Şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub
Xətai rayonunda şəhid mayor İlqar Tapdıq oğlu Verdiyevin şərəfinə ucaldılmış xatirə abidəsinin açılışı olub. Açılış mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, rayon sakinləri iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən jurnalist və Birinci Qarabağ müharibəsi iştirakçısı Şamil Sabiroğlu İlqar Verdiyevin həyat və xidmət yolundan bəhs edərək onun peşəkar hərbçi, yüksək intellektli və vətənpərvər zabit olduğunu vurğulayıb. Qeyd olunub ki, Bakıda anadan olan şəhid mayor Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. O, Azərbaycan Ordusu üçün zabit kadrlarının yetişdirilməsində böyük rol oynayan Türkiyə Respublikasının Kara Harp Okulunu 1996-cı ildə müvəffəqiyyətlə bitirən ilk azərbaycanlılardan biri olub. 1992-2012-ci illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. Hərbi xidməti zamanı uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışıb və bu müddət ərzində Kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlıq qurulmasında böyük rol oynayıb. 2012-ci ilin iyun ayının 9-dan 10-na keçən gecə mina partlaması zamanı xəsarət almış döyüş yoldaşını xilas edərkən özü də ağır yaralanıb. Həmin ilin iyun ayının 14-də aldığı ağır xəsarətlər səbəbindən şəhadətə ucalıb. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalına layiq görülüb.
Tədbirdə çıxış edən şəhidin anası Rəna Verdiyeva oğlunun uşaqlıqdan hərb sənətinə böyük maraq göstərdiyini, Vətənə xidmət etməyi həyatının əsas məqsədi seçdiyini qeyd edib. O, İlqarın həm Türkiyədə təhsil aldığı dövrdə, həm də sonrakı xidmət illərində nümunəvi davranışı, savadı və nizam-intizamı ilə seçildiyini vurğulayıb. Digər çıxışçılar İlqar Verdiyevin zabit kimi peşəkarlığı, gənc hərbçilərin yetişməsindəki rolu və hər zaman xatırlanacaq yüksək mənəvi keyfiyyətləri haqqında fikirlərini bölüşüblər. Qeyd edilib ki, o, tabeliyində olan hərbçilərə daim qayğı göstərir, onların problemlərinə həssas yanaşır və şəxsi nümunəsi ilə əsl zabit məktəbi yaradırdı. Döyüş yoldaşlarının, onu tanıyanların xatirələrində İlqar Verdiyev savadı, intizamı, təvazökarlığı və insanlarla ünsiyyət qurmaq bacarığı ilə seçilən bir hərbçi, bir şəxsiyyət kimi qalıb.
Çıxışlarda vurğulanıb ki, İlqar Verdiyev kimi qəhrəman oğullar Azərbaycan xalqının qürur mənbəyidir və onların xatirəsinin yaşadılması gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.
Şəhidin adını daşıyan qardaşı oğlu İlqar Verdizadə əmisi ilə qürur duyduğunu, onun adına layiq olmağa çalışacağını deyib.
Sonda şəhidin qardaşı Azər Verdiyev tədbir iştirakçılarına təşəkkür edərək İlqardan başqa, doğmaları arasında üç nəfərin də Vətən yolunda şəhid olduğunu, ailələrinin Vətənə sədaqət ənənələrinin bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Mərasimdə, həmçinin şəhidə həsr olunmuş şeir də səsləndirilib.(AZƏRTAC)
14:49 14.06.2026
Oxunuş sayı: 53