Ramiz Mehdiyev bütün titullarından məhrum ediləcək
Bir neçə aydır dövlətə xəyanət və cinayət yolu ilə vəsait leqallaşdırmaqda təqsirli bilinən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin fəxri adından, medallarından və ordenlərindən məhrum edilməsi ilə bağlı müzakirələr gündəmdədir.
Qeyd edək ki, Mehdiyev həmçinin xarici dövlət orqanlarının köməyi ilə ölkədə dövlət hakimiyyətinə təsir göstərməyə və konstitusiya quruluşunu dəyişməyə çalışıb.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar ağır cinayət tərkibi daşıyır və bu, dövlətə xəyanət kimi də qiymətləndirilə bilər:
“Ramiz Mehdiyevin ittiham olunduğu maddələr onun ağır cinayətlərə yol verdiyini göstərir. Bu baxımdan, o, Elmlər Akademiyasının üzvlüyündən, həmçinin ona verilmiş Heydər Əliyev ordeni və digər dövlət təltiflərindən məhrum edilməlidir. Hakimiyyətə qarşı formalaşdırdığı təxribatçı siyasət, eləcə də xarici kəşfiyyat orqanları ilə əlbir olaraq, dövlət çevrilişinə cəhd etməsi onun indiyədək aldığı dövlət təltiflərindən məhrum olunmasına əsas yaradır. Bu qərarı məhkəmə verməlidir”.
Politoloq qeyd edib ki, hazırda Mehdiyev bir sıra elmi və ictimai titullarını hələ də saxlayıb və bu istiqamətdə konkret addımlar atılmalıdır:
“Dövlətin müvafiq instansiyaları var və onlar Mehdiyevin orden, medal və fəxri adlardan məhrum edilməsi ilə bağlı qərar verə bilərlər. Bunun üçün hüquqi mexanizm mövcuddur, sadəcə onun icrası qalır”.
Fatimə Məmmədova
15:58 14.02.2026
Oxunuş sayı: 904