Mehriban Əliyeva yenidən prezident seçildi: AGF-ni yeni uğurlar gözləyir
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.
İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Mehriban Əliyevanın yenidən federasiyanın prezidenti seçilməsi və gözləntilər barədə Crossmedia.az-a danışan Əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Oqtay Bayramov deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə Gimnastika Federasiyasının ümumi yığıncağında yenidən növbəti 5 il müddətinə federasiyanın prezidenti seçilməsi onun bu sahədə məqsədyönlü fəaliyyətinə və təşkilatçılıq bacarığına verilən yüksək qiymətdir: “Bu gün respublikamızda gimnastika geniş yayılmış idman növlərindən biridir. Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına ilk dəfə 2002-ci ildə prezident seçilmişdir. Federasiya ötən müddət ərzində ölkədə gimnastikanın inkişafını daim diqqət mərkəzində saxlayaraq onun daha da inkişafı istiqamətində lazımi addımlar atmışdır. Bunun üçün Azərbaycanda hər cür şərait var. Təsadüfi deyil ki, bu növ üzrə ali beynəlxalq təşkilatlar da tez-tez öz yarışlarının təşkilini Bakıya etibar edirlər. Bu gün paytaxtımızda əzəmətli Milli Gimnastika Arenasında dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları, digər mötəbər beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur və iştirakçılar onlar üçün yaradılan şəraitə görə dərin razılıq hissi ilə minnətdarlıqlarını bildirirlər”.
O.Bayramov əlavə edib ki, Milli Gimnastika Federasiyası fəaliyyətini inamla davam etdirir: “Deməli, respublikamızda ən yaxşı federasiyalardan biri olan Azərbaycan Gimnastika Federasiyasını və onun üzvlərini-bədii gimnastları, idman gimnastlarını, akrobatları, aerobika və tamblinq ustalarını qarşıda yeni uğurlar gözləyir”.
15:04 17.02.2026
Oxunuş sayı: 572