Alim: Nizami Gəncəvi irsi Azərbaycanla Gürcüstan arasında mühüm mədəni körpü rolunu oynayır
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Nizami Gəncəvinin bərpa edilmiş büstü yenidən ictimaiyyətə təqdim olunub. Şairin 2012-ci ildə ucaldılan büstü bir müddət əvvəl zədələndikdən sonra Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə restavrasiya edilib. Açılış mərasimində Azərbaycan səfirliyinin nümayəndələri, ictimaiyyət və yerli sakinlər iştirak ediblər.
Büstün bərpası yalnız abidənin əvvəlki görkəminə qaytarılması ilə məhdudlaşmayıb, tədbir çərçivəsində Nizami Gəncəvinin ədəbi irsi və onun Azərbaycan-Gürcüstan mədəni əlaqələrindəki rolu da müzakirə olunub. Marneulidəki Azərbaycan Evində davam edən görüşdə şairin yaradıcılığının iki xalq arasında mədəni və ədəbi əlaqələrin inkişafındakı əhəmiyyətinə diqqət çəkilib.
Türkoloq, alim Tünzalə Əlizadəqızı Crossmedia.az-a açıqlamasında Nizami Gəncəvi irsinin Gürcüstanda, xüsusilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində qorunması və təbliğinin əhəmiyyətindən danışıb.

O, böyük Azərbaycan şairinin irsinin yaşadılmasının həm milli-mədəni yaddaşın qorunmasına, həm də Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib:
"Nizami Gəncəvi irsinin Gürcüstanda, xüsusilə azərbaycanlıların kompakt yaşadığı Marneuli kimi şəhərlərdə yaşadılması Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu, Azərbaycanın zəngin klassik ədəbiyyatının Gürcüstanda tanıdılmasına və iki xalq arasında mədəni dialoqun güclənməsinə xidmət edir. Marneuli kimi azərbaycanlıların sıx yaşadığı bölgələrdə Nizami irsinin qorunması milli-mədəni kimliyin və Azərbaycan dilinin yaşadılmasına da töhfə verir".
Alimin fikrincə, bu cür təşəbbüslər yalnız tarixi şəxsiyyətin xatirəsinin yaşadılması deyil, eyni zamanda mədəni bağların gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir:
"Bundan başqa, Marneulidə Nizami Gəncəvinin abidəsinin olması onun irsinin ictimai-mədəni məkanda görünməsini təmin edir. Nizami Gəncəvi irsinin Marneuli və Gürcüstanın digər bölgələrində yaşadılması üç istiqamətdə xüsusi əhəmiyyətə malikdir: Azərbaycan mədəni irsinin qorunması, Gürcüstanda yaşayan azərbaycanlıların mədəni yaddaşının yaşadılması və Azərbaycan-Gürcüstan xalqları arasında dostluq və qarşılıqlı mədəni anlaşmanın möhkəmləndirilməsi. Bu baxımdan Nizami Gəncəvi irsi iki ölkə arasında mühüm mədəni körpü rolunu oynayır".
Nigar Xəlilli
19:30 14.08.2026
Oxunuş sayı: 49