Aktyor vicdanlı olmazsa, teatr inkişaf edə bilməz - AÇIQLAMA
Teatrlar cəmiyyətin güzgüsüdür. Bu güzgüdə insanın düşüncəsi, ağrısı, sevinci, tarixi və gələcəyi əks olunur. Teatr təkcə səhnə və aktyor oyunu deyil, o, insan mədəniyyətinin formalaşmasında mühüm rol oynayan canlı bir məktəbdir. Burada söz danışır, fikir böyüyür, insan özü ilə üz-üzə qalır.
Teatrlar ədəbiyyatımızın, klassik və müasir əsərlərimizin canlı nəfəs aldığı məkandır. Kitab səhifələrində qalan obrazlar səhnədə canlanaraq tamaşaçının düşüncəsinə toxunur, onun dünyagörüşünü genişləndirir. Bir tamaşa bəzən yüz kitabın deyə bilmədiyini deyir, insanı düşündürür, suallar verməyə vadar edir. Azərbaycanda teatrlar milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu səhnələrdə xalqın tarixi, mentaliteti, dəyərləri yaşadılır və gələcək nəsillərə ötürülür. Teatr milli kimliyin qorunmasında, dilimizin, ədəbiyyatımızın, estetik zövqümüzün inkişafında mühüm rol oynayır. Teatrın yaşaması mədəniyyətin yaşaması, mədəniyyətin yaşaması isə cəmiyyətin sağlam inkişafı deməkdir. Bu gün teatr yalnız sənət ocağı deyil, həm də sosial mesajların ötürüldüyü, problemlərin açıq şəkildə müzakirə edildiyi bir platformadır. Tamaşalar vasitəsilə insan münasibətləri, ailə dəyərləri, cəmiyyətin ağrıyan nöqtələri səhnəyə daşınır. Teatr insanı laqeydlikdən ayırır, ona empati hissi qazandırır, düşünməyə məcbur edir.
Teatra gedən insan sadəcə tamaşa izləmir, o, mədəni bir təcrübə yaşayır. Bu təcrübə insanın daxili dünyasını zənginləşdirir, estetik baxışını formalaşdırır. Elə buna görə də teatrlar cəmiyyət üçün təkcə mədəniyyət ocağı deyil, həm də mənəvi tərbiyə məkanıdır.
Bir cəmiyyətin teatrı nə qədər güclüdürsə, o cəmiyyətin mədəni səviyyəsi də bir o qədər yüksəkdir. Teatrlar yaşayan mədəniyyətdir, danışan tarixdir, düşünən insandır. Onları qorumaq, yaşatmaq və inkişaf etdirmək isə cəmiyyətin öz gələcəyinə verdiyi dəyərin göstəricisidir.
Qeyd edək ki, bəzən insan içində yığılan ağrını sözlə yox, səhnə ilə danışır. Teatr bu mənada bir etiraf məkanıdır. Səhnəyə çıxan aktyorun qışqırığı, hayqırtısı, sükutu və göz yaşları təkcə rolun tələbi deyil, çox vaxt insanın içində gizlədiyi duyğuların səslənməsidir. Teatr insanın deyə bilmədiyini demək, boğa-boğa saxladığını səhnədə azad buraxmaq fürsətidir.
Elə insanlar var ki, içindəki acını gündəlik həyatda ifadə edə bilmir. Cəmiyyətin qoyduğu çərçivələr, qorxular və susqunluq onların səsini boğur. Amma səhnə bütün bu maneələri aradan qaldırır. Orada qışqırmaq ayıb deyil, ağlamaq zəiflik sayılmır, hisslər gizlədilmir. Teatr bu baxımdan psixoloji boşalma, daxili təmizlənmə rolunu oynayır.
Aktyorun səhnədə yaşadığı hər duyğu tamaşaçıya da sirayət edir. Tamaşaçı öz dərdini aktyorun səsində tapır, öz ağrısını səhnədə görür. Bəzən bir tamaşa insanın illərlə içində saxladığı yükü yüngülləşdirir. Bu səbəbdən teatr təkcə sənət deyil, həm də insan ruhunun sığınağıdır. Məhz buna görə teatrlar qışqıran səslərin yox, dinlənilən ağrıların məkanıdır. Burada acı gizlədilmir, estetik formaya salınaraq cəmiyyətə təqdim olunur. Və insan səhnədə özünü tapır- bəzən aktyor kimi, bəzən tamaşaçı kimi.
Crossmedia.az-a açıqlama verən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Sənan Kazımov Azərbaycan teatrının bugünkü vəziyyəti və inkişaf prosesi barədə danışıb:
"Azərbaycan teatrı hazırda inkişaf prossesi və yolundadır. Belə ki, bu yolda bir çox yüksək nailiyyətlər olub. Həm paytaxt teatrlarında, həm bölgə teatrlarında insanların bəyənəcəyi tamaşalar olur. İnsanlar əvvəlki illərə nisbətdə daha çox teatrlara gəlməyə çalışırlar. Tamaşa zalında oturmuş tamaşaçıların enerjilərindən, üzlərində yaranan mimikadan bir aktyor kimi hiss edirəm ki, yenidən insanlarda teatr sevgisi yaranmağa başlayır. Bu çox gözəl bir qazancdır. Gənc tamaşaçılar teatrında keçən mövsüm “Şah Abbas Namə” tamaşası quruldu. Bu tamaşa İlqar Fəhminin əsəri əsasındadır. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov idi".
Aktyor, həmçinin, hazırda teatr səhnələrində qurulan tamaşaların üslub baxımından fərqlilik mövzusuna da toxunub:
"Hazırda Azərbaycan teatrında fərqli üslubda bir qədər çox tamaşa qurulur. Məsələn, ötən gün premyerası olan tamaşa – “Neft bumu hamıya gülümsəyir” – çox gözəl və fərqli quruluşda olan bir tamaşadır. Bölgə teatrlarından başlıca olaraq Gəncə və Şəki teatrını deyə bilərəm ki, bu teatrlarda çox böyük inkişaf var, bir-birindən gözəl yeni tamaşalar qurulur".
S.Kazımov teatrın inkişaf prosesində aktyorun şəxsi məsuliyyəti və rolu barədə bildirib ki, aktyor ilk növbədə vicdanlı olmalıdır:
"Yəni öz işinə vicdanla yanaşmalıdır. Aktyor işinə vicdanla yanaşırsa, demək olar ki, işin 80%-i həll olunmuşdur. Çünki aktyor öz roluna məsuliyyətsiz yanaşdıqda, öz obrazını düzgün mənimsəmirsə, rolunu araşdırmırsa, əsər haqqında ümumiyyətlə məlumatı yoxdursa, əsərdə ancaq öz rolunun tekstinə baxırsa, əsərin qalanını kənara qoyursa bu doğru hal deyil. Əgər biz inkişaf istəyiriksə, hər kəs ilk növbədə özündən başlamalıdır. Mən – Sənan – ilk növbədə özümü düzəltməliyəm ki, daha sonra çalışdığım teatrı yüksəyə qaldırmağa çalışım. Birinci özümdən başlamasam teatrın inkişafı mümkün deyildir. Bu təkcə aktyora aid deyil, rejissordan tutmuş dramaturqlara, müəlliflərə, hətta ən xırda işçiyə qədər aiddir. Biz inkişaf istəyiriksə, birinci özümüzü düzəltməliyik. Qeyd edim ki, hazırda Azərbaycan teatrında inkişaf yüksəkdir. Belə ki, bir-birindən yüksək tamaşalar səhnəyə qoyulur. Bizim aktyorlar hər zaman fərqli-fərqli üslublu tamaşalarda oynayıblar və buna davam etməyə də qadirdilər. Hazırda da fərqli üslublu tamaşalar daha çoxdur. Biz fərqli tamaşalarda oynamağa hazırıq".
Fatimə Məmmədova
10:11 03.02.2026
Oxunuş sayı: 562