Gürcüstandakı yeni qadağalar Azərbaycan bazarına necə təsir edəcək?
Son illər region ölkələrində avtomobil idxalı ilə bağlı tətbiq olunan məhdudiyyətlər təkcə ekoloji və nəqliyyat siyasətinin tərkib hissəsi deyil, eyni zamanda regional bazarlara ciddi təsir göstərən iqtisadi alətə çevrilib. Bu baxımdan Gürcüstanda istismar müddəti 6 ildən artıq olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan yeni qanun layihəsi təkcə həmin ölkənin daxili bazarı üçün deyil, eyni zamanda Cənubi Qafqazda avtomobil ticarətinin marşrutlarını dəyişdirə biləcək qərar kimi qiymətləndirilir.
Xüsusilə, son illər Gürcüstan üzərindən idxal edilən ikinci əl avtomobillərin böyük hissəsinin Azərbaycan bazarına yönəlməsi nəzərə alınarsa, bu qərarın ölkəmizdə avtomobil qiymətlərinə, seçim imkanlarına və ümumilikdə bazar strukturuna təsirsiz ötüşməyəcəyi aydındır. Yeni məhdudiyyətlər fonunda Azərbaycan bazarında həm təklifin azalması, həm də alternativ idxal kanallarının aktuallaşması ehtimalı artmaqdadır.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Gürcüstandan, belə demək mümkünsə, istismar müddəti altı ildən yuxarı olan nəqliyyat vasitələrinin gətirilməsi qadağan edilib. Bu qərarın müvəqqəti də olsa, Azərbaycana da təsiri olacaq. Xüsusilə də avtomobil bazarında qiymət artımı qaçılmazdır.
Məlumdur ki, Azərbaycanda avtomobillərin idxalı ilə bağlı yaş həddi səkkiz il, Gürcüstanda isə bu göstərici altı ildir. Hər iki ölkənin bu sahədə öz hüquqi əsasları və tənzimləmə mexanizmləri mövcuddur. Lakin fərq ondadır ki, Gürcüstana gətirilən avtomobillərin bir hissəsi sonradan yerli əhalidən alınıb Azərbaycana gətirilir. Məhz bu hal bazarda qiymətlərin artmasına birbaşa təsir göstərir.
Əgər həmin nəqliyyat vasitələri tranzit rejimində Gürcüstan ərazisindən keçərsə, bu zaman həmin məhdudiyyətlər onlara şamil edilmir və Gürcüstan tərəfi üçün hüquqi öhdəlik formalaşmır.
Qeyd etmək lazımdır ki, hazırda avtomobil alqı-satqısı zamanı Azərbaycan vətəndaşları çox vaxt Gürcüstan vətəndaşları – xüsusən də soydaşlarımız vasitəsilə bu prosesi həyata keçirirlər. Bu halda avtomobil əvvəlcə Gürcüstanda qeydiyyata alınmalı, daha sonra isə Azərbaycana gətirilməlidir. Məhz bu prosedurlar da əlavə xərclər yaratdığı üçün qiymətlərin yüksəlməsinə səbəb olur.
Nəticə etibarilə demək olar ki, istəsək də, istəməsək də, mövcud şəraitdə Azərbaycan avtomobil bazarında qiymət artımı qaçılmazdır".
Məsələnin iqtisadi tərəfləri ilə bağlı isə iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycana idxal edilən avtomobillərin böyük bir qismi Gürcüstan ərazisindən tranzit keçməklə ölkəyə gətirilir. Gürcüstanda tətbiq olunması nəzərdə tutulan yeni qaydalar isə tranzit rejimində olan avtomobillərə şamil edilməyəcək. Bu dəyişikliklər yalnız Gürcüstan ərazisinə gətirilərək daxili bazarda satılan avtomobillərə aid olacaq.
Eyni zamanda, Azərbaycanda da avtomobil idxalı ilə bağlı artıq mövcud məhdudiyyətlər var. Belə ki, istehsal ilinə görə Avropa və Asiya mənşəli avtomobillər üçün fərqli vaxt çərçivələri tətbiq olunur. Bu səbəbdən Gürcüstandakı dəyişikliklərin Azərbaycan bazarına ciddi təsir göstərəcəyi gözlənilmir.
Bununla belə, müəyyən qədər dolayı təsirin olması istisna edilmir. Çünki Gürcüstan regionda əsas tranzit ölkələrdən biri olduğu üçün bu dəyişikliklər bazarda psixoloji və qiymət dinamikasına qismən təsir göstərə bilər.
Qeyd etmək lazımdır ki, 2026-cı ildə Azərbaycan avtomobil bazarında müəyyən durğunluq gözlənilir. Bunun əsas səbəbi hökumət tərəfindən tətbiq edilən vergi və gömrük güzəştlərinin ləğv olunmasıdır. Xüsusilə, hibrid və elektrik avtomobillərinə verilən güzəştlərin aradan qaldırılması bazarda qiymət artımına və tələbin azalmasına səbəb olacaq.
Nəticə etibarilə, avtomobil bazarında baş verəcək mümkün durğunluq yalnız Gürcüstanın verəcəyi qərarlardan asılı deyil. Hətta demək olar ki, bu təsirin çox kiçik bir hissəsi Gürcüstanla bağlıdır; əsas amillər daxili iqtisadi və fiskal siyasətlə əlaqəlidir".
Elmir Heydərli
12:14 14.02.2026
Oxunuş sayı: 685