Mədəniyyət

Şəhid zabitimizə həsr olunan pyes təqdim edilib

"SƏS" qəhrəmanlıq pyesi dramının premyerası keçirilib. Bu pyesi Adilə Nəzəri "Axirətdən gələn səs" pyesi əsasında İftixar Piriyev qeyri-səlis təbəddülat janrında yazıb. Tamaşa, şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr edilib.

Azərbaycan torpağının igid qəhrəmanlarından biri olan mayor Vüsal Vəliyev, vətənpərvərlik ruhunun əsl simvolu idi. Mayor Vüsal Vəliyev, Azərbaycanın qəhrəman oğullarından biri olaraq, 2020-ci il 9 noyabrda Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Gecənin qaranlığında, sanki Şuşanın daşları və uca dağları onun qəhrəmanlığını pıçıldayırdı.

Tamaşanın ən təsirli səhnələrindən biri, Vüsalın atası diz çökərək, "Allah, oğluma şəhidliyi qismət eləsən, mənə də ölüm qismət et" sözləri ilə dualar etməsi idi. Bu anlar, tamaşaçılar arasında dərin duyğusal reaksiya yaratdı və göz yaşlarına səbəb oldu. Onun ürəkdən gələn bu duaları, tamaşaçıların qəlbində dərin bir iz buraxdı. Bu dramatik an, tamaşaçılara Vüsalın və atasının bir-birinə olan mənəvi bağlılığını göstərdi.



Vüsal vətənin müdafiəsi üçün döyüş meydanına getməzdən əvvəl, həyatının ən gözəl anlarından birini yaşadı - sevdiyi qızla nişanlandı. Mayor Vüsal Vəliyev və nişanlısı İnci arasında sanki bir nağıl yaşanırdı. İnci və Vüsalın tanışlığı çayın kənarında başlamışdı, axar suyun yanında, sanki taleləri də su kimi axıb bir-birinə qarışmışdı. Bir gün Vüsal, İnciyə baxaraq dedi: "Evlənərsən mənimlə? Ailə qurarsan?" İnci gülümsədi, gözlərində sevgi parladı və başını təsdiq edərək, "Bəli," dedi. Onların bu anı, sanki zamanın özündə donmuşdu. Lakin müharibə onların həyatını dəyişdi və Vüsal cəbhəyə yola düşdü.

Tamaşanın təsirli səhnələrindən birində, düşmənlər hürən itlər kimi təsvir olunur. Lakin onların hər hürməsi, əslində qorxularını və acizliklərini göstərir. Bu səhnədə düşmənlər, Vətənin qəhrəman müdafiəçiləri qarşısında baş əyirlər. Onlar sanki güclərini itirir, igidlərimizin qətiyyəti və cəsarəti qarşısında əyilir və hürən itlər kimi aciz hala düşürlər.

Vətən müharibəsi qəhrəmanı şəhid mayor Vüsal Vəliyevin qardaşı, fəlsəfə doktoru Elyar İslamoğlu Crossmedia.az-a premyera ilə bağlı fikirlərini bildirib:

“Adilə Nəzəri "Axirətdən Gələn Səsi" pyesini yazmaq istədiyini bildirdi və mənə müraciət etdi. Qardaşım şəhid Vüsal Vəliyevlə bağlı bu pyesi hazırlamaq üçün, uşaqlığından hərbi xidmətinə, nişanlandığı dövrə qədər bütün məlumatları bizdən öyrəndi. Mən təşəkkür edirəm ki, Adilə xanım belə bir təşəbbüsü həyata keçirdi.

Tamaşada millət vəkilləri, icra hakimiyyətinin nümayəndələri, akademiyanın professorları, şəhid və qazi ailələri, mətbuat nümayəndələri, şəhid Vüsal Vəliyevin qohum-əqrabası və tanıdığımız-tanımadığımız çox sayda insan iştirak etdi. Hətta şəhid generalımız Polad Həşimovun anası və ailə üzvləri də buradaydılar”.


Samirə Şərif 

17:26 04.12.2024

Oxunuş sayı: 8611

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR