Ailədaxili münaqişələr artır: Həyəcan təbili çalmağın vaxtıdır!
Azərbaycanda ailədaxili münasibətlər və sosial rifah sahəsində mövcud problemlər vətəndaşların dövlət qurumlarına müraciətlərində açıq şəkildə öz əksini tapır. Xüsusilə məişət zorakılığı ilə bağlı şikayətlərin sayının yüksək olması bu sahədə preventiv tədbirlərin və hüquqi mexanizmlərin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Rəsmi məlumata görə, ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə minlərlə vətəndaş müraciəti daxil olub. Müraciətlər arasında məhkəmə qərarlarının icrası, məişət zorakılığı, məşğulluq, sosial müavinət və səhiyyə xidmətləri ilə bağlı problemlər üstünlük təşkil edib ki, bu da sosial müdafiə sisteminin müxtəlif sahələrində həllini gözləyən məsələlərin mövcudluğunu ortaya qoyur.

Məsələ ilə bağlı psixoloq Minarə Səbzəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu gün cəmiyyət üçün ən ciddi problemlərdən biri məişət zorakılığıdır. Çox vaxt bu problemi əsəb, stress, ailədaxili gərginlik və ya keçmiş travmalarla izah etməyə çalışırıq. Lakin bu yanaşma zorakılığı təsadüfi və nəzarətsiz bir hadisə kimi göstərdiyi üçün təhlükəlidir. Əslində isə məişət zorakılığı qəzəbin yox, nəzarət ehtiyacının nəticəsidir. Zorakılıq edən şəxs qarşı tərəfi bərabər tərəf kimi deyil, idarə olunmalı biri kimi görür. Bu nəzarət çox vaxt fiziki zorakılıqdan əvvəl başlayır. Telefonun yoxlanılması, harada olduğunu soruşmaq, geyiminə qarışmaq, dostlarla əlaqələri məhdudlaşdırmaq kimi davranışlar psixoloji nəzarətin ilkin formalarıdır. Araşdırmalar göstərir ki, dünyada hər üç qadından biri həyatında ən azı bir dəfə fiziki və ya seksual zorakılığa məruz qalıb. Bu fakt göstərir ki, problem tək-tək fərdlərlə bağlı deyil, daha geniş və sistemli bir məsələdir".
Onun sözlərinə görə, zorakılığın arxasında çox vaxt güclü tərk edilmə qorxusu dayanır: "Şəxs bir tərəfdən yaxınlıq istəyir, digər tərəfdən isə qarşı tərəfi itirməkdən qorxur. Bu qorxunu aradan qaldırmaq üçün nəzarət və təzyiq vasitələrindən istifadə edir. Uşaqlıqda təhlükəsiz münasibət yaşamayan insanlar böyüdükdə yaxın münasibətlərdə qeyri-sabitlik, narahatlıq və gərginlik yaşayırlar. Lakin heç bir travma zorakılığa bəraət qazandırmır. Zorakılıq edən şəxslər tez-tez məsuliyyəti qarşı tərəfin üzərinə atırlar. Onlar deyirlər ki, məni buna məcbur etdi, susmadı, əsəbləşdirdi. Halbuki zorakılıq hər zaman bir seçimdir. Hər zaman alternativ var. O, otağı tərk edə bilər, fasilə verə bilər, söhbəti dayandıra bilərdi. Heç bir zərbə təsadüfi deyil. Terapiya prosesində belə bir sual ortaya çıxır. Bu zorakılığın sənə hansı faydası var. İlk baxışda bu sual qəribə səslənsə də, reallıqda zorakılıq edən insan üçün müəyyən psixoloji üstünlüklər yaradır. Qəzəb altında normalda edə bilmədiyi davranışları edə bilir. Özünü haqlı sayır. Məsuliyyəti qarşı tərəfə ötürür. Qarşı tərəfi dəyişməli olan kimi təqdim edir. Məişət zorakılığı çox vaxt dövri şəkildə təkrarlanır. Əvvəl gərginlik artır, sonra partlayış baş verir, ardınca üzr istəmə və peşmanlıq mərhələsi gəlir, qısa müddətli sakitlik yaranır və dövr yenidən başlayır. Hər dəfə bu dövr daha ağır formada davam edir. Bu mühitdə böyüyən uşaq ya qorxunu normallaşdırır, ya da aqressiyanı davranış modeli kimi mənimsəyir. Uşaq üçün əsas ehtiyac sakit ev deyil, təhlükəsiz evdir. Davamlı qorxu atmosferi, fiziki zərbə olmasa belə, psixoloji travma yaradır. Zorakılıq yalnız qarşı tərəfə deyil, həm də onu törədən şəxsin özünə, ailəsinə və cəmiyyətə zərər vurur. Bu problemin həlli məsuliyyətin qəbul edilməsi və peşəkar psixoloji dəstəkdən keçir".
