Müşfiq Abbasov sirləri açdı: Çingiz Abdullayevə dövlət tərəfindən tapşırıq verilmişdi ki...
Ədəbiyyatın ən oxunaqlı və geniş oxucu auditoriyasına malik janrlarından biri şübhəsiz ki, detektiv janrdır. Sirr, məntiq, psixoloji gərginlik və hadisələrin mərhələli şəkildə açılması üzərində qurulan bu janr oxucunu yalnız süjetin arxasınca aparmır, eyni zamanda onu düşünməyə, analiz etməyə və öz nəticəsini çıxarmağa sövq edir. Detektiv əsərlərdə oxucu passiv müşahidəçi deyil, sanki hadisələrin birbaşa iştirakçısına çevrilir; ipuclarını toplamağa, detalları müqayisə etməyə və müəllifin qurduğu məntiq zəncirini izləməyə çalışır.
Bu janrın əsas cazibəsi naməlumun üzə çıxarılması prosesində gizlidir. Cinayətin baş vermə səbəbi, motivlər, insan psixologiyasının qaranlıq tərəfləri və sosial mühitin təsiri detektiv ədəbiyyatı sadəcə kriminal hadisələrin təsvirindən ibarət olmayan, daha dərin məzmunlu bir ədəbi istiqamətə çevirir. Xüsusilə psixoloji detektiv xətt müasir oxucunun maraq dairəsinə daha çox uyğun gəlir, çünki burada hadisədən çox insan faktoru, daxili konfliktlər və mənəvi seçimlər ön plana çıxır. Lakin bir çox halda həm detektiv əsərlər, həm də yazarlar qələm adamları tərəfindən həm də oxuculartərəfindən təsdiq edilir, ədəbiyyat sahəsi hesab edilmir.
Uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan, detektiv yazar Müşfiq Abbasov Crossmedia.az-a geniş müsahibə verib:
- Son zamanlar ən çox oxunan yazıçılardansınız, kitabları ən çox müzakirə olunan yazıçılardansınız. Sizi fərqləndirən xüsusiyyət nədir?
- Mən real adamam. Ədəbiyyat adamından əvvəl hüquqşünasam. Və insan psixologiyasını çox gözəl bilirəm. Hətta müstəntiq olanda belə, insan otağa girəndə onu yormadan danışdırırdım. Hesab edirəm ki, indiki yazıçıların oxucu itirməsinin səbəbi məhz yorucu olmalarıdır. Romanlarımda real və konkret faktları göstərirəm. İnsanlar sanki o romanların qəhrəmanlarının yerinə özlərini qoyurlar. Bir az da xalqın dilində yazıram. Cümlələri uzatmıram, fikirlərimi aydın və səlis ifadə edirəm. Ona görə də insanlar danışıq tərzimdən, yazı tərzimlə yorulmurlar. Siz məni sosial şəbəkələrdə də izləyirsiniz. Mənim Facebook-da yazdığım statuslar var. Bunlar sanki gündəlik yaşam tərzimizdən götürülüb. Mənim detektiv romanlarım nağıl deyil. Baş verən cinayətləri yazıram. Bəzən yazıçı özü bir cinayət uydurur ki, heç o cinayətin həyatda baş verməsi mümkün deyil. Amma mən gördüyümü, apardığım işlərdən misal gətirərək yazıram. İnsanlar real hadisələr oxumaq istəyirlər. Elə oxucum var ki, mənə Çindən yazır. Deyir ki, burada sizin kitablarınızı oxumaq istəyirik, bizə kitab göndərə bilərsiniz? Soruşuram