Ey qadın, sən də özünü anamı sayırsan? - Övladını atan valideynin psixi problemi var
Son günlər Gəncədə bir qadının yeni doğulmuş övladını xəstəxanada qoyaraq ondan imtina etməsi ilə bağlı yayılan məlumat cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olub. Bu kimi hadisələr hər nə qədər nadir hallarda baş versə də, həm sosial, həm psixoloji, həm də mənəvi müstəvidə dərin suallar doğurur.
Belə hallar nədən qaynaqlanır? Burada əsas amillər sosial-iqtisadi çətinliklər, ailədaxili problemlər, psixoloji gərginlik, doğuşdan sonrakı depressiya, dəstək mühitinin olmaması və bəzən də ciddi psixi sağlamlıq problemləri ilə bağlı ola bilər. Eyni zamanda, maarifləndirmənin zəifliyi və sosial dəstək mexanizmlərinin yetərincə effektiv işləməməsi də bu cür qərarların verilməsində rol oynaya bilər.
Bu cür halların qarşısının alınması üçün isə məsələni yalnız fərdi məsuliyyət prizmasından deyil, kompleks yanaşma çərçivəsində dəyərləndirmək lazımdır. Güclü sosial müdafiə mexanizmləri, psixoloji yardım xidmətlərinin əlçatanlığı, ailə institutunun möhkəmləndirilməsi, ictimai nəzarət və maarifləndirmə tədbirləri mühüm əhəmiyyət daşıyır. Cəmiyyət və dövlət birlikdə elə bir mühit formalaşdırmalıdır ki, heç bir ana özünü çıxılmaz vəziyyətdə hiss etməsin və belə ağır qərar vermək məcburiyyətində qalmasın.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib:
"Bu faciəvi hadisələrə dünyanın bir çox ölkəsində rast gəlinir. Xoşbəxtlikdən Azərbaycanda bu cür hallar nadir hallarda baş verir. Bu da xalqımızın mənəvi baxımdan nə dərəcədə sağlam və dəyərlərə bağlı olduğunun göstəricisidir. Lakin təəssüf ki, istisna hallarda belə şəxslər ortaya çıxa bilir.

Bunun əsas səbəbi isə çox ciddi bir problemlə — konkret olaraq psixi sağlamlıqla bağlı məsələlərlə əlaqədardır. Psixi cəhətdən sağlam olan heç bir insan heç bir vəziyyətdə belə addım atmaz. Burada söhbət yalnız psixi problemi olan şəxslərdən gedə bilər. Mənəvi cəhətdən tam çökmüş, deqradasiyaya uğramış və psixi pozuntuları olan bir şəxs belə bir əməli törədə bilər. Bundan daha faciəli bir insanlıq halı təsəvvür etmək çətindir. Yaxşı haldır ki, bizdə bu cür hadisələr nadir baş verir. Amma qeyd etdiyim kimi, belə əməlləri törədən şəxslərin çox ciddi psixi problemləri olur. Əgər araşdırma aparılsa və psixi müayinədən keçirilsələr, düşünürəm ki, bu şəxslərin böyük əksəriyyətində — ən azı 90 faizində — psixi xəstəlik aşkar edilər. Bəziləri isə əxlaqi baxımdan ciddi deqradasiyaya uğramış, mənəvi cəhətdən çürümüş insanlar ola bilər. Bu baxımdan hesab edirəm ki, son dövrlərdə Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ailə siyasətində mühüm məqamlar var. Məsələn, nikaha daxil olarkən tibbi müayinədən keçmək məsələsi olduqca vacibdir. Evlənən şəxslər həm psixi, həm bioloji, həm də fiziki baxımdan müayinədən keçirilməli, hər hansı ciddi xəstəliklərin olub-olmaması müəyyənləşdirilməlidir. Çünki ağır psixi xəstəlikləri olan şəxslərin nəzarətsiz şəkildə ailə qurması və uşaq sahibi olması gələcəkdə ciddi problemlərə yol aça bilər. Əgər əvvəlcədən müəyyənləşdirilsə ki, şəxsin ağır psixi problemi var, bu halda risklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülə bilər".
Ekspert əlavə edib ki, bununla yanaşı, qohumlar, qonşular və bütövlükdə cəmiyyət də belə hallara qarşı diqqətli olmalıdır: "Əgər haradasa uşağa qarşı zorakılıq və ya qeyri-insani münasibət halları müşahidə edilirsə, bu barədə dərhal müvafiq orqanlara məlumat verilməlidir. İctimai nəzarət mexanizmi də işləməlidir ki, heç kim öz övladına qarşı belə cinayət törətməsin. Ümumilikdə götürdükdə, bu kimi hadisələr həm mənəvi deqradasiyanın, həm də psixi problemlərin nəticəsidir. Normal, sağlam düşüncəli insan belə bir əməl törətməz. Xüsusilə bizim cəmiyyətimizdə bu cür hallar xarakterik deyil. Əgər psixi müayinələr daha sistemli şəkildə aparılsa, hətta müəyyən dövrlərdə əhalinin psixi sağlamlığının qiymətləndirilməsi təşkil olunsa, potensial risk daşıyan şəxslər vaxtında aşkar edilə bilər və onların cəmiyyət üçün yarada biləcəyi təhlükələrin qarşısı əvvəlcədən alınar.
Ümumiyyətlə, müxtəlif ağır cinayətlər törədən şəxslərin əksəriyyətində ciddi psixi problemlər olur. Bu problemlər vaxtında aşkar edilərsə, bir çox halların qarşısını almaq mümkündür. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği də mühüm əhəmiyyət daşıyır. Cəmiyyət olaraq dəyərlərimizi yaşatmalı və gələcək nəsillərə ötürməliyik ki, insanlar mənəvi deqradasiyaya uğramasın, heç bir şəraitdə bu cür faciəvi hallara yol verilməsin. Əminəm ki, bu istiqamətdə kompleks tədbirlər görülsə, Azərbaycanda onsuz da nadir rast gəlinən belə hadisələrin qarşısı tam şəkildə alına bilər və nə belə halların baş verməsi üçün zəmin yaranar, nə də kimsə bu cür cinayət törətməyə cəsarət edər".
13:39 14.02.2026
Oxunuş sayı: 762