Qəbir, ölüm, itki – Bu yuxuların mənası açıqlandı
Bəzən insanlar gördükləri yuxuların təsirindən uzun müddət çıxa bilmirlər. Kimi yuxuda ölüm və itki ilə üzləşir, kimi gələcək uğurlarını, bəziləri isə dini işarələr və xəbərdaredici məqamlar gördüyünü düşünür. Bu cür yuxular bir çox hallarda insanlarda təşviş, qorxu və sual doğurur, onları yuxunun mənasını axtarmağa, təbir və yozumlara üz tutmağa vadar edir. Mütəxəssislər isə bildirir ki, yuxular təkcə mistik deyil, həm də insanın daxili dünyasının, stressinin və gündəlik düşüncələrinin bir əksidir.
Bu barədə Crossmedia.az-a danışan professor, NLP (neyrolinqvistik proqramlaşdırma) və karmologiya üzrə ustad Namiq Qüdrətov İslamda yuxuların ümumi olaraq 3 növə bölündüyünü vurğulayıb:
“Rəhmani yuxular – Allahdan gələn xəbərdarlıq və ya müjdədir. Nəfsani yuxular – insanın gündəlik düşüncələri və stressi ilə bağlı olur. Şeytani yuxular isə qorxuducu və narahat edən yuxulardır. Belə ki, qəbir və məzar yuxuda bir mənalı yozula bilmir. Yuxu yozanlar əsasən bir neçə sual verə bilərlər ki, yuxunun tam təfsiratını əhatə etsinlər. Məsələn, yuxunun sakitlik, yoxsa qorxu yaratması, qəbiristanlıqda, yoxsa tək qəbir olması, tanış adamın, yoxsa naməlum şəxsin olması yuxuyozma zamanı vacibdir”.
Mütəxəssisin sözlərinə görə, İslamda yuxuyozmaları zamanı bəzi faktorlara diqqət verilir:
“Əsas qayda yuxunun vaxtıdır. Əgər yuxu səhərə yaxın görülürsə, daha doğru sayılır. Gecə görülən qarışıq yuxular isə çox vaxt nəfsani hesab olunur. Qəbir yuxusu fərqli yozula bilər. Əgər yuxu qorxu yaradıbsa, bu, daxili narahatlığa işarədir. Sakitlik yaradırsa, hikmət, düşüncə, dəyişiklik və yenilənməyə işarə edir. Məsələn, qəbir qazmaq bəzən ev tikmək və ya yeni həyata başlanğıc kimi, qəbirdə olmaq isə sıxıntı və ya dəyişiklik kimi yozula bilər. Avropa yuxu yozmalarında psixoloq Millerin işləri daha təqdirəlayiq və doğru sayılır. Millerə görə, qəbir yuxuları keçmişi buraxmaq, köhnə münasibətin, işin və ya həyat mərhələsinin sonu kimi qiymətləndirilir. Qəbir transformasiya simvolu kimi qeyd edilir. Belə ki, köhnə ‘mən’ ölür, yeni ‘mən’ formalaşır. Çox vaxt qəbir yuxuları həyatda dəyişiklik, psixoloji yorğunluq, keçmişi bağlama, mənəvi düşüncə, tövbə və özünü analiz etməklə əlaqələndirilir”.
Xorxe Luis Borxesin bu mövzuda bir fikri də var:
“Deyirlər ki, yuxu boş şeydir, sadəcə ağlın oyunudur. Bəs niyə yaxşı yuxudan sonra ruh sanki daha işıqlı oyanır, narahat yuxudan sonra isə gün daha ağır görünür? Əgər yuxu heç nədirsə, niyə o, bizim reallığımızda bu qədər dərin iz buraxır?”
İslamda isə yuxu haqqında Zümər surəsində (39:42) belə deyilir (məna tərcüməsi):
“Allah canları (ruhları) onların ölümü zamanı alır, ölməyənlərin isə yuxuda ruhlarını alır. Ölümünə hökm etdiyini saxlayır, digərini isə müəyyən olunmuş vaxta qədər geri qaytarır. Həqiqətən, bunda düşünən insanlar üçün ibrətlər vardır”.
N.Qüdrətov son olaraq əlavə edib ki, yuxu “kiçik ölüm” kimidir. Yatanda ruh Allahın nəzarətinə keçir. Əgər Allah ruhu qaytararsa, insan oyanır. Əgər qaytarmasa (ip qırılsa), insan vəfat edir.
Fatimə Məmmədova
09:34 14.02.2026
Oxunuş sayı: 682