ki, kitabı məndən kim götürəcək? Deyir filankəs. Mən özüm o adama zəng edirəm, gedib onunla görüşürəm və kitabları hədiyyə edirəm. Buna mənim vaxtım gedir. Amma bununla Çində bir oxucu qazanıram. Moskvada bir oxucu qazanıram, Türkiyədə, İranda, Ukraynada oxucu qazanıram və bundan da zövq alıram. Görüşlərdən qaçmıram. Bəzən oxucularım olur ki, görürsən, hansısa məsələdən danışmaq istəyir, şəkil çəkdirmək istəyir. Çalışıram ki, o oxucu məndən razı qalsın. İkinci bir məsələ mənim hüquqşünas kimi prokurorluq orqanlarında fəaliyyətimdir. Bu gün mən çəkinmədən, qorxmadan canlı yayım açıram. 3000-4000 adam o canlı yayıma qoşulur. Təbii ki, məni istəməyənlər də var. Zamanında mənim həbs etdiyim adamlar var, məndən narazı qalan adamlar var. Amma bu, məni narahat etmir. Çünki mən tənqidə açıq adamam. Elə olub ki, həbs etdiyim adamla canlı yayımda debat da etmişəm. Hətta eyni cəzaçəkmə müəssisəsində həbs etdiyim adamlarla birlikdə cəza da çəkmişəm. Mən 9 saylı cəzaçəkmə müəssisəsində olanda orada həbs etdiyim 3 nəfər adam var idi. Amma o adamların hamısının mənə münasibəti yaxşı idi. Çünki onların sadəcə əməlinə hüquqi qiymət vermişdim. Onların şəxsiyyətinə toxunmamışdım, onları təhqir etməmişdim. Sadəcə törətdikləri əmələ hüquqi qiymət vermişdim. Ona görə də o adamların özlərinin mənə qarşı bir hörməti var idi. Sual verəndə ki, yazıçı kimi niyə təsir imkanlarına maliksiniz və oxucularınız niyə sizi sevir onu deyə bilərəm ki, mən oxucu ilə səmimiyəm. Səhvimi deməyi bacarıram və oxucunun arzuladığı adam olmaq istəmirəm. Mən xoşbəxt oluram ki, oxucum mənim səhvimi də qəbul edir. Bir daha təkrar edirəm tənqidə açığam.
- Sizcə, oxucularınızın ardınca gedirsiniz yoxsa onları öz ardınızca aparırsınız?
- Hər ikimiz bir-birimizin ardınca gedirik. Həm mən onların ardınca, həm onlar mənim ardınca. Bəzən görürəm ki, tanınmış yazıçılar jurnalist onlarla müsahibə götürəndə bir eqo hissi ilə cavab verir. Amma əslində Azərbaycanın dünya səviyyəsində tanınmış yazıçısı yoxdur. Buna tam əminəm. Bizim Dostoyevskimiz, Aqata Kristimiz, Tolstoyumuz yoxdur. Bəlkə də, zamanla olacaq. Amma hesab edirəm ki, Dostoyevski öz yaşadığı dövrdə hörmətli adam olmayıb. İçki içib, qumarbaz olub, bunu yazdığı əsərlərdən də görmək olur. Şəxsiyyət kimi o dövrdə böyük adam sayılmayıb. Amma 100 ildən sonra yazdıqları onu böyük şəxsiyyət edib. Qumar borcunu ödəmək üçün kitab yazıb və o kitab bu gün də oxunur. Bəlkə də, kitablarım 100 ildən sonra oxunacaq, bunu deyə bilmərəm. Bəlkə də, mənim yox, başqa bir tanınmamış yazıçının kitabı 100 ildən sonra oxunacaq.
- Sizcə, dünyaca tanınmış yazıçımızın olmamasına səbəb nədir?
