Günay Ağamalı atasının ona qoyduğu mirası AÇIQLADI
Millət vəkili Günay Ağamalı atası Fəzail Ağamalının vəfatı ilə bağlı ona başsağlığı verən hər kəsə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı statusda atasının itkisinin ailəsi üçün böyük sarsıntı olduğunu bildirib.
“Atam, ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbəri eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə dərin təşəkkürümü bildirirəm”, - o yazıb.
Günay Ağamalı qeyd edib ki, bu çətin günlərdə göstərilən diqqət və ehtiram ailələri üçün böyük təsəlli olub:
“Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün dəyərlidir. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir”.
Millət vəkili vida və yas mərasimlərində iştirak edən, kədəri bölüşən hər kəsə minnətdarlığını ifadə edərək vurğulayıb ki, atasının xatirəsi onlar üçün həm ailə dəyəri, həm də həyat məktəbidir:
“Atam bizim üçün əqidə və mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir”.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan, 6 çağırış deputat seçilən 78 yaşlı F.Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
11:00 13.02.2026
Oxunuş sayı: 605