Sosioloq Əhməd Rəhmanov isə qeyd edib ki, son 30–40 ildə cəmiyyətimizdə köklü dəyər dəyişiklikləri müşahidə olunur: "Vaxtilə insan münasibətlərinin təməlini təşkil edən böyüyə hörmət, zəhmətə verilən dəyər, qarşılıqlı anlayış və fədakarlıq bu gün əvvəlki gücünü itirməkdədir. Təəssüf ki, kollektiv düşüncə tədricən individual eqosentrik yanaşma ilə əvəz olunur. Əgər bir zamanlar insanlar “biz” deyə düşünürdüsə, bu gün daha çox “mən” prinsipi ön plana çıxır. “Hər şey mənim olmalıdır” düşüncəsi cəmiyyətdə həm ailədaxili münasibətləri, həm də sosial davranışları zəiflədən əsas amillərdən birinə çevrilib. Keçmişdə ailədə sosial rifah və qarşılıqlı əmək bölgüsü olduqda, istər kişi, istər qadın münaqişədən yayınmağa, bir-birinə güzəştə getməyə çalışırdı. Kişi qadının sözünü anlayışla qarşılayır, qadın isə kişinin mövqeyinə hörmət edirdi. Bu qarşılıqlı kompromis ailə birliyinin əsas dayağı idi. Bu gün isə təəssüf ki, həmin anlayış zəifləyib. Əsas problem maddiyyatda deyil, insani dəyərlərin aşınmasındadır. Ailədə və cəmiyyətdə baş verən narazılıqların kökündə çox zaman eqonun, şəxsi maraqların və fərdi iddiaların üstün tutulması dayanır. İnsanlar artıq özlərini başqasının yerinə qoymaqdan uzaqlaşıblar.
Bir zamanlar ictimai nəqliyyatda yaşlı bir insan daxil olduqda gənclərin avtomatik olaraq yer verməsi yazılmamış bir qanun idi. Bu gün isə bəzi gənclər “Mən də bu avtobusa pul vermişəm” deyərək ayağa qalxmaqdan imtina edirlər. Bu, eqonun cəmiyyətdə formalaşmış ədəb-ərkan qaydalarına qalib gəlməsinin acı nümunəsidir. Ailə isə hər şeydən əvvəl kompromis mədəniyyətidir. Maddi çətinliklər və ya fikir ayrılıqları olduqda, ailənin davamlılığı qarşılıqlı anlayış və güzəşt üzərində qurulmalıdır. Təəssüf ki, bu gün bir çox insanlar artıq əvvəlcə özünü düşünür, öz eqosunu isə insani münasibətlərdən üstün tutur. Bu tendensiya cəmiyyət üçün ciddi təhlükədir. Çünki dəyərlər itirildikdə, münasibətlər zəifləyir, ailə institutu sarsılır və sosial harmoniyanın təməli zədələnir".
Hüquq müdafiəçisi Rafiq Alışov isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan rəsmi müraciətlərin sayı 514 olmağına rəğmən, bu rəqəmin ölkə üzrə ailələrdə baş verən məişət zorakılığının real miqyasını əks etdirmədiyini bildirib: "Əksinə, bu yalnız görünən, rəsmi qeydiyyata düşən kiçik bir hissədir. Aparılan müşahidələr və sosial sorğular göstərir ki, bu problem Azərbaycanda ailələrin 70 faizindən çoxunu əhatə edir. Hətta real göstəricinin bundan da yüksək olması ehtimal olunur. Bu gün “Uşaq Qaynar Xətti”nə məişət zorakılığı, uşaqlara qarşı fiziki, psixoloji və emosional zorakılıq, eləcə də digər istismar halları ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bu isə ailə daxilində zorakılığın geniş yayılmış, lakin gizli qalan sosial problem olduğunu təsdiqləyir. Məişət zorakılığı yalnız fiziki zorakılıqla məhdudlaşmır. Onun psixoloji, iqtisadi, sosial və emosional formaları da mövcuddur. Məsələn, ailəyə maddi dəstəyin göstərilməməsi, ailə üzvlərinin asılı vəziyyətdə saxlanılması, gündəlik xərclərin ödənilməməsi, təzyiq və təcrid də zorakılığın formalarıdır. Fiziki və psixoloji zorakılıq halları ilə bağlı Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2019-cu ildə qəbul olunub. Həmin qanuna əsasən, zorakılığa məruz qalmış şəxs icra hakimiyyətləri yanında fəaliyyət göstərən Qayğı və Himayə Komissiyalarına müraciət edərək mühafizə orderi ala bilər. Əvvəllər bu order 30 gün, hazırda isə 60 gün müddətinə verilir. Mühafizə orderi o deməkdir ki, icra hakimiyyəti zorakılığı törətmiş şəxsə qarşı xəbərdarlıq qərarı çıxarır və bu qərar müvafiq polis orqanına göndərilir. Polis həmin şəxsi çağıraraq bir daha zorakılıq törətməməsi barədə rəsmi xəbərdarlıq edir. Lakin bu mexanizm əksər hallarda real qoruyucu tədbir deyil, sadəcə formal prosedur olaraq qalır. Əgər həmin 60 gün ərzində zorakılıq yenidən baş verərsə, 180 gün müddətinə məhkəməyə müraciət olunmalı, məhkəmə isə əlavə mühafizə qərarı çıxarmalıdır. Lakin bu proses də çox vaxt təsirli olmur və zorakılığın qarşısını almır. Praktikada elə hallar olur ki, şikayət edən qadın daha sonra təzyiqə, hədəyə və daha ağır zorakılığa məruz qalır. Əgər bu zorakılıq nəticəsində xəsarət yetirilərsə, inzibati və ya cinayət məsuliyyəti yaranır. Az ağır xəsarətlər zamanı İnzibati Xətalar Məcəlləsinə, ağır və xüsusilə ağır xəsarətlər zamanı isə Cinayət Məcəlləsinin 126, 127 və 128-ci maddələrinə əsasən cinayət işi açılır".
Müsahibimizin fikirncə, bütün bunlar mövcud hüquqi mexanizmlərin formal xarakter daşıdığını və real müdaxilə gücünə malik olmadığını göstərir: "Ən effektiv yol ailələrə operativ sosial müdaxilə sisteminin yaradılmasıdır. Əgər ailə daxili zorakılıqla bağlı polisə, məsələn, “102” xidmətinə müraciət daxil olursa, dərhal polis ilə yanaşı sosial xidmət qurumları, psixoloqlar və sosial işçilər də prosesə cəlb olunmalıdır. Zərərçəkən uşaqlar və risk altında olan şəxslər müvəqqəti sığınacaqlara yerləşdirilməli, onlara tibbi, psixoloji və sosial reabilitasiya xidmətləri göstərilməlidir. Polis zorakılığa qarşı hüquqi tədbir görə bilər, lakin ailədaxili münasibətlərin sağlamlaşdırılması, psixoloji yardım və sosial reabilitasiya polisin deyil, ixtisaslaşmış sosial xidmətlərin vəzifəsidir. Bu səbəbdən sosial xidmətlər sistemi gücləndirilməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və ya icra hakimiyyətlərinin nəzdində peşəkar sosial işçilər, psixoloqlar və reabilitasiya mütəxəssislərindən ibarət struktur formalaşdırılmalıdır. Yalnız bu halda məişət zorakılığı ilə mübarizə mexanizmi real və effektiv olacaq. Paralel olaraq, geniş maarifləndirmə kampaniyaları aparılmalı, ictimaiyyət televiziya, sosial media və təhsil müəssisələri vasitəsilə məlumatlandırılmalıdır".
17:01 17.02.2026
Oxunuş sayı: 644