- Bunun üçün həm də şans lazımdır. Sənin yazdığın roman hansısa xarici ölkənin kitab mağazasına düşsə, həmin dildə yayımlansa, bəlkə də inanılmaz möcüzə baş verə bilər. Tanınmamağın səbəbi budur. Çingiz Abdullayevin iki yüzdən çox əsəri var. Tam səmimi deyirəm, onun yüz əsəri bir-birinin təkrarıdır. Hadisələr eyni məcrada, eyni xətt üzrə davam edir. Anarın da illərlə yazdığı əsərlər var. Bu gün Anar yaşayır, Allah uzun ömür versin. Amma bu gün ona qarşı olan aqressiya yazdığı əsərlərlə bağlı deyil. Bu, Anarın Azərbaycan Yazıçılar Birliyində tutduğu mövqe ilə bağlıdır. Xalq öz yazıçısını məmur kimi görmək istəmir. Xalq öz yazıçısını yanında görmək istəyir. Anar isə artıq məmurlaşıb. Bu gün Anar yazıçıdan çox AYB-nin sədri kimi qəbul olunur. Əslində Yazıçılar Birliyi dövlət orqanı deyil, ictimai qurumdur. Yazıçılar yığışıb öz aralarında bir ittifaq yaradırlar. Siz jurnalistlər də yığılıb ittifaq yarada bilərsiniz. Bu vəzifə deyil. Amma dövlət yazıçıya qiyməti AYB-nin təqdimatı ilə verir. Mən bu gün Yazıçılar Birliyinin üzvü deyiləm. Üzv olmasam, Prezident mənə ad verməyəcək, çünki təqdimatlar oradan gedir. Dövlət mənə ev də verməyəcək, çünki təqdimatları oradan edirlər. Anara qarşı aqressiyanı yaradan səbəblərdən biri də budur. İkinci məsələ Azərbaycan oxucusu ilə bağlıdır. Azərbaycan oxucusu ilə xarici oxucunu müqayisə etmək olar. Fərq yaşam tərzində, mentalitetdədir. Mən yazdığım əsəri Azərbaycan xalqının psixologiyasına uyğun yazıram. İngilis yazıçı isə öz millətinə uyğun yazır. Digər tərəfdən ingilis dili dünya dilidir. İngilis dilində yazılan əsəri bütün dünya oxuya bilir. Azərbaycan dili isə lokal dildir. Ona görə Azərbaycan yazıçısının xaricə çıxması üçün kitabları ingilis dilinə tərcümə olunmalıdır. Oxucu sayının çoxluğu da təsir edir. Bir var kitabını 100 nəfər oxusun, bir də var 1000 nəfər oxusun.
- Bəziləri detektiv yazıçılığı yüngül ədəbiyyat hesab edirlər. Siz bu barədə nə düşünürsünüz? Bu düşüncə nədən qaynaqlanır?
- Ədəbiyyatın əsası yazıb - yaratmaqdır. Əgər detektiv yazıcı əsərə ədəbiyyat, bədiilik, maarifləndirici çalarlar, insan faktorunu qatırsa, bu artıq yazıçılıqdır. Tutaq ki, məhkəmə hökmünü götürürəm, onun orasını-burasını bəzəyib bir dənə roman formalaşdırıram. Əlbəttə, bu ədəbiyyat deyil. Bu, yazılmış real hadisədir. Çünki mən ora bədilik qatmamışam. Mən ora maarifləndiricilik qatmamışam. Mən ora insan faktorunu, insan psixologiyasını, empatiyanı qatmamışamsa, bu ədəbiyyat ola bilməz. Amma tutaq ki, mən real hadisəni insan faktoru ilə birlikdə təqdim edirəm, onun psixoloji gərginliyini, yaşam tərzini, ideyalarını, arzularını, yaşayışını əsərin içində göstərirəmsə, bu artıq ədəbiyyatdır, yaradıcılıq məhsuludur. Hesab edirəm ki, detektiv yaradıcılığın qarşısında duran ən böyük vəzifə insanı maarifləndirməkdir, insanın hüquqlarını başa salmaqdır. Mən detektiv yaradıcılığı bu cür qəbul edirəm — insanı düşündürmək kimi. Məsələn, “Şeytanın siması” əsəri ola bilər. Cinayətkar halda doğulmayan bir körpənin, normal şəraitdə doğulan bir insanın sonradan qatı cinayətkara çevrilməsinə gedən yol. Cəmiyyətdə bu kimi hallar var. Biz bunu real həyatda görürük. Görürük ki, hansısa ailənin övladı sonradan cinayətkar olur. Onun həyat yoluna baxanda görürük ki, harada səhvlər buraxılıb. Biz artıq cəmiyyət üçün bir siqnal veririk ki, bu yol insanı hara aparıb çıxara bilər. Və yaxud bütün cinayətkarlar pis adamlar deyil. Təsadüfi cinayətlər var, məcburiyyətdən törədilən cinayətlər var, ehtiyatsızlıqdan törədilən cinayətlər var. Bir də var qatı cinayətkar — ölüm onun üçün adi olan, soyuqqanlı, etdiyi cinayətə haqq qazandıran cinayətkar. Məsələn, mənim praktikamda belə hadisə olmuşdu. Bir şəxs qardaşını öldürən adamdan qisas almaq istəyirdi. Qardaşını öldürən adam artıq həbs olunmuşdu. Amma o, yenə də qisas almaq üçün həmin adamın oğlunu öldürdü. İstintaq zamanı deyirdi ki, mən haqlıyam, düz eləmişəm, bu gün də peşman deyiləm. Cəmiyyət bu cür adamlardan qorunmalıdır — özünü haqlı sayan cinayətkardan. Və yaxud seriyalı qatillər olur. Azərbaycanda belə hallar çox deyil, amma hər gün cinayət törədən insanlar var. Məsələn, vəzifəli şəxs hər gün rüşvət alır, təkrar-təkrar rüşvət alır, vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət törədir. Detektiv yazıçılığın mahiyyəti də budur ki, insanı maarifləndirsin. Amma yenə deyirəm, əgər sən ora bədilik qatmasan, insan faktorunu daxil etməsən, bu əsər ədəbi əsər kimi qiymətləndirilə bilməz.
- Necə fikirləşirsiniz, əgər hüquqşünas olmasaydınız, əvvəlki fəaliyyətiniz və müstəntiq təcrübəniz olmasaydı, yenə də bu qədər uğurlu yazıçı ola bilərdiniz?
- Mən əslində hələ özümü böyük yazıçı hesab etmirəm. Amma hesab edirəm ki, yazıçı olardım, sadəcə detektiv yazıçı ola bilməzdim. Bu qədər oxucu tərəfindən sevilən detektiv yazıçı ola bilməzdim. Çünki mən detektiv yazanda real təcrübəyə əsaslanıram. Məsələn, Elxan Elatlı da detektiv yazır, mən də yazıram. Onun təcrübəsi mənim qədər deyil. O, riyaziyyat fakültəsini bitirib. Mən onun bəzi romanlarını oxumuşam, bəziləri xoşuma da gəlir. Amma onlar daha çox bədii əsər kimi maraqlıdır. Mən isə müstəntiqin dindirmə prosesini, prokurorun qərarlarını yazıram. Qəhrəmanım real prokurorluğun müstəntiqidir. Mən ona qanunun verdiyi səlahiyyətdən artıq səlahiyyət verməmişəm və ya onu azaltmamışam. Mən o mühiti yaşamışam, o proseslərin içində olmuşam. Buna görə də yazdıqlarım real görünür. Düşünürəm ki, Azərbaycanda yazıb-yaradan yazıçılar arasında mənim qədər real detektiv əsər yazan yoxdur. İstənilən əsəri götürüb təhlil etmək olar — real dindirmə prosesi, müstəntiqin davranışı, hakimin davranışı. Mən yaşadıqlarımı, gördüklərimi əsərdə canlandırmışam.
- Elə olubmu ki, əsərlərinizdə real nümunələrdən istifadə etməyiniz sizə problem yaratsın?
- Bəzən yaradıb. Mən sosial şəbəkələrdə də hekayələr yazıram. Məsələn, Naftalanda bir hadisə olmuşdu. Bir gizir ailəsi ilə yaşayırdı. Hər gün xidmətə gedirdi, axşam evə qayıdırdı. Həyat yoldaşının bir rəfiqəsi olur və bu rəfiqə onu başqa bir kişi ilə tanış olmağa sövq edir. Qadın əvvəl razı olmur, amma sonradan əlaqə yaranır. Qadın həmin kişiyə bir neçə şəklini göndərir. Kişi isə narkotik istifadəçisi olur və qadını şəkillərlə şantaj etməyə başlayır. Qadın qorxudan pul göndərir. Lakin bir neçə gündən bir həmin narkoman pul istəyir. Qadın məcbur olub lombarda qızıllarını qoyub pul tapır. Şantaj isə davam edir. Nəhayət, qadın əlaqəni kəsmək istəyir və həmin adamı blok edir. Lakin narkoman qadının ev telefonunun nömrəsini tapır və evə zəng etməyə başlayır. Bir gün də gizir evdə olur və telefonu o açır. Görün bu narkoman necə insandır ki, gizirə deyir ki, telefonu ver yoldaşına mən onunla danışacam. Və telefonda bir-birilərini söyürlər. Bir müddət sonra gizir evə gələrkən küçədə bir neçə nəfər görür. Həmin narkoman özü ilə bir neçə nəfəri də görürüb gəlib. Giziri döyməyə başlayırlar. Ətrafda insanlar baxır, amma müdaxilə edən olmur. Orada təsadüfən bir 11-ci sinif şagirdi məktəbli uşaq da olur. Gizir özünü qorumaq üçün hərbçi bıçağını çıxarır. Narkoman və yoldaşları qaçır, kənardan baxan insanlar da qorxu və təşvişə düşüb qaçırlar. Hamı qaçanda gizir arxadan məktəbli uşağı görür və o, həmin uşağın da hücum edənlərdən biri olduğunu zənn edərək uşağın arxasınca gedir və uşağın kürəyinə bıçaq vurur. Uşaq ağır yaralansa da sağ qalır. Biz həmin giziri həbs etdik, eyni zamanda şantaj edən şəxslər də ağır maddələrlə məsuliyyətə cəlb olundu və uzunmüddətli cəza aldılar. Mən bu hadisəni sonradan yazmışdım. Bir müddət sonra şantaj edən şəxslərdən biri həbsdən çıxıb mənimlə əlaqə saxladı və dedi ki, indi ailəsi var, həyat yoldaşı bu hadisədən xəbərsizdir və yazının yayılması onun ailəsində problem yaradır. Bundan sonra mən həmin yazını onun xahişi ilə sildim. Belə hallar olur. Bəzən yazan adam hədəfə çevrilir. Amma bu məni qorxutmur. Sadəcə bəzən adları və məkanları dəyişirəm. İnsanlar artıq məni müstəntiqdən çox yazıçı kimi qəbul edirlər. Yazıçının səsini kəsmək çətindir. Əgər cəmiyyət yazıçısına dəyər verirsə, onu sıxışdırmaq olmaz. Əks halda yazıçı reallığı yaza bilmir, həqiqəti deyə bilmir və yaradıcılıq zərər görür. Yazıçı tənqid etməlidir, fikrini deməlidir. Amma Azərbaycan reallığında baxın, neçə yazıçı açıq tənqidi fikir söyləyə bilir? Uzaq başı iki-üç nəfər. Məsələn, görmüsünüz ki, Anar xalqın hansısa problemini işıqlandırsın? Görmüsünüz ki, Çingiz Abdullayev ictimai problemlərdən danışsın? Çingiz Abdullayev çıxıb podkastlarda qadınlardan danışır, qadınların onu sevdiyini deyir. Halbuki yazıçının vəzifəsi xalq qarşısında məsuliyyət daşımaq, xalqın dərdinə yanmaqdır. Yazıçı özünü kiməsə sevdirmək üçün deyil, cəmiyyətin problemlərini göstərmək üçün yazmalıdır. Yazıçı üçün əsas məsələ ictimai məsuliyyətdir. Hesab edirəm ki, yazıçı cəmiyyətin problemlərini işıqlandırmalıdır. Hansısa qazi ailəsinin problemini, hansısa sosial məsələləri gündəmə gətirməlidir. Yazıçı deməlidir ki, mən bu ictimai məsələni işıqlandırmışam. Çingiz Abdullayev, bir qazi ailəsinin problemini işıqlandırmısan? Sən hansı bir ictimai məsələni işıqlandırmısan? Birini de ki, mən bu ictimai məsələni işıqlandırmışam. Bir dəfə Vətən müharibəsi zamanı rusiyalı kanallara müsahibə verib. Onu da mən əminliklə deyirəm ki, dövlət tərəfindən tapşırıq verilmişdi ki, get filan yerdə çıxış elə. O sənin istəyin deyildi. O sənin cəsarətin ola bilməzdi. O dövlətin cəsarəti idi. O cəsarəti sənə dövlət vermişdi.
- Gələcəkdə özünüzü dedektivdən başqa janrlarda yoxlamaq istəyirsinizmi?
- Əslində, xoşlayıram ki, məni yazıçı kimi təqdim etsinlər. O “dedektiv” sözünün orada deyilməsi, bəlkə də, mənim yaradıcılığımı məhdudlaşdırır. Amma təbii ki, növbəti yazılarımda bunu düşünürəm. Psixoloji roman yazmaq mənim ideyalarımda var. Yəni bu, tək dedektiv janrı ilə məhdudlaşan məsələ deyil.
- Hazırda hansı kitab üzərində çalışırsınız?
- Bəli. Hazırda irihəcmli detektv roman üzərində çalışıram.
- Bir az spoiler verə bilərsiniz?
Baş vermiş çox ağır bir cinayətdən bəhs edir. Respublikada törədilən çox ağır bir cinayətdən, daha doğrusu, bir neçə cinayətdən danışılır.
- Əhməd?..
- Yox. Əhməd cinayəti nə cinayətdir ki? Əhmədin cinayəti — anlamsız bir adamın baltanı əlinə alıb qarşısına çıxan insanları öldürməsidir. Orada plan yoxdur, gizli heç nə yoxdur. Əhməd xəstə bir adamdır. Orada sadəcə cəmiyyəti sarsıdan, sosial şəbəkələrdə çox müzakirə olunan bir hadisə var. Məsələ nədir? Bizim cəmiyyət bəzən cinayət işlərinə ədalətlə yanaşılmasını tələb edir. Amma dövlət üçün cinayət işlərində qanunla yanaşmaq daha üstündür. Qanun və ədalət fərqli anlayışlardır. Ədalət deyə bilər ki, Əhmədi parçalasınlar. Amma qanun bunu demir. Bu adam cinayətin subyekti deyil. Cinayətin subyekti olması üçün insan anlaqlı olmalıdır. Bu adamın nə etdiyindən xəbəri yoxdur. Siz buna necə cəza verə bilərsiniz? Cəza ağlı başında olan adama verilməlidir. Bu qanunla müəyyən olunub. Cinayətin məqsədi, motivi olmalıdır. Motivsiz halda insan öz doğmalarını, körpə uşağı baltalayırsa, bu artıq başqa məsələdir. Bu cinayət hadisəsi baş verən gün mən dedim ki, o adam anlaqsızdır. Dövlət də bunu gördü və cəza təyin etmədi. Məhkəmə onu cinayət məsuliyyətindən azad etdi və məcburi müalicə təyin olundu. Əslində o məcburi müalicə də müəyyən rejim qaydaları ilə olur — qapılar bağlanır, qandallar vurulur. Bir növ həbsxana kimidir, sadəcə adı müalicə müəssisəsidir. Orada həkimlər fəaliyyət göstərir, dərmanlar verilir.
- Hər bir yazarın bir qəhrəmanı olur. Xüsusən də detektiv yazarların. Herkül Puaro var, Şerlok Holms var. Bu qəhrəmanların əksəriyyəti yazıçının özündən fərqlənir. Bəs sizdə? Yaratdığınız qəhrəmanla oxşayırsızmı?
- Aqata Kristi ilə onun obrazı Puaro arasında ortaq xüsusiyyət olduğunu heç kim deməz. Aqata Kristi evdar qadın olub, yazılarını yazırdı. Puaro isə konkret detektivdir. Yəni bu adamın düşüncə tərzi, psixoloji analiz və sintez qabiliyyəti tam fərqlidir. Aqata Kristi Puaro ola bilməz. Yazıçı ilə yaratdığı obraz arasında fərq olur. “Mənfi 4” əsərindəki Yusif Axundov obrazı mən özüməm. Demək olar ki, doxsan doqquz faiz. Öz obrazımı orada yaratmışam. Amma mən bir qəhrəmanı bütün kitablarımda yazmağın tərəfdarı deyiləm. Müasir oxucu bunu istəmir. Müasir oxucu fərqlilik istəyir. Hər kitabın öz qəhrəmanı olmalıdır. Bəzən isə elə yazmaq lazımdır ki, kitabın konkret qəhrəmanı olmasın. Oxucu özü qəhrəman seçsin. Məsələn, əsərlərimin birində Riyad obrazı var. Adam cinayətkardır, eləmədiyi cinayət yoxdur. Amma onun bir monoloqu var. O monoloqu oxuyan bəzi oxucular onu qəhrəman kimi qəbul edir və deyir ki, cəmiyyət onu bu vəziyyətə gətirib. Uşaq vaxtı cinayət edir, cəza çəkmə müəssisəsinə göndərilir. Orada ona qarşı zorakılıq olur. Oradan çıxandan sonra yenidən cinayət törədir, yenə tutulur və yenidən cəzaçəkmə müəssisəsinə qaytarılır. Orada davamlı alçaldılma və zorakılıqla üzləşir. Bu hadisələr onun psixologiyasını dəyişir və nəticədə o, cəmiyyətə qarşı qisas hissi ilə yaşayır. Sonra qarşısına məqsəd qoyur ki, bu dünyada Allah yoxdur və şeytanın yolu ilə gedir. Hekayə boyunca var-dövlət, imkanlar əldə edir, amma daxildə dəyişmir. Oxucuların bir hissəsi onu qəhrəman kimi görür, digər hissəsi isə onun cinayətlərini üzə çıxaran obrazı qəhrəman sayır. Vahid qəhrəman yoxdur, hər oxucu özü üçün qəhrəman seçir.
Orada zorakılığa məruz qalan bir qadın obrazı da var. Çox təsirli səhnələrdəndir. Oxucular arasında eləsi olub ki, həmin obrazla özünü eyniləşdirib və uzun müddət psixoloji təsirdən çıxa bilmədiyini yazıb. Bəzi oxucular zərərçəkənin yerinə özünü qoyur və əsəri o prizmadan yaşayır. Romanda narkotikdən istifadə edən obrazlar da var. Buunu həyatda da görmüşəm. Narkotikin təsirini təsvir edəndə valideynlər mənə yazırdı ki, övladlarının davranışını əsərdə gördükləri ilə eyniləşdirirlər. Aqressiya, qapanma, ailədən uzaqlaşma kimi hallar təsvir olunurdu.
Amma yenə deyirəm ki, real yazıramsa, qəhrəmanı ilahiləşdirə bilmərəm. Real obraz yaradılırsa, o həm yaxşı, həm də pis tərəfləri ilə göstərilməlidir. Məsələn, Çingiz Abdullayevin yaratdığı obraz kimi yüzlərlə cinayəti araşdıran bir qəhrəman real həyatla tam uyğun gəlmir. İnsan ömrü buna yetməz.
Reallıqda müstəntiq eyni anda bir neçə cinayət işi aparır. Bir iş bitməmiş digər iş də onun icraatında olur. Kənardan baxan elə bilir ki, müstəntiq bir işi bitirəndən sonra yenisinə başlayır, amma əslində paralel şəkildə bir neçə iş aparılır. Bəzən bir müstəntiq eyni anda bir neçə cinayətin istintaqını aparır. Polisdə isə bu say daha çox olur və bu da keyfiyyətə təsir edən amillərdən biridir. Ona görə də mən əsərlərimdə çalışıram ki, qəhrəmanlar dəyişsin, hər əsərdə yenilik olsun və oxucu hər dəfə yeni insanlarla qarşılaşsın. Məsələn, burada yaratdığım əsərdə — Yusif Axundov obrazını “Qan haqqı” kitabımda davam etdirmişəm. Amma artıq üçüncü kitabımda düşündüm ki, bu obraz kifayətdir. Çünki orada mən özümü təsvir etmişəm. Mən sonrakı əsərlərdə artıq özümü deyil, fərqli obrazları yazmaq istəyirəm. Hər bir əsərdə eyni baş qəhrəmanı yaradan yazıçı, əslində oxucunu məhkum edir ki, məhz o obrazı sevməlidir. Bilirsiniz, oxucu artıq müqayisə aparır. İndiki insanlar daha ayıqdır, daha seçicidir. Nə istədiyini bilirlər. Bəzən mən “Facebook”da bir cümlə yazıram və sonra onun statistikasına baxıram. Görürəm ki, cəmi bir cümləni yüz əlli min insan oxuyub. Bu, nə deməkdir? İnsanlar qısa, lakonik və keyfiyyətli məzmun istəyirlər. Uzun-uzadı yazılar, uzun verilişlər artıq əvvəlki kimi izlənilmir. Siz özünüz də baxın — uzun videolara çox vaxt ikiqat sürətlə baxırlar. İkiqat sürətlə izlənilən məzmunun keyfiyyəti nə qədər hiss oluna bilər? Orada yazıçını, müəllifi necə duymaq olar? Mən əminliklə deyirəm ki, belə informasiya üç gün sonra insanın yaddaşından silinir. Mahiyyəti qalmır. Çünki beyin artıq bu cür informasiyanı səthi qəbul edir. Kitabın üstünlüyü isə ondadır ki, sosial şəbəkələrdən fərqli olaraq insanın beyninə daxil olur və orada uzun müddət qalır. Çünki kitab oxuyanda insan düşünür, beynində bir film yaranır, hadisələri gözünün qabağında canlandırır. Məsələn, “Mənfi 4” kitabı deyiləndə oxucunun gözündə Yusif Axundov obrazı canlanır və müəyyən epizodlar yadda qalır. Son vaxtlar TikTok platformasında da fəaliyyət göstərirəm. Açığını deyim ki, bu platformaya münasibəti bir qədər dəyişə bilmişəm. Mənim videolarımdan əvvəl TikTok-da maarifçi məzmunu bu qədər görmürdüm. İndi isə sevinirəm ki, canlı yayımlardan sonra bəzi vəkillər də canlı yayımlar açmağa başlayıblar, insanların suallarını cavablandırırlar. Bu, platformanın maarifləndirici tərəfinin ortaya çıxması deməkdir.
İnsanlar yalnız əyləncə məzmununa baxmamalıdır. Kiminsə yemək yeməsinə, boş videolara saatlarla vaxt sərf etmək doğru deyil. Hətta elə hallar var ki, insan canlı yayım açıb yatır və yüzlərlə adam onu izləyir. Təsəvvür edin, dünyada ən dəyərli şey vaxtdır və insan onu bu cür sərf edir. Ona görə də düşünürəm ki, xalqımızı maarifləndirmək lazımdır. Təəssüf ki, maariflənməyə müqavimət hər dövrdə olub. Bununla belə bizim cəmiyyətin güclü tərəfləri də çoxdur — əxlaqi dəyərlərimiz, ailə institutumuz güclüdür. Ailə dəyərləri bizim üçün həmişə önəmli olub. Amma son dövrlərdə müşahidə olunan bəzi tendensiyalar ailə institutunu zəiflədə bilər və bu, narahatlıq doğurur. Mən də bu dövrün insanıyam. Amma ailə tərbiyəsi müəyyən çərçivələr qoyur. Məsələn, mən bu gün qırx üç yaşımda belə atamın yanında müəyyən davranış qaydalarına riayət edirəm. Yorğun olsam belə, atam otağa girəndə qalxmağa çalışıram. Bu, bizə ailədən gələn hörmət anlayışıdır.
Ayhan
15:49 17.02.2026
Oxunuş sayı: 1057