ABŞ və İsrail Azərbaycan ərazisindən istifadə edəcək? - Azərbaycan və İran prezidentlərinin mühüm müzakirəsi
Azərbaycan Prezidenti İlham Əliyevin region ölkələrinin dövlət başçıları ilə apardığı mütəmadi və məqsədyönlü siyasi dialoq, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və qarşılıqlı əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Bu baxımdan, qonşu və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan hər bir addım regional sabitliyin və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Yanvarın 31-də baş tutmuş telefon danışığı da məhz bu strateji xəttin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla apardığı söhbət, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə təşəbbüslərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Liderlərin telefon danışığı və ikitərəfli münasibətlərin perspektivi barədə politoloq Elxan Şahinoğlu Crossmedia.az-a danışıb: "İndi əsas məsələ ikitərəfli əlaqələrin inkişafından daha çox İran ətrafında yaranmış gərginliyin azaldılmasıdır. Çünki bölgədə müharibə ehtimalı mövcuddur. ABŞ-nin İrana qarşı hərbi zərbə endirməsi riski istisna edilmir. Azərbaycan öz qonşuluğunda müharibə və gərginlik istəmir, hər hansı xarici müdaxilənin əleyhinədir. Prezident İlham Əliyev də bu mövqeni beynəlxalq tərəfdaşların diqqətinə dəfələrlə çatdırıb. Daha əvvəl də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu mövzuda iranlıı həmkarıAbbas Araqçi ilə telefon danışığı aparmışdı. Əlbəttə, Azərbaycan İranla əməkdaşlığın inkişafında maraqlıdır. Lakin reallıq ondan ibarətdir ki, İran ətrafında gərginlik davam etdikcə, bu ölkənin iqtisadi və digər sahələrdə qonşu dövlətlərlə əlaqələri genişləndirməsi ciddi risklər daşıyır".
Ekspertin fikrincə, telefon danışığının əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan bir daha İranda fəaliyyət göstərən bütün siyasi və ictimai dairələrin diqqətinə çatdırır: rəsmi Bakı müharibələrin əleyhinədir və bölgəyə xarici müdaxilə istəmir: "Təəssüf ki, İranda bəzi dairələr yenə də əsassız iddialar irəli sürürlər – guya ABŞ və İsrail Azərbaycan ərazisindən istifadə edə bilər. Azərbaycan bu iddiaları qəti şəkildə təkzib edir və bir daha belə ssenariyə heç vaxt razı olmadığını bildirib. Çünki bu, ölkəmizin milli təhlükəsizlik maraqlarına ziddir. Məhz bu telefon danışığının əsas məqsədlərindən biri də bu mövqenin İranda bütün aidiyyəti dairələrin diqqətinə çatdırılmasıdır".
Elmir Heydərli
11:14 03.02.2026
Oxunuş sayı: 456