Partiya sədri: Bələdiyyələr azalıb, problemlər isə bitmir
Azərbaycanda bələdiyyə idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə struktur islahatlarının davam etdirilməsinin zəruriliyi gündəmə gətirilib. Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov bələdiyyələrin sayının daha da azaldılmasının həm xərclərin optimallaşdırılmasına, həm də idarəetmədə çevikliyin təmin olunmasına mühüm töhfə verəcəyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu göstərici üzrə bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha yüksək rəqəmlərə malikdir ki, bu da yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinə və şəffaflığına mənfi təsir göstərir.

Bu barədə Crossmedia.az-a danışan ReAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, bu gün Azərbaycanda bələdiyyələrin maliyyə imkanları son dərəcə məhduddur: "Ölkə üzrə bütün bələdiyyələrin ümumi büdcəsi cəmi 1 milyon manata yaxın təşkil edir. Müqayisə üçün qeyd edək ki, Türkiyənin Qara dəniz bölgəsində yerləşən, əhalisi təxminən 300 min nəfər olan orta ölçülü bir şəhərin bələdiyyə büdcəsi təkbaşına Azərbaycanın bütün bələdiyyələrinin ümumi büdcəsindən çoxdur. Bu fakt yerli özünüidarəetmə sistemimizin nə dərəcədə zəif maliyyələşdirildiyini və real idarəçilik funksiyalarından kənarda saxlandığını açıq şəkildə göstərir. Əslində, bələdiyyələrə real səlahiyyətlər və məsuliyyət mexanizmləri verilməlidir. Struktur baxımından onların birləşdirilməsi və ya təmərküzləşdirilməsi mümkündür. Lakin əsas məsələ onların sayında deyil, səlahiyyət və resurslarının real olmasındadır. İllərdir müzakirə olunan əsas məsələ isə budur: icra hakimiyyətləri institusional baxımdan yenidən təşkil edilməli, yerli idarəetmənin əsas funksiyaları isə seçilmiş bələdiyyə orqanlarına ötürülməlidir. Daha da irəli gedərək, regional və ya ölkə səviyyəli bələdiyyə strukturlarının yaradılması, habelə birbaşa seçkilərlə formalaşan icraedici bələdiyyə rəhbərliklərinin təsis edilməsi zəruridir. Təəssüf ki, bu sahədə indiyədək əsaslı islahatlar əvəzinə yalnız texniki xarakterli, simvolik addımlar atılıb".
Siyasətçi söyləyib ki, bələdiyyələrin sayı bir neçə dəfə azaldılıb və bu gün onların sayı ilkin dövrlə müqayisədə iki dəfədən çox azdır: "Lakin bu azalma nə idarəetmənin keyfiyyətinə, nə də xidmətlərin effektivliyinə real təsir göstərməyib. Bu isə bir daha sübut edir ki, problemin kökü struktur və səlahiyyət boşluğundadır, sadəcə inzibati say dəyişikliklərində deyil".
Elmir Heydərli
16:48 17.02.2026
Oxunuş sayı: 569