"Arsenal" "cümə axşamı tilsimi"ni qırmağa çalışacaq...
İngiltərə Premyer Liqasının lideri “Arsenal” paytaxt derbisində növbəti çətin sınaqla üz-üzədir. Mikel Artetanın komandası Avropa kuboklarına iddialı olan “Brentford”un qonağı olacaq.
Son turlarda yüksəlişə keçən “Brentford” yanvarın sonunda yaşadığı iki məğlubiyyətdən sonra fevral ayında ardıcıl qələbələrlə toparlanıb. Xüsusilə son turda səfərdə “Nyukasl” üzərində 3:2 hesablı qələbə komandanın iddialarını daha da artırıb. “Arılar” bu mövsüm doğma meydanda keçirdikləri 12 oyunun cəmi ikisində uduzub və ev matçlarında liqanın ən stabil kollektivlərindən biri kimi diqqət çəkir. Bununla belə, London derbilərində son dövrlər uğursuzluq “Brentford” üçün narahatlıq yarada bilər. Komanda 2024-cü ilin avqustundan bəri evdə keçirilən paytaxt derbilərində qələbə qazana bilməyib.
“Arsenal” isə çempionluq yolunda inamla irəliləyir. Son turda “Sanderlend” üzərində 3:0 hesablı qələbə qazanan “Topçular” turnir cədvəlinin zirvəsində ən yaxın izləyicisindən 6 xal öndədir. Bununla belə, oyunun cümə axşamı keçirilməsi Artetanın komandası üçün psixoloji sual işarəsi yarada bilər. Statistikaya görə, “Arsenal” Premyer Liqada son üç cümə axşamı oyununda nə qalib gələ bilib, nə də qol vurub. Amma London derbilərində səfərdəki ümumi göstəricilər tam fərqli mənzərə yaradır – “Arsenal” son 20 səfər derbisində cəmi bir dəfə məğlub olub.
Komandalar arasında son illərin qarşılıqlı oyunlarında üstünlük “Arsenal”ın tərəfindədir. “Brentford” Premyer Liqadakı ilk qələbəsini məhz “Topçular”a qarşı qazansa da, sonrakı səkkiz oyunda qalib gələ bilməyib.
Oyunda diqqət mərkəzində olacaq futbolçular sırasında “Brentford”da ev matçlarında məhsuldarlığı ilə seçilən İqor Tiaqo və “Arsenal”ın hazırda ən formada hücumçularından biri olan Viktor Gyökeres yer alır. London klubunda Bukayo Saka və Martin Edeqorun iştirakı isə sual altındadır.
Hər iki komandanın son forması nəzərə alınarsa, bu qarşılaşmanın gərgin keçəcəyi gözlənilir.
Türkanə Muradlı
15:21 12.02.2026
Oxunuş sayı: 672