Bakı şəhər bələdiyyəsi yaradılır
İllərdir insanların gözləntiləri arasında ön sıralarda duran məsələ – şəhər bələdiyyələrinin yaradılması hələdə aktual olaraq qalır. Belə ki, şəhər bələdiyyələri sadəcə kağız üzərində qurumlar deyil, onlar vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərən, şəhərin inkişafını, xidmətlərin keyfiyyətini və sosial layihələrin həyata keçirilməsini yönləndirən təşkilatlardır.
Milli Məclisin deputatı Fazil Mustafa dünənki çıxışında böyük şəhər bələdiyyəsinin yaradılması təklifini dəstəklədiyini bildirib. O, qeyd edib ki, hər hansı şəhərdə otuzdan artıq bələdiyyə fəaliyyət göstərirsə, həmin şəhər üzrə böyük şəhər bələdiyyəsinin yaradılması nəzərdə tutulsun.
Bəs ilkin olaraq, Bakı şəhər bələdiyyəsinin yaradılması reallaşa bilərmi?
İqtisadçı ekspert Natiq Cəfərli Crossmdia.az-a bildirib ki, böyük şəhər bələdiyyələri yaradılmalı, bir başa mer seçkiləri olmalı, onların məsuliyyəti və səlahiyyəti artırılmalı, yerli icra hakimiyyəti institut olaraq ləğv edilməlidir ki, yerli özünüidarəetmə bələdiyyələrə keçsin:

"Bu bizim çoxdankı istəklərimiz və arzularımız olub. İllərdir bunu dilə gətirmişik. Belə ki, 20 ilə yaxındır ki, bu haqda müzakirələr gedir. Təbii ki, onların səlahiyyəti, məsuliyyəti, büdcəsi artırılsa kifayət qədər ciddi dəyişikliklərə, insanlara yaxın bir idarəetmə formasının yaranmasına səbəb ola bilər. Bu çox gözəl təşəbbüs olar. Çünki Azərbaycan keçmiş postsovet ölkələrindən böyük şəhər bələdiyyələri yaradılmayan yeganə ölkədir. Söhbət Avropa Şurasına üzv olan ölkələr arasında gedir".
Ekspert əlavə edib ki, aşağı-yuxarı Azərbaycanın spesifik məsələlərini nəzərə almaqla Türkiyə modelinə bənzər bir modelin yaradılmasına ehtiyac var.
Fatimə Məmmədova
15:30 14.02.2026
Oxunuş sayı: 666