin xaos hökm sürür. Mövcud qlobal nizam öz effektivliyini itirmiş, Birləşmiş Millətlər Təşkilatı isə faktiki olaraq fəaliyyətsiz bir quruma çevrilmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinin yerini “kim güclüdürsə, o haqlıdır” yanaşması tutmuşdur. Belə mürəkkəb və ziddiyyətli şəraitdə kimsə qlobal məsuliyyəti öz üzərinə götürərək, yeni təşəbbüslə çıxış etməli idi.
Məhz bu tarixi məsuliyyəti ABŞ Prezidenti Donald Tramp üzərinə götürərək “Sülh Şurasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdir. Onun təşəbbüsü ilə təsis olunan bu yeni qurum beynəlxalq nizamın yenidən formalaşdırılması baxımından mühüm və perspektivli platforma kimi qiymətləndirilir.
Artıq bütün dünyada aydın şəkildə qəbul olunur ki, “Dünya beşdən böyükdür”. Bu gün fəaliyyətsiz hala düşmüş BMT Təhlükəsizlik Şurası cəmi beş daimi üzvdən ibarətdirsə, Prezident Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası daha geniş üzvlüyə malik, daha inklüziv və beynəlxalq iradəni əks etdirən bir təsisat kimi fəaliyyət göstərəcəkdir.
Yaxın vaxtlarda Sülh Şurasının birinci sammitinin keçirilməsi planlaşdırılır. Bu sammit dünyada baş verən proseslərin açıq və obyektiv müzakirəsi baxımından son dərəcə əhəmiyyətli bir platforma olacaqdır.
Azərbaycanın bu nüfuzlu qurumda üzv ölkə kimi təmsil olunması beynəlxalq nizamın formalaşmasında birbaşa iştirak etdiyini göstərir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və balanslı xarici siyasətin mühüm nəticəsi və xalqımız üçün böyük qürur mənbəyidir".
Elmir Heydərli
15:51 17.02.2026
Oxunuş sayı: 1182