Diqqətli olmaqda fayda var-Alıcılar necə aldadılır?
Azərbaycanda ötən il haqsız rəqabət halları ilə bağlı aparılan araşdırmalar zamanı əmtəə nişanlarından qanunsuz istifadə edilməsi əsas pozuntu növü olub.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən verilən məlumata görə, ötən il haqsız rəqabət halları ilə bağlı ümumilikdə 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb. Araşdırmalar nəticəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb.
Eyni zamanda, 23 təsərrüfat subyekti rəqabət qanunvericiliyinin pozulması hallarını könüllü şəkildə aradan qaldırıb.
Bildirilib ki, il ərzində haqsız rəqabət halları ilə bağlı pozuntuların mahiyyəti üzrə bölgüdə əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi halları üstünlük təşkil edib. Bu kateqoriya üzrə 55 fakt qeydə alınıb.
Bununla yanaşı, digər haqsız rəqabət halları üzrə 20 pozuntu müəyyən edilib.
Rəqabət mədəniyyətinin təşviqi, sahibkarlar arasında bərabər imkanların təmin olunması dayanıqlı biznes mühitinin formalaşmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır.
Bu barədə Crossmedia.az-a danışan iqtisadçı Əkrəm Həsənov söyləyib ki, haqsız rəqabətin əsas formalarından biri başqa şirkətə məxsus əmtəə nişanına bənzər ad və ya vizual elementlərdən istifadə edilməsidir:

"Bəzi hallarda məhsulun adı və ya dizaynı birbaşa təkrarlanmasa da, oxşarlıq istehlakçıların çaşdırılmasına səbəb olur və alıcı məhsulu tanınmış şirkətə aid hesab edir. Bu cür hallarda əsas məsuliyyət ilk növbədə əmtəə nişanının sahibinin üzərinə düşür. Belə ki, hüquq sahibi qanunsuz istifadə faktı ilə qarşılaşdıqda məhkəməyə və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir. Agentlik müəyyən hallarda bu cür faktları özü də araşdıra bilər, lakin bütün əmtəə nişanlarının bazarda tətbiqinə eyni vaxtda nəzarət etmək praktiki baxımdan mümkün deyil".
Nigar Yahyazadə
14:44 14.02.2026
Oxunuş sayı: 575