Yaxın Şərqdə "daş qayaya rast gəlib": Nə İran geri çəkilir, nə ABŞ
ABŞ-İran münasibətlərində gərginlik yenidən hərbi müstəviyə keçmək təhlükəsi ilə üz-üzədir. Donald Trampın həm danışıqların davam edəcəyini bildirməsi, həm də İrana sərt cavab vəd etməsi Vaşinqtonun ikili strategiyası ilə bağlı suallar yaradıb.

Politoloq İlqar Vəlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən proseslər hələlik yekun mərhələyə çatmayıb və gərginliyin yaxın vaxtlarda azalacağı gözlənilmir:
"Bu mövzu dərin təhlil tələb edən məsələdir. Hazırda proseslər davam edir və danışıqlarda yaranan hər fasilədən sonra gərginlik yenidən artır. Bunun səbəbləri uzun müddətdir dəyişməyib və münaqişəni yaradan amillər hələ də qüvvədə qalır".
Ekspert qeyd edib ki, ABŞ-in əsas məqsədi İrana təzyiq göstərərək onu öz şərtlərinə uyğun razılaşmaya sövq etməkdir:
"ABŞ həm xarici, həm də daxili siyasi hədəflərini nəzərə alaraq İrana təzyiqləri davam etdirməyə çalışacaq. Vaşinqtonun əsas məqsədi Tehranın öz şərtləri əsasında saziş imzalamasına nail olmaqdır".
İ.Vəlizadə vurğulayıb ki, İran isə mövcud təzyiqlərə baxmayaraq, geri çəkilmək niyyətində deyil:
"İran iqtisadi və hərbi təzyiqlərlə üzləşsə də, mübarizəni davam etdirmək potensialına malikdir. Ölkədə bu qarşıdurma ekzistensial məsələ kimi qiymətləndirilir və cəmiyyətin əhəmiyyətli hissəsi də bu yanaşmanı bölüşür".
Politoloq əlavə edib ki, yaxın aylarda münaqişənin yekun həllini gözləmək çətindir:
"Hazırkı vəziyyət göstərir ki, nə yaxın həftələrdə, nə də yaxın aylarda proseslərin tam həll olunacağı gözlənilmir. Paralel olaraq diplomatik danışıqlar, ABŞ və İsrailin addımları, İranın mövqeyi, eləcə də Hörmüz boğazı ətrafında baş verən hadisələr ümumi mənzərəyə təsir göstərən əsas amillər olaraq qalır".
Nigar Xəlilli
13:00 31.07.2026
Oxunuş sayı: 60