Aqil Abbas açıqladı: Müharibə ilə bağlı söhbətlər...
Azərbaycan iqtisadiyyatında son illər müşahidə olunan inkişaf dinamikası və investisiya mühitinin sabitliyi ölkənin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda formalaşdırılmış müsbət investisiya iqlimi, xarici və yerli sərmayələrin qanunvericilik və praktik mühitdə etibarlı şəkildə qorunması, eləcə də transmilli şirkətlərlə uzunmüddətli əməkdaşlıq təcrübəsi ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, neft-qaz layihələrində əldə edilən bu etibarlı tərəfdaşlıq modeli rəqəmsal transformasiya mərhələsində də beynəlxalq texnologiya şirkətləri ilə münasibətlərdə əsas üstünlüklərdən biri kimi çıxış etməlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda əmin-amanlıq və sabitlik mühiti formalaşıb, müharibə ilə bağlı söhbətlər arxa plana keçib. Bu şəraitdə ölkənin diqqəti daha çox təhlükəsizlikdən inkişaf və əməkdaşlıq mərhələsinə yönəlir. Hazırda Azərbaycan həm ABŞ, həm Avropa ölkələri, həm də Orta Asiya dövlətləri ilə tərəfdaşlıq münasibətlərini genişləndirir və bu əməkdaşlığın gələcəkdə daha da artacağı gözlənilir. Ölkədə müşahidə olunan yüksək inkişaf tempi xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında özünü göstərir. Azərbaycan 14 rayonu faktiki olaraq sıfırdan yenidən qurur, dağıdılmış infrastruktur bərpa olunur, şəhər və kəndlərin əvvəlki vəziyyəti yenidən formalaşdırılır".
Deputat əlavə edib ki, Qarabağın yenidən qurulması və dirçəldilməsi böyük maliyyə vəsaiti tələb edir və bu proses ölkənin ümumi iqtisadi inkişafının nəticəsi kimi həyata keçirilir: "Bu prosesdə yerli sahibkarların iştirakı da mühüm məsələlərdən biridir. Hesab olunur ki, sahibkarlar müəyyən səviyyədə iştirak etsələr də, onların bu prosesə daha geniş şəkildə cəlb olunmasına ehtiyac var. Bununla yanaşı, sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsləri də qəbul edilir. Bu addımlar sahibkarların fəaliyyətini genişləndirməyə, iqtisadi fəallığı artırmağa və ümumilikdə ölkənin iqtisadi inkişafına əlavə töhfə verməyə yönəlib".
Ayhan
15:23 14.02.2026
Oxunuş sayı: 639