Qızıl sifariş edən şəxs kuryeri bıçaqladı - ANBAAN GÖRÜNTÜLƏR
Bakı şəhərinin Nərimanov rayonu ərazisində quldurluq faktı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata əsasən, naməlum şəxs sifariş etdiyi qızıl-zinət əşyalarını ünvana gətirən kuryerə bıçaqla xəsarət yetirib, daha sonra isə məhsulu ələ keçirərək hadisə yerindən qaçıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən edilərək istintaqa cəlb olunub.
Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. M.Maqsudovun törətdiyi quldurluq əməli müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam edir.
12:38 11.02.2026
Oxunuş sayı: 729