ƏLAMÜT ŞEYXİNİN SİRLİ DÜNYASI - Nizamülmülkün ədavəti (II YAZI)
Səlcuq sultanının vəziri, məşhur «Siyasətnamə» əsərinin müəllifi Nizamülmülkün himayəsi Həsənin qarşısında saray qapılarını taybatay açmaqla yanaşı, ona yüksək bir vəzifə, nazir vəzifəsi də qismət etdi. Çox keçmədi ki, Həsən vəzirə öz minnətdarlığını bildirdi, lakin başa düşdüyü, özünə məxsus tərzdə. Nizamülmülk yazır: «Mən israrla sultana onu məsləhət gördüm və nəhayət, onun divanxanasında nazir işləməsinə nail oldum. Lakin atası kimi özü də yalançı və əclaf çıxdı. O, o qədər riyakar və ikiüzlüdür ki, sanki Allahı tanımır, baxmayaraq ki, dindardır. Tezliklə o, hətta Sultanı belə özünə tam tabe edə bildi».
Həsənin sarayda sürətlə irəliləməsinin qarşısını yalnız bir nəfər kəsirdi. O həmin adam idi ki, Həsən ona hər şeyini borclu idi – saraya gəlməsindən tutmuş, tutduğu nazir vəzifəsinədək. Həmin şəxs vəzir Nizamülmülk idi. «Minnətdarlıq» hissi Həsənə çox ağırlıq edirdi və o, uzun müddət bu ağır yükü öz çiyinləri üzərində gəzdirə bilməzdi. Bir müddət keçdikdən sonra Həsən Sabbah Nizamülmülkün rəqibləri vasitəsi ilə Sultan Alp Arslanın qulağına çatdırır ki, ölkənin maliyyə-vergi vəziyyəti yaxşı deyil. Mənimsəmə, yeyinti var, xəzinədə böyük çatışmazlıq əmələ gəlib və s. Hər halda yoxlama və hesaba böyük ehtiyac var. Bu işlərin hamısı isə Nizamülmülkün ixtiyarında idi. Alp Arslan, nəhayət, Nizamülmülkü çağırtdırıb vilayətlər üzrə bütün ölkə haqqında kamil və hərtərəfli hesabat hazırlamasını və şəxsən ona təqdim etməsini tapşırır. Nizamülmülk saraya toplanmış əlaqədar adamların yanında deyir ki, belə mühüm və məsuliyyətli iş üçün xeyli müddət tələb olunur.
Nizamülmülk şübhəsiz ki, vəziyyətin necə olduğunu hamıdan yaxşı bilir, Sultanın gözlənilmədən belə hesabat istəməsini yaxşı niyyətlə olmadığını da gözəl duyurdu. Vaxt nə qədər çox olsa, o qədər əlverişli idi. Alp Arslan nə qədər vaxt lazım olduğunu soruşur. Vəzir altı ay möhlət istəyir. Məclisdə iştirak edən Həsən Sabbah yerindən duraraq baş əyir, bu iş ona həvalə edilərsə, hesabatı iki həftə ərzində hazırlaya biləcəyini söyləyir. Bu təklif Nizamülmülkü sarsıdır. Sultan həsənlə razılaşır və bir müddət kəskin baxışlarla öz vəzirini süzür. Hələ uzun müddət Nizamülmülk bu baxışları öz yaddaşından silə bilmir. Hamı başa düşürdü ki, Həsən öz hesabatını Sultana təqdim etdikdən sonra, vəzirin günlərinə az qalacaq. Və hamı Nizamülmülkdən sonra kimin vəzir olacağını da bilirdi. Vəzirin özü isə bu həqiqətləri hamıdan daha aydın başa düşürdü. Təyin edilmiş gün əyanlar hamılıqla Sultanın sarayında toplandılar. Həsən taxtın qarşısında duraraq əlindəki perqament vərəqləri çevirir, başlamaq üçün Sultanın işarəsini gözləyirdi. Bu zaman Nizamülmülklə Həsən Sabbah
arasında maraqlı bir dialoq yaşanır.
- Hesabatın necə də gözəl yazılıb. – Nizamülmülk yerindən söz atdı – mən elə bir xəttat tanımıram ki, bu cür kamil bir iş yaratsın. Saraya uğultu düşdü. Ola bilməz ki, məğrur vəzir məğlubiyyətini görüb, bu qoca vaxtı mənliyini alçaltsın, yaltaqlıq etsin.
- Bu hesabatı mən özüm yazmışam – Həsən bu sözləri laqeyd bir tərzdə söylədi. Sanki hamıya yaltaqlığa biganə olduğunu nümayiş etdirmək istəyirdi.
- Ola bilməz – vəzir Nizam yenidən sözə başladı – Bu yazılarda əsl sənətkar əli hiss olunur.
- Allaha and olsun ki, ilk sətirdən son hərfinədək burada yazılanların hamısı mənim qələmimdən çıxıb – Həsən etiraz etdi. Və tələ qapandı. Lakin həmin zaman heç kim bunu hiss etmədi.
Sultan başı ilə Həsənə başlamaq işarəsi verdi. Saray əyanları səssiz durub, əs-Sabbahın hesabatını dinləməyə başladılar. Hesabat böyük ustalıqla hazırlanmışdı, bunu hamı başa düşürdü. Lakin Həsən ikinci səhifəyə keçdikdə qeyri-adi bir cümlə oxudu:
- ... Beləliklə, alimənsəbin xəzinəsinə il ərzində şimal əyalətlərindən on beş qurbağa ayağı daxil olub...
Həsən bir anlıq oxuduğu cümlənin fərqinə varıb duruxdu:
- ... on beş... – o, bir anlıq susaraq, dəhşət içində əlində tutduğu vərəqə baxdı – bu səhvdir, məni bağışlayın böyük sultan, mən istəmədən belə olub – deyə bildi.
Sultan narazı qalmışdı, bununla belə, davam etməsi üçün Həsənə razılığını verdi.
- Bundan isə belə nəticə hasil olur ki, - Həsən səsinə bir qədər qətiyyət və üstünlük çalarları əlavə etsə də, yenidən özünü itirdi – hasil olur ki...
O, artıq özünü tamamilə itirmişdi. Rəngi ağarmış, əlində tutduğu vərəqələri isə yerə salmışdı. Həsənə hamıdan yaxın yerdə oturan vəzir Nizam, sanki hesabatın ardını oxumaq istəyirmiş kimi yerindən qalxaraq vərəqləri götürdü.
- Bundan isə belə nəticə hasil olur ki, - Nizam da Həsənin sözlərini təkrar etdikdən sonra duruxdu. – Böyük sultan, mən burada yazılmış sözləri sizin hüzurunuzda oxuya bilmərəm.
Hesabat bir neçə dəqiqədən sonra əldən-ələ gəzirdi. Orada nə yazıldığı ilə maraqlanan saray əyanları vərəqləri biri-birilərinə ötürürdülər. Əgər Həsən sultanın sevimlisi olmasaydı, elə saraydaca öz başı ilə xüdahafizləşmək məcburiyyətində qalardı. Hələ bir saat əvvəl sultanın Həsəni saray əyanlarına tərifləməsi onun həyatını qurtardı. Lakin yaşamaq hüququ, onda qalan yeganə ixtiyar idi. Əmlakından tutmuş bütün imtiyazlaradək hər şeydən məhrum olmuş Həsən, saraydan birbaşa sürgünə göndərildi. Hələ də Nizamülmülkün öz adamları vasitəsi ilə hesabatın vərəqlərini necə dəyişdirməsi və Həsənin xəttini ustalıqla təkrarlaması məlum deyil. Əslində, heç bu o qədər vacib də deyil. Vacib olan budur ki, həmin gün qoca vəzir bir zamanlar öz himayəsində saxladığı, lakin sonralar rəqibə çevrilmiş düşməni qarşısında qələbə çalmışdı. Həmin gün sultan Nizama xüsusi diqqət göstərdi. Lakin vəzir və onun hökmdarına gələcək əyan olsaydı, onlar şadlanmaqdan daha çox ağlamağa və fəryad etməyə üstünlük vermiş olardılar. Məhz taleyin bu acı oyunu onların hər iksinin ölüm hökmünü kəsmiş oldu. Məhz sarayda baş vermiş bu intriqa tarixə «dağlar qocası» ləqəbli Əlamüt şeyxini bəxş etdi və Avropanın «Əssasiyunlar» adlandıracağı ölüm təşkilatının bünövrəsini qoydu. Bir müddət keçəcək, Həsən səlcuq sultanından və vəzirindən öz intiqamını alacaq.
Abbasqulu ağa Bakıxanov özünün «Gülüstani-İrəm» əsərində yazır: «Axırda Məlikşahın baş hərəmi Türkan xatun cürbəcür böhtanlarla Nizamülmülkü sultanın gözündən saldı. Nizamülmülk işdən kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən Səbbahın fədailəri
tərəfindən öldürüldü».
Türkan xatun oğlunu vəliəhd etmək üçün bütün tədbirlərə əl atır, əri Məlikşahla açıq üz - üzə gəlməsə də, arxada xəlifə ilə sazişə girə bilir. Bunu eşidən Məlikşah qəzəblənir, Bağdada yürüş edərək, xəlifənin oranı tərk etməsini tələb edir. Tarixi mənbələrin verdiyi məlumata görə, 1090-cı illərdə Qəzvin yaxınlığında Əlamüt qalasının bir tərəfdən Səlcuq dövlətinə, digər tərəfdən isə ərəb xilafətinə meydan oxuması, vəziyyəti xeyli gərginləşdirirdi. Nizamülmülk Məlikşahı təhrik edir, Həsən Sabbah fitnəsinə son qoymaq üçün qəti tədbir görməsini tələb edirdi. Fədailərin elə həmin il (1090-cı il) Savə müəzzinini öldürmələrinə etiraz olaraq Məlikşah, Əlamüt qalasında oturan Həsən əs-Sabbaha məktub yazır: «Sən özündən yeni din icad edibsən, avam dağlıları yoldan çıxarıb Abbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarışıqlıq salırsan. Təriqətdən əl çək, əsl İslam yoluna qayıt. Əks halda qalanı yerlə-yeksan edib, sakinlərini qılıncdan keçirərəm». Həsən əs-Sabbah cavab məktubunda yazır ki, o, yeni din icad etməyib və əsl müsəlmandır: «Xəlifəyə gəldikdə isə, Abbasiləri devirmək, onları Bağdaddan qovmaq lazımdır. Çünki onlar xəlifəliyi zəbt etmişlər. Həqiqi Xəlifələr Fatimilərdir (IV xəlifə Həzrəti Əli ilə peyğəmbərin (ə.s.) qızı Həzrəti Fatimənin izdivacından törənən nəslə verilmiş ad). Ölkədə olan qarışıqlıq, adamların öldürülməsi isə camaatın narazılığı üzündəndir. Onun da səbəbkarı vəzir Nizamülmülkdür. Bunların hər iksini aradan qaldır. Onda hər şey öz qaydasında olar. Əks halda bir başqası çıxıb bu vəzifəni yerinə yetirə bilər».
Cavab ağır, söz kəskin, məzmun qorxulu idi. Həsən Sabbah güclü rəqib olmaqla yanaşı, geniş xalq kütləsi arasında nüfuz da qazana bilmişdi. Bu sahədə dərviş geyimli təşviqatçıları az iş görməmişdilər. Məlikşah Həsənlə bağlı «başağrını» kökündən kəsmək qərarına gəlir. 1092-ci ildə Əmir Aslan Takşı böyük bir ordu ilə Əlamütə göndərir. Lakin ordu məğlub olur...
1092-ci ildə Səlcuq İmperiyasının tərkibində yerləşən Savə şəhərində ismaili tərəfdarları olan bir qrup ələ veriləcəklərindən ehtiyat edərək yerli müəzzini qətlə yetirirlər. Səlcuk sultanının vəziri Nizam əl-Mülk isə, qatilləri tapdıraraq əmrlə əzablı bir şəkildə qətlə yetirir.
Həsən əs-Sabbah, məhz bundan sonra öz köhnə dostunun qətlinə dair fətva verir. Deyilənə görə, o, qalanın başına çıxaraq tərəfdarlarına səslənir ki, “Bu iblisin qətl edən kəsin qarşısında, cənnət qapıları sualsız açılacaq”. Və Sabbah aşağı enənədək, tərəfdarlardan bir qrup könüllü fədai fətvanı yerinə yetirmək üçün hazır vəziyyətdə dayanır. Onlara rəhbərliyi isə Əbu Tahir Arrani adlı bir fədai edir. O, dağlar qocasının qarşısında diz çökərək, əmri nəyin bahasına olursa olsun yerinə yetirəcəyinə söz verir. Və sözünün üstündə durur...
Nizamülmülkün qətli barədə mənbələrdə bəzi xırda ixtilaflar olsa da, əsasən hadisə eyni şəkildə təsvir edilir. Hicri-qəməri təqvimi ilə 485-ci ildə (1092-ci il) Məlikşah İsfahandan Bağdada gedərkən yolda, bəzilərinin yazdığına görə Bricirid («Tərcümeyi-hali-vəzir»), bəzilərinə görə isə Nəhavənd (Şəmsəddin Sami. Qausül-Əlam. IV cild) yaxınlığında dərviş paltarında bir adam sultana yanaşaraq məktub vermək istəyir. Vəzir məktubu aldığı zaman dərviş pıçaqla onu vurur. Bəzi mənbələr qatilin adını yazmasa da, bir çoxları bunun Həsən əs-Sabbahın fədaisi Əbu Tahir olduğunu söyləyirlər. Bir ay sonra Məlikşah Türkan Xatunun fitvası ilə Həsən əs-Sabbahın başqa bir müridi tərəfindən zəhərlənir. Həmin mürid sultanın yanında nökər işləyirdi...
Ardı var...
08:48 04.12.2024
Oxunuş sayı: 36254