Güney Azərbaycan Strateji Araşdırmalar Mərkəzi fəaliyyətə başlayıb
“Güney Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” (SACSS) məlumat əsaslı analizlər hazırlamaq, siyasi ssenarilər işləmək və Güney Azərbaycanın ictimai diplomatiyasını gücləndirmək məqsədilə rəsmi şəkildə fəaliyyətə başlayıb. Müstəqil bir qurum kimi fəaliyyət göstərən mərkəz bu sahədə əsas araşdırma və siyasət istehsalı üçün etibarlı bir istinad nöqtəsi olmağı hədəfləyir.
Müstəqil düşüncə mərkəzi (think-tank) xarakteri daşıyan SACSS, Güney Azərbaycandakı prosesləri izləmək, təhlil etmək və strateji bilik istehsal etmək məqsədilə fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, mərkəz ideoloji yanaşmalardan uzaq, analitik və məlumat yönümlü üsulla Güney Azərbaycanın siyasi, ictimai, iqtisadi, mədəni və media sahələrindəki vəziyyətinə dair etibarlı və əhatəli mənzərə təqdim etməyi qarşısına məqsəd qoyur.
Mərkəzin tanıtım bəyannaməsinə görə, SACSS güney azərbaycanlı alimlər və tədqiqatçılar tərəfindən qurulub və heç bir dövlətə, siyasi partiyaya və ya güc mərkəzinə institusional və ya siyasi baxımdan bağlı deyil. Bu düşüncə mərkəzinin əsas məqsədi beynəlxalq siyasət qurucuları, tədqiqat institutları, media qurumları və insan haqları təşkilatları üçün etibarlı analitik istinad nöqtəsinə çevrilməkdir.
Mərkəz öz missiyası çərçivəsində Güney Azərbaycan türk xalqının hüquqlarına əsaslanan milli diskursun inkişaf etdirilməsi və gücləndirilməsini əsas vəzifə hesab edir; araşdırma, təlim və strateji istehsal yolu ilə bölgə daxilində və xaricində fəaliyyət göstərən siyasi, ictimai və mədəni aktorlara dəstək verməyi hədəfləyir.
SACSS strateji və təhlükəsizlik araşdırmaları, kimlik və mədəniyyət çalışmaları, milli hərəkatların tarixi və sənədləri, media və ictimai rəy analizi, həmçinin beynəlxalq münasibətlər və ictimai diplomatiya sahələrində geniş fəaliyyət spektri qurmağı planlaşdırır. Bu missiyanın mühüm bir hissəsini isə Türkiyə və Azərbaycandakı araşdırma mərkəzləri və beynəlxalq düşüncə qurumları ilə birgə layihələr hazırlamaq təşkil edir.
Mərkəzin fəaliyyətə başlaması bölgədəki proseslərin sürətlə dəyişdiyi, İrandakı struktur böhranların və kimlik əsaslı gərginliklərin artdığı bir dövrə təsadüf edir və Güney Azərbaycanla bağlı müstəqil, ixtisaslaşmış analizlərə olan ehtiyacı daha da görünən edir. SACSS media qurumları, siyasət istehsalçıları və beynəlxalq təşkilatlar üçün bu məlumat və analiz boşluğunu doldurmağı qarşısına məqsəd qoyur.
17:46 02.02.2026
Oxunuş sayı: 352