Azərbaycanda transplantasiya əməliyyatlarının sayının artacağı gözləniləndir
Son illər Azərbaycanda ürək transplantasiyasının mümkün olması səhiyyə sahəsində mühüm hadisə kimi qiymətləndirilir. Uzun müddət bu cür ağır və həyati əhəmiyyət daşıyan cərrahi əməliyyatlar üçün vətəndaşlar xarici ölkələrə üz tutmalı olurdular. Hazırda isə bu əməliyyatların ölkə daxilində həyata keçirilməsi minlərlə xəstə üçün yeni ümid deməkdir. Ürək transplantasiyasının tətbiqi həm səhiyyə sisteminin inkişaf səviyyəsini göstərir, həm də ürək-damar xəstəlikləri ilə mübarizədə mühüm mərhələ hesab olunur. Bu yeniliyin gələcəkdə transplantasiya əməliyyatlarının sayına, tibbi risklərə və xəstələrin həyat keyfiyyətinə təsiri isə xüsusi maraq doğurur.

Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlama verib: "Təbii ki, bu cür transplantasiya əməliyyatlarının sayının artacağı gözləniləndir. Əvvəla, dünya əhalisinin sayının artması ilə yanaşı, müxtəlif xəstəliklərin yayılma miqyası da genişlənir. Xüsusilə ürək-damar xəstəlikləri hazırda qlobal miqyasda ölüm səbəbləri arasında birinci yerdədir və bu faktor transplantasiya ehtiyacının artmasına səbəb olur.Digər mühüm amillərdən biri ətraf mühitin çirklənməsidir. Tütün məmulatlarından və alkoqollu içkilərdən geniş istifadə ürək-damar xəstəliklərinin yaranmasının əsas səbəblərindən hesab olunur. Bununla yanaşı, stress faktorlarının yüksək olması da bu xəstəliklərin artmasına ciddi təsir göstərir. Son illər fast-food qidalardan həm gənclər, həm də uşaqlar arasında sürətlə artan istifadə piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək-damar xəstəliklərinin yaranmasında əsas risk faktorlarından biridir. Bütün bu səbəblər transplantasiya əməliyyatlarına ehtiyacın gələcəkdə daha da artacağını deməyə əsas verir".
O bildirib ki, əvvəllər bu cür transplantasiya əməliyyatları Azərbaycanda mümkün deyildi və xəstələr xarici ölkələrə üz tuturdular: "Hazırda isə ölkəmizdə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin sayı artmaqdadır. Eyni zamanda Milli Məclis tərəfindən transplantasiya ilə bağlı qəbul edilən müvafiq qərarlar bu sahənin inkişafına mühüm töhfə verir. Bütün bunlar göstərir ki, transplantasiya əməliyyatları ürək-damar xəstəlikləri ilə mübarizədə mühüm rol oynayır və insanların həyat müddətinin uzadılmasında əsas amillərdən biri hesab olunur".
Ayhan
10:25 03.02.2026
Oxunuş sayı: 747