Ənsarilər kimdir? — İstanbulun mənəvi sultanından Cənubi Azərbaycanın milli mübarizəsinədək uzanan tarixi yol
Həyatda baş verən hadisələr tarixin axarında elə cərəyan edir ki, onlar uzun müddət sonra araşdırma obyektinə çevrilir. Zaman keçdikcə bəzi anlayışlar yalnız dini və ya tarixi termin olmaqdan çıxaraq, siyasi, mədəni və ideoloji kimliyin daşıyıcısına çevrilir. Bu baxımdan Ansarilər anlayışı da sırf tarixi kateqoriya olmaqdan daha geniş məna kəsb edir. Bu gün mövzu Ansarilərdir.
Ansari sözü ərəb mənşəli sözdür və ilkin forması “Ənsar”, yəni kömək edən, himayə edən, dəstək verən deməkdir. “Ənsar” anlayışı öz mahiyyətinə görə fədakarlıq, qonaqpərvərlik və inanc uğrunda mübarizə simvoludur. Bu termin VII əsrdə, İslamın yaranması ilə konkret tarixi və dini məzmun qazanmışdır. Məhz Mədinə əhalisinin Məhəmməd peyğəmbəri və onunla birlikdə Məkkədən hicrət edən müsəlmanları himayə etməsi bu anlayışı İslam tarixinin mərkəzi anlayışlarından birinə çevirmişdir.
Ənsar nəsilinin ən parlaq və simvolik nümayəndəsi isə şübhəsiz ki, Əbu Eyyub əl-Ənsaridir. O, 622-ci ildə Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı Allahın Rəsulunu qarşılayan və onu öz evində qonaq edən şəxs olmuşdur. Bu hadisə təkcə şəxsi fədakarlıq nümunəsi deyil, eyni zamanda İslam tarixində siyasi və ictimai dönüş nöqtəsi hesab olunur. Məhz bu səbəbdən Əbu Eyyub əl-Ənsari İslam tarixində “Mehmandar-i Nəbi” adı ilə tanınmışdır.
Əbu Eyyub əl-Ənsari yalnız peyğəmbərin ev sahibi olmaqla kifayətlənməmiş, onun katibi kimi fəaliyyət göstərmiş, demək olar ki, bütün hərbi və siyasi yürüşlərdə Rəsulullahın yanında olmuşdur. O, Bədr, Uhud, Xəndək, Xeybər və Hüneyn döyüşlərində Məhəmməd peyğəmbərlə çiyin-çiyinə döyüşmüş, öz canını onun canına sipər etmişdir. Xəzrəc qəbiləsinin nüfuzlu rəhbərlərindən biri olan Əbu Eyyub əl-Ənsari Məkkənin fəthində də ön sırada yer almış, İslamın yayılmasında mühüm rol oynamışdır.
Peyğəmbərin vəfatından sonra da Əbu Eyyub əl-Ənsari İslam yolundan dönməmiş, ömrünün sonuna qədər bu inancın yayılması və qorunması üçün mübarizə aparmışdır. Yaşı doxsana yaxın olmasına baxmayaraq, 669-cu ildə ərəb xilafətinin Konstantinopol üzərinə təşkil etdiyi yürüşə qatılması bunun bariz nümunəsidir. Onu bu yürüşə aparan əsas motiv isə peyğəmbərdən eşitdiyi məşhur kəlam idi: “İstanbul mütləq fəth olunacaq. Onu fəth edən sərkərdə nə mübarək sərkərdədir, onu fəth edən əsgər nə gözəl əsgərdir.”
Bu yürüş hərbi baxımdan uğurla nəticələnməsə də, Əbu Eyyub əl-Ənsari bu amal uğrunda şəhadətə yüksəlmiş və İstanbul qala divarlarının önündə dəfn edilmişdir. Onun məzarı əsrlər boyu müsəlman dünyasında mənəvi ziyarətgah statusu qazanmışdır. Diqqətəlayiq məqamlardan biri də odur ki, Mədinədə peyğəmbəri qarşılayan Ənsar tayfası Qurani-Kərimdə də xüsusi şəkildə xatırlanmışdır. Həşr surəsinin 9-cu ayəsində Ənsarın fədakarlığı və möminlərə olan sevgisi açıq şəkildə ifadə olunur.
Təxminən yeddi əsr sonra Əbu Eyyub əl-Ənsari Osmanlı imperiyasının yüksəlişi ilə yenidən tarix səhnəsində mərkəzi fiqura çevrilir. 1453-cü ildə Fateh Sultan Mehmet İstanbulun fəthi zamanı bu səhabənin məzarının harada yerləşdiyini tapmaq üçün xüsusi göstəriş verir. Osmanlı qaynaqlarına görə, sultanın müəllimi və mənəvi rəhbəri olan Ağ Şəmsəddin mürakəbəyə çəkilərək məzarın yerini müəyyən edir. Məzar açıldıqda Fatehin səhabəni “Salam olsun ey İstanbulun mənəvi sultanı” sözləri ilə salamlaması Osmanlı ideologiyasında dini-mənəvi legitimliyin nə qədər önəmli olduğunu göstərir.
1458-ci ildə Əbu Eyyub əl-Ənsarinin adını daşıyan külliyənin inşa edilməsi isə Osmanlı dövlətçilik ənənəsində yeni mərhələnin başlanğıcı olur. Bu külliyə İstanbulun fəthindən sonra tikilən ilk Osmanlı memarlıq abidəsi olmaqla yanaşı, Osmanlı sultanlarının taxta çıxarkən qılınc qurşandıqları müqəddəs məkan statusunu qazanır. Qanuni Sultan Süleymanın, Yavuz Sultan Səlimin və digər Osmanlı hökmdarlarının bu məkanı ziyarət etməsi Əbu Eyyub əl-Ənsarinin Türk-İslam dünyası üçün simvolik əhəmiyyətini daha da gücləndirmişdir.
Osmanlı sultanları müxtəlif dövrlərdə bu türbəni yenidən inşa etdirmiş, bərpa etmiş və ona xüsusi ehtiram göstərmişlər. Sultan III Əhməd, Sultan III Səlim və Sultan II Mahmudun göstərişləri ilə aparılan yenidənqurma işləri Ənsari irsinin dövlət səviyyəsində qorunduğunu sübut edir.
Zamanla Əbu Eyyub əl-Ənsarinin soyundan gələnlər Anadoluda məskunlaşmış, türk əsilli bəy və xanımlarla ailə quraraq Türk-İslam kimliyinin daşıyıcılarına çevrilmişlər. XX əsrə gəldikdə isə Ənsarilər artıq təkcə dini-soy mənsubiyyəti ilə deyil, ictimai-siyasi fəaliyyətləri ilə də tarix səhnəsində görünməyə başlamışlar.
Bu mərhələdən etibarən Ənsarilərin etnik kimliyi məsələsi ayrıca diqqətə layiqdir. Tarixi-mənbəvi baxımdan Ənsar tayfaları ərəb mənşəli olsalar da, Anadoluya yerləşdikdən sonra onların kimliyi təkcə nəsil yox, mədəni-siyasi mənsubiyyət əsasında formalaşmışdır. Osmanlı dövləti çərçivəsində “türklük” etnik kateqoriyadan daha çox siyasi və mədəni kimlik kimi qəbul edildiyindən, Ənsarilər də bu kimliyin təbii daşıyıcısına çevrilmişlər. Türk dili, türk ailə strukturu, türk dövlətçilik ənənəsi və türk-islam düşüncə sistemi Ənsarilərin sosial varlığını müəyyən etmiş, onları faktiki olaraq türk etnik-mədəni məkanının ayrılmaz hissəsinə çevirmişdir. Bu baxımdan Ənsarilərin sonrakı tarixdə türk kimliyi ilə tanınması tarixi assimilasiya deyil, şüurlu mədəni inteqrasiya prosesi kimi dəyərləndirilməlidir.
Ənsarilərin bir qismi Cənubi Azərbaycana köç etmiş, burada yerli əhali ilə qaynayıb-qarışaraq siyasi və ictimai proseslərin fəal iştirakçısına çevrilmişdir.
Ənsarilərlə Azərbaycan arasındakı əlaqələr yalnız XX əsr siyasi hadisələri ilə məhdudlaşmır. Anadolu–Azərbaycan coğrafiyası arasında mövcud olan tarixi-mədəni körpü Ənsarilərin də bu məkan daxilində sərbəst hərəkətinə və kök salmasına şərait yaratmışdır. Cənubi Azərbaycanda məskunlaşan Ənsarilər türk dili, şiə-islam məzhəbi və yerli adət-ənənələrlə tam uyğunlaşaraq regional ictimai elitaya daxil olmuşlar. Onlar torpaq sahibliyi, yerli idarəçilik və ictimai nüfuz baxımından bölgənin aparıcı ailələri sırasında yer almış, milli şüurun formalaşmasında mühüm rol oynamışlar. Xüsusilə Məşrutə inqilabı və onun davamı kimi qiymətləndirilən 21 Azər hərəkatı zamanı Ənsarilər sülaləsinin nümayəndələri Seyyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli-demokratik hərəkatda fəal iştirak etmişlər. Bu hərəkat anti-imperialist və milli azadlıq xarakteri daşımaqla Azərbaycan tarixində mühüm mərhələ hesab olunur.
1945-ci ilin 12 dekabrında Azərbaycan Milli Hökumətinin yaradılması prosesində də Ənsarilər mühüm rol oynamış, demokratik islahatların həyata keçirilməsində yaxından iştirak etmişlər. Xüsusilə Ərdəbilin Uzu kəndinin bəyi olan Ənsar bu islahatların icrasında fəallığı ilə seçilmişdir.
1946-cı ilin dekabrında Pəhləvi rejiminin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Milli Hökumətinin süqutu, minlərlə azərbaycanlının qətli və deportasiyası ilə nəticələndi. Bu faciəli proses zamanı Ənsarilər də təqiblərə məruz qalmış, bir qismi Şimali Azərbaycana sığınmağa məcbur olmuşdur.
Beləliklə, Ənsarilər anlayışı yalnız VII əsr İslam tarixi ilə məhdudlaşmır. Bu anlayış əsrlər boyu dini fədakarlıqdan dövlətçilik ideologiyasına, milli azadlıq mübarizəsindən siyasi aktivliyə qədər uzanan çoxqatlı tarixi xətti ifadə edir. Ənsarilər həm İstanbulun mənəvi fəthinin, həm də Cənubi Azərbaycanın milli-demokratik mübarizəsinin simvolik iştirakçıları kimi Türk-İslam tarixində özünəməxsus yer tuturlar.

Turqut Ansari
11:34 04.02.2026
Oxunuş sayı: 748