Old Traffordda təzyiq gecəsi- "Tottenhem" üçün çətin səfər
Premyer Liqanın bu turunda Old Trafford-da keçiriləcək “Mançester Yunayted” – “Tottenhem” oyunu təkcə üç xal deyil, həm də baş məşqçilərin taleyi baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə London klubunun baş məşqçisi Tomas Frank üçün bu qarşılaşma ciddi sınaq kimi dəyərləndirilir.
Maykl Kerrikin rəhbərliyi altında yüksəlişdə olan “Mançester Yunayted” son turda “Fulhem” üzərində 3:2 hesablı əzmkar qələbə qazanaraq Premyer Liqada məğlubiyyətsizlik seriyasını 7-ə çatdırıb. (4 qələbə, 3 heç-heçə). Komanda hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Tottenhem” üçün isə vəziyyət tam fərqlidir. Komanda ötən turda “Mançester Siti” ilə oyunda iki top geri düşsə də, 2:2 hesablı heç-heçə ilə xilas olub. Ancaq ilk hissədə nümayiş etdirilən zəif oyun Tomas Frank haqqında sualları daha da artırıb. London təmsilçisi Premyer Liqada artıq 6 oyundur qələbə qazana bilmir və turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Üstəlik, zədələr də "Spurs"un əsas problemlərindən biridir.
Statistika da “Tottenhem”in zəif tərəflərini açıq göstərir. Komanda mövsüm ərzində ilk hissələrdə çoxlu qol buraxan kollektivlər sırasındadır. Bununla belə, London klubu səfər matçlarında nisbətən daha uğurlu təsir bağışlayır. Mövsümdə qazandıqları qələbələrin böyük hissəsi məhz səfərdə olub.
Fərdi performanslara gəldikdə, “Mançester Yunayted”də Bruno Fernandeş ön plandadır. Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 12 məhsuldar ötürmə ilə komandasının əsas aparıcı fiquruna çevrilib. “Tottenhem”də isə hücum xəttində Dominik Solankenin forması diqqət çəkir. O, son oyunlarda stabil qolçu kimi çıxış edir və “Yunayted”ə qarşı da effektiv statistikaya malikdir.
Hazırkı forma, statistika və meydan amili nəzərə alındıqda, favorit kimi “Mançester Yunayted” göstərilir.
Türkanə Muradlı
15:47 07.02.2026
Oxunuş sayı: 582