Davaq xəstəliyi yenidən aktuallaşdı: Azərbaycan üçün hansı risklər var?
Cənubi Afrikada heyvanlar arasında sürətlə yayılan dabaq xəstəliyi (Foot and Mouth Disease – FMD) səbəbilə ölkə miqyasında fövqəladə vəziyyət elan edilib. Bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin rəhbəri Dr. Elias Sithole bildirib ki, Şərqi Keyp, Fri Ştat, Qautenq, Kvazulu-Natal, Limpopo, Mpumalanga, Şimal-Qərb və Qərbi Keyp əyalətlərində qeydə alınan yoluxma halları və onların miqyası nəzərə alınaraq, xəstəlik milli səviyyədə fəlakət kimi tanınıb.
Onun sözlərinə görə, bu qərar 2002-ci il Fəlakətlərin İdarə Olunması haqqında Qanuna əsasən qəbul edilib və dövlət qurumlarına daha sürətli və koordinasiyalı reaksiya verməyə imkan yaradacaq.
Qırmızı Ət Sənayesi Xidmətlərinin icraçı direktoru Dewald Olivier də qərarı müsbət qiymətləndirib. O bildirib ki, dabaq xəstəliyi ölkənin ərzaq təhlükəsizliyi və heyvandarlıq sektorunun dayanıqlılığı üçün ciddi təhlükədir.
Olivierin dediklərinə əsasən son aylarda: kəsim sayı 5 faiz azalıb, mal əti ixracı isə 26 faiz geriləyib.
Bu göstəricilərin hazırda daha da pisləşdiyi ehtimal olunur. Ekspertlər bildirir ki, ixracın azalması təkcə valyuta itkisi deyil, eyni zamanda fermerlər və ümumi istehsal zənciri üçün ciddi zərər deməkdir.
Mütəxəssislər hazırda əsas prioritetin peyvəndlərin təmin olunması, mərhələli peyvəndləmə və qurumlararası koordinasiya olduğunu vurğulayırlar. Qeyd edilir ki, gecikmə daha ağır nəticələrə yol aça bilər.
Dabaq xəstəliyinin milli fəlakət elan olunması vəziyyətin nəzarətdən çıxdığı anlamına gəlmir. Bu addım hökumətə əlavə resurslar cəlb etməyə, peyvəndlərin alınmasını sürətləndirməyə və müvafiq qurumlar arasında əməkdaşlığı gücləndirməyə hüquqi imkan yaradır.
Buna baxmayaraq, sözügedən məsələ yaxın keçmişdə Azərbaycanda çoxlarını narahat edən davaq xəstəliyini yenidən aktuallaşdırır.
Məsələ ilə bağlı İş Adamları Cəmiyyəti Milli Assosasiyasının üzvü, qida təhlükəsizliyi eksperti Tural Həsənov Crossmedia.az-ın suallarını cavablandırıb.

— Azərbaycanda davaq xəstəliyi yayıla bilərmi?
— Hazırda Azərbaycanda xaricdən diri heyvan gətirilməsi ciddi nəzarət altındadır və heyvan bazarları aktiv şəkildə qorunur. Əvvəllər bəzi xaricdən gətirilən heyvanlar karantində saxlanılmadan ölkəyə gətirilirdi ki, bu da xəstəliklərin yayılmasına səbəb ola bilərdi. Lakin hazırda ölkəmizdə bu praktikaya qəti şəkildə qadağa qoyulub. Heyvanların xaricdən gətirilməsində onların əvvəlcə karantində saxlanılması, yoxlanılması və yalnız sağlam olduqlarına əmin olduqdan sonra bazara buraxılması tələb olunur. Bu yanaşma xəstəliklərin yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur.
— Son zamanlar Monqolustan və Afrika ölkələrindən heyvan ətlərinin gətirilməsini müşahidə edirik. Bu heyvanların təhlükəsiz olması ilə bağlı proseslər necə həyata keçirilir?
— Bəli, son dövrlərdə Monqolostandan və bəzi Afrika ölkələrindən heyvanlar gətirildiyi müşahidə olunur. Bu heyvanlar xüsusi şəraitdə – məsələn, aşağı temperaturda və bağlı nəqliyyat vasitələrində daşınır, qida təhlükəsizliyi sertifikatı ilə yoxlanılır və yalnız sonra satışa çıxarılır. Bu prosedurlar sayəsində virus və digər xəstəliklərin yayılması riski minimal səviyyəyə endirilir.
— Bu xəstəliyin insanlara xüsusən uşaqlara keçmə riski varmı?
— İnsanlara keçmə riski nəzəri olaraq mövcud olsa da, düzgün bişirilmiş ət və sağlam heyvan məhsulları vasitəsilə bu risk demək olar ki, sıfıra bərabərdir. Uşaqlar da daxil olmaqla insanlar üçün təhlükə praktik olaraq yoxdur. Əsas risk heyvanlar arasında, fermalarda yayılma ola bilər ki, bu da müvafiq peşəkar heyvançılıq təcrübəsi ilə idarə olunur. Nəticə etibarilə, ölkəmizdə heyvan sağlamlığı və zoonoz xəstəliklərin qarşısının alınması üçün ciddi karantin və nəzarət tədbirləri tətbiq olunur, və bu tədbirlər xəstəliklərin yayılmasını effektiv şəkildə əngəlləyir.
Elmir Heydərli
14:29 16.02.2026
Oxunuş sayı: 717