“Hər şagirdə bir kitab” layihəsi bölgələrdə böyük dəyişimin əsasını qoyur
Bugün dünyada bilik və mədəniyyətin əhəmiyyətini bir daha xatırladan xüsusi gündür – Kitab Bağışlama Günü. İnsanlar bir-birilərinə yalnız söz və sətirlərdən ibarət olan, amma içində sonsuz dünyalar saxlayan hədiyyələr verirlər. Bu gün hər bir kitab, oxucusuna yeni düşüncələr, yeni hisslər və yeni üfüqlər açmaq üçün bir körpü rolunu oynayır. Hər bağışlanan kitab, sadəcə bir hekayə və ya məlumat dəsti deyil, həm də paylaşılmış bir dəyər, gələcək nəsillərə ötürülən bilik mirasıdır. Kitab sadəcə kağız üzərində sözlər toplusu deyil. Kitab insanın dünyaya baxışını, düşüncə tərzini, hətta həyatını dəyişdirən bir gücdür. O, cəmiyyətimizin açarıdır. Mədəniyyətimizin, ədəbiyyatımızın, elmin və hikmətin əsas sütunudur. Bir kitab oxumaq sadəcə vaxt keçirmək deyil; o, insanın dünyagörüşünə qapılar açır, yeni ideyalar, fərqli perspektivlər və dərin düşüncələr gətirir.Hər kəsin həyatında kitab oxumağa başlama anı fərqlidir, amma əsl möcüzə, kitab oxumağa təşviq edən insanlarda gizlidir. Kitaba maraq oyadan, insanları oxumağa dəvət edən müəllimlər, valideynlər, dostlar və ya yazıçılar, əslində böyük bir yaxşılıq edirlər. Onlar yalnız sözləri paylamırlar; onlar düşüncələri, bilikləri və həyatı dəyişdirən imkanları yayırlar. Kitab oxumağa başlayan hər bir insan, bu dəvətin nəticəsi olaraq dünyanı daha geniş görür, daha düşüncəli olur, daha anlayışlı olur. Bu səbəbdən kitab yalnız şəxsi inkişafın deyil, həm də cəmiyyətin inkişafının təməl daşıdır. İnsanları kitaba cəlb edən hər kəs isə əslində cəmiyyətə xidmət edir, onları düşünməyə, öyrənməyə və böyüməyə sövq edir. Beləliklə, kitab oxumaq bir əyləncə, bir alışqanlıq deyil; o, həyatın özü ilə dialoq, cəmiyyətlə ünsiyyət və insanın özünü kəşf etmə yoludur. Kitabı sevdirən insan isə yalnız oxuyan üçün deyil, bütün cəmiyyət üçün işıq saçan bir pəhləvandır.
"Hər şagirdə bir kitab" layihəsi həyata keçirən insanların arasında xüsusi əməyi olanlardan biri də Gülər Abdullayevadır. Belə ki, o, həm Quba rayonunun Qəçrəş kəndində müəllimə kimi fəaliyyət göstərir, həm də ADA Universitetində təkmilləşdirici təhsil alır. Gülər xanım və ADA Universitetindəki tələbə yoldaşları birlikdə Qazax rayonu və ətraf kəndlər üçün xüsusi bir layihəyə start veriblər. Bu layihənin məqsədi kənd məktəblərini kitabla təmin etməkdir, yəni uşaqlara oxumaq, öyrənmək və dünyanı kəşf etmək imkanları yaratmaqdır. Belə təşəbbüslər göstərir ki, müəllimlik sadəcə sinif otağı ilə məhdudlaşmır; o, həm də düşüncələri paylaşmaq, cəmiyyətə təsir göstərmək və gələcək nəsillərə ilham verməkdir.

Gəlin, belə insanlar daha çox olsun deyə arzu edək və bu gözəl təşəbbüsə görə onlara ürəkdən təşəkkür edək. Çünki hər açılan kitab uşaqların dünyasına yeni qapılar açır, hər paylaşılan söz isə gələcəyimizə işıq salır.
Həyata keçirilən layihə ilə bağlı Gülər Abdullayeva həmsöhbətimiz olub. O Crossmedia.az-a açıqlamasında bildirib:
""Hər şagirdə bir kitab" layihəsi çərçivəsində bölgə məktəblərində çalışan müəllimlərimiz və ADA Universiteti Qazax Mərkəzi magistratura tələbələri olaraq, şagirdlərə kitab hədiyyə etmə kampaniyasına başlamışıq. Bölgələrdə yerləşən rayon və kənd məktəblərində və Gürcüstanda yerləşən Azərbaycan dilli məktəblərdə Azərbaycan dilində kitab çatışmazlığının azaldılması və şagirdlərə motivasiya olmaq üçün "Hər şagirdə bir kitab" layihəsi çərçivəsində müxtəlif məzmunlu kitablar toplayırıq".

G.Abdullayeva qeyd edib ki, hədəf - bölgələrdə çalışan müəllimlərimiz vasitəsilə rayon və kənd məktəblərində təhsil alan və Gürcüstanda yerləşən Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərə kitab hədiyyə etməkdir:
"Kitabların yerli və dünya ədəbiyyatından tərbiyə yönümlü, əxlaqi və müxtəlif dəyərlər aşılayan, milli və ümumbəşəri dəyərlərin mənimsənilməsində faydalı, motivasiya, məsuliyyət və sosial davranış məzmunlu olmasını nəzərdə tutmuşuq.
Yanvar ayında toplanan kitablar Gürcüstanda yerləşən Azərbaycan dilli məktəblərə və Şəki, Bərdə, Ağdam, Tərtər, Quba, İmişli olmaqla bir çox bölgə məktəblərinə göndərildi".

G.Abdullayeva, həmçinin, vurğulayıb ki, ADA Universiteti, Xəzər Universiteti, Dünya məktəbi, Bakı İstanbul liseyi, TAİM, ABC academy, Papillon kitab evi, Qırmızı ürəklər fondu, Qala sığorta layihəyə dəstək olub.
Fatimə Məmmədova
12:55 14.02.2026
Oxunuş sayı